"Hakimlər haqda danışmaqdan yoruldum, amma onlar dəlləkliyi üzərimizdə öyrənməkdən yorulmadı" - Bağırov

"Oyun barədə çox danışmaq istəmirəm. Çünki əsəbiyəm. Hakimlər sağ olsun".

Presssport.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov Premyer Liqanın 28-ci turunun "Sumqayıt"la görüşündən sonrakı mətbuat konfransında deyib.

O, ardından jurnalistlərin suallarını cavablandırıb.

- Penalti epizoduna fasilədə baxdınız? Hər zaman sakit görməyə alışdığımız Azər Bağırov bu dəfə özünü cilovlaya bilmədi...

Hakimlər haqda danışmaqdan yoruldum, amma onlar dəlləkliyi üzərimizdə öyrənməkdən yorulmadı. Penaltidən savayı Miço Kuzmanoviçin də bir epizodu oldu. Ağzı qanayırdı. Qardaş, ya hakimlik etmə, ya da işimizi bilək də. Futbolçunun ağzından qan gəlir, özü-özünü etmədi axı….Belə şeyləri başa düşmürəm. Görmürsənsə, hakimlik etməməlisən. Lakin o epizodları görməyə məcbursan. Bu cür hakimlik haqda necə danışmayasan? Cavan uşaqlarla oynayırıq, yeni yaradılmış komandayıq. Azdan-çoxdan qaçırıq, futbol oynamaq istəyirik. Çox danışanda da, deyirlər ki, öz günahını hakimlərin üzərinə atırsan. Əsla! "Qəbələ" ilə görüşdə Elçin Məsiyev futbolçumuza qırmızı vərəqə göstərdi, sağ olsun. 40 dəqiqə 10 nəfərlə oynadıq. Bir kəlmə də demədim, çünki haqlı idi. Uduzsaydıq da, hakimlikdən heç nə danışa bilməzdik. Çünki futbolçum səhv edib. Üç nəfərlə üç nəfərə qarşı hücuma çıxırıq, hakim oyunu saxlayır. Niyə saxlayırsan? Barış Şimşek də gəlib öyrədir, danışır futboldan. Sağ olsunlar. 

- Miço Kuzmanoviçi mövsümün əvvəli ilə müqayisədə indi o qədər effektiv görünmür. Problem nədir\? Liderliyi üzərinə götürə bilmir...

Əslində, Miço lider deyildi. Sadəcə, komandaya yeniq qoşulmuşdu, üstün cəhətləri var. 5-6 turdan sonra rəqiblər də bizi analiz edir, Miçonun üstünlüklərini görürlər. Futbolçu öz üzərində işləyib, daha da artırmalıdı. "Qəbələ" ilə oyunda 2 səhvlə yadda qaldı. Belə baxanda, bu gün onu oynatmamalıydıq. Lakin bir futbolçuya ürək-dirək verməkdən ötrü onu meydana buraxdıq. Deyim ki, özünü doğrutlmadı, xeyr. Sadəcə, istəyimizi qarşılamadı. 

- Belə söhbətlər var ki, klublar "Araz-Naxçıvan"ı yüksək qiymətləndirmirdi deyə, yuxarı pillələrdə qərarlaşmışdınız. Daha sonra ciddiyə aldılar və komanda öz yerini tutdu. Bu fikirlərlə razısınız?

  • Əsla belə fikirləşmirəm. Sadəcə, qışdan bu yana güclənə bilmədik. Gətirdiklərimiz də, cavan, yerlilər oldu. Hücum xəttinə rəngarənglik qatmaq istəyirdik, edə bilmədik. "Neftçi", "Səbail", "Turan Tovuz"a qarşı yaxşı oyunlarımız olub. Eniş yoxdu. Sadəcə, sanki xof yaranıb ki, "Araz-Naxçıvan"ı yuxarıda görmək istəmirlər. "Turan Tovuz"la görüşdə bizə 2-ci qolu cərimə zərbəsindən sonra vurdular. Hamı danışdı, amma heç kimin cəzalandırıldığını görmədik. Rəşad Əhmədov sabah meydanda olacaq. Amma futbolçuların əziyyətini kölgədə saxlayırlar. Komandamızda eniş yoxdu. Ola bilər, elə oyunlar var lo, gözləntilərə cavab vermirik. Bu, mənim üçün normaldı. Bu gün bizdəki yerli futbolçuların heç biri keçən il stabil oynamayıb. Yerli futbolçu baxımından kasadlığımız var. Dəyişikliklərdən sonra oyunu gücləndirə bilmirik. 

- Dediz ki, "Araz-Naxçıvan"ın yuxarı pillələrdə olmasını istəmirlər. "Sumqayıt"la matçdakı hakim qərarı da planlaşdırılmış bir şey idi?

- Mən də sizə sual verim. Futbolçunun ağzından qan gəlir, hakim heç vecinə də almırsa, nə fikirləşir? Penalti epizoduna 10 dəfə baxaq, orda penalti görmədim. Özüm-özümdən şübhələnirəm ki, bəlkə futbol görməmişik, oynamamışıq. Qapıçı ayağını çəkir ki, oyunçuya dəyməsin. Futbolçu da özünü ona çırpır. Demirəm ki, zəif hakimlikdi, ya deyil. Sadəcə, deyirəm ki, bu gün meydandakı səhvlər komandama qarşıdır. Adamın bildiyi budur, nə edə bilərəm?

- Hakimlər Komitəsinə rəsmi şikayət etməyi planlaşdırırsınız?

- Məncə, səhvlər hələ davam edəcək. Buna öyrəşməli, bununla da bərkiməliyik. Bir hakim 22-ci turda bizim oyunda, 23-cü turda VAR-da, 25-ci turda meydanda, 26-cı turdakı matçımızda isə VAR-dadı. Onu göndərənlər fikirləşsin. Türkiyədə klubun prezidenti meydançaya çıxıb, hakimi vurdu. Görün, klub prezidentini hansı hala salıblar ki, ağıllı başlı insan belə edib...

- Hər halda, klub prezidentinə heç cürə haqq qazandırmaq olmaz...

- Xeyr, haqq qazandırmıram. İnsan hansı hala gəlib ki, meydançaya düşüb. Biz də insanıq, bizim də emosiyalarımız var. Hakimlərə heç nə deməmişəm. Amma bir hakim 5 turdan 4-də bizim oyunda olur. Eyni səhvlər, eyni qaydada. Futbolçunun ağzından qan gəlirsə, ona zərbə vurmayıblar? Heç nə vermədi, arxasınca başqa epizod. Futbolçular da bu emosiyalarla oynaya bilməz. Onlar da başa düşür ki, burdan çıxış yoxdu. 

- "Araz-Naxçıvan"ın oyunda qol epizodları da olmadı axı...

- Elvis Maşikenin epizodu oldu. Neçə epizodda isə hakim imkan vermədi ki, hücuma davam edək. O vaxtı hakimlər var idi ki, mərkəzi keçməyə qoymurdu. Elə yerdə qayda pozuntusu verirdi ki, hücum edə bilməyəsən. Bu gün hakimlik o səviyyədədi. Hakimlər görmüşük, deyiblər ki, burdan çıxa bilməyəcəksiniz

- Hakim qərəzi yuxarıdan qaynaqlanır, yoxsa hakimin savadsızlığından?

- Bu gün nəsə desəm, nəfsimə uyğun danışaram. Ona sizlər cavab versəz, yaxşı olar. Sizlər daha yaxşı bilirsiz, görürsünüz vəziyyəti. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC