Azərbaycan futbolunun tanınmış simalarından olan, İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov müsahibə verib.
Presssport.az həmin müsahibəni təqdim edir.
- AFFA rəsmi saytı vasitəsilə İcraiyyə Komitəsinin namizəd üzvlərinin adlarını təqdim edib ki, siyahıda Kazbek Tuayevlə sizin adınız yoxdur. Bu, sizin üçün nə dərəcədə gözlənilməz oldu?
- Gözləmirdim ki, məni oradan uzaqlaşdırarlar. İkincisi, kim gəlirsə gəlsin, əsas odur Azərbaycan futbolunun inkişafına dəstək versin. Hər birinə uğurlar arzulayıram.
- İctimaiyyəti maraqlandıran suallardan biri Azərbaycan millisinin hansı səbəbdən əcnəbi mütəxəssislərə tapşırılması ilə bağlıdır. Siz də legioner məşqçi istəyənlərdən idiz?
- İndiyə qədər heç vaxt danışmamışdım, indi deyəcəyəm. Hələ 2004-cü ildə ilk dəfə komitəyə üzv seçiləndə, bu məsələni mən qaldırmışdım. O vaxt AFFA köhnə binadaydı, prezident də rəhmətlik Ramiz Mirzəyev idi. Mirzəyevə sual vermişdim ki, baş məşqçi kim olacaq? Demişdi ki, sənin nəyinə lazımdır? Mən də cavabında lazım olduğunu bildirmişdim.
- Aha. Sonra?
- Bu söhbətdən sonra Elşad Nəsirovla getmişdik Gürcüstana. Nəsirov Çivadze ilə əlaqə saxlayıb məsləhət alanda, dedim, bizim özümüzdə çivadzelər var da. Rəhmətlik Ələkbər Məmmədovla Kazbek Tuayevin və öz adımı çəkmişdim. Bildirdim ki, biz sözümüzü demiş futbolçular olmuşuq, qərar qəbul edəndə, nəsə etmək istəyəndə bizimlə də məsləhətləşin. O vaxt Karlos Alberto Torresi gətirmək istəyirdilər və mən buna qarşı idim. Səbəbini ölkəmizdə şəraitin, infrastrukturun olmaması ilə əlaqələndirmişdim. Şərait yoxdursa, əcnəbi məşqçi nəyimizə lazımdır?
- Yekunda braziliyalı mütəxəssis gətirildi.
- Bəli. Ramiz Mirzəyev mənə dedi ki, Azərbaycanda ən yaxşı təşkilatlardan biri neft şirkətidir, ona görə də futbolu bizə tapşırıblar. Sonra da Fuad Musayevi qınadı ki, futbolçulara pul vermirdi deyə oynamırlar. Dedim, futbolçu olmuşam, bizə də o vaxt “Dinamo Kiyev”i udmaq üçün pul verirdilər, amma uda bilmirdik, pul da qalırdı masanın üstündə. Böyük pulların verilməsinin əleyhinəydim.
- Milli üzvlərinə paylanan bəöyük pulları nəzərdə tutursunuz da.
- Təbii ki. Faktla danışırdım və deyirdim ki, futbolçu öncə qalib gəlməyi bacarmalıdır. Sonra mükafat barədə düşünmək olar. Özbəkistan və Qazaxıstanla yoldaşlıq görüşlərində millimiz qələbə qazanmışdı. Bu nəticələrdən sonra “Yaxt Klub”da İcraiyyə Komitəsinin iclası təşkil olunmuşdu. Başladılar mənə gülməyə ki, gördün, iki oyun oynayıb ikisini də udduq. Dedim, bunlar yoldaşlıq görüşləridir, seçmə mərhələdə görəcəyik. İclasda mən bunların cavabını verdim, aramızda qarşıdurma yaşandı. Polşaya uduzandan sonra Torresi göndərmək üçün İK-nın iclasında bilirsiniz nə oldu?
- Nə?
- Torresə dedim, siz dünya çempionu olmuş komandanın kapitan sarğısını daşımısınız. Qarşınızda baş əyirəm. Ramiz müəllimdən soruşdu ki, bu kimdir? Rəhbətlik də tanınmış keçmiş futbolçu olduğumu bildirdi. Sual verdim, siz bura gələnə qədər Azərbaycan futbolundan xəbərdar idiz? Dedi, yox. Dedim, bəs, nə əcəb gəlmişdiniz? Dedi, öz adımla Azərbaycan futbolunun çəkisini qaldırmaq üçün. Bildirdim ki, sizə qədər bizdə Anatoli Banişevski, Ələkbər Məmmədov kimi dahi futbolçular olub, onlar Azərbaycanı lazımınca tanıdıb. AFFA-dakılar həmin vaxt mənim yox, Torresin tərəfini tutmuşdu.
- Ramiz Mirzəyevin dönəmini kənara qoyaq. Son 16 ildə nələr yaşandı?
- Həmin vəziyyət davam etdi. Rövnəq Abdullayevə böyük hörmətim var, Azərbaycan futbolunda xidmətləri olub. Stadionlar tikib, onu-bunu edib. Ancaq ətrafı zəif idi. İlk gündən ona dedim ki, sizin yanınızda bir futbolçu olmalıdır. Dedi, sən get bölgə futboluna nəzarət et, hər cür şərait yaradacağam, işləyərsən.
- Ətrafı deyəndə kimi nəzərdə tutursunuz? Çevrəsindəkilərin arasında ona ən yaxın Elxan Məmmədov idi.
- Elşad Nəsirov. Məşqçi gətirəndə bizdən soruşmurdular, gətirib deyirdilər bunu təyin etmək lazımdır. Çıxardanda da deyirdilər, çıxardaq (sportinfo.az).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC