Araz Abdullayev keçmişdəki səhvlərini təkrarlamayacaq, milliyə qayıtmağa çalışacaq: "Mənə Rəşad Sadıqovla işləmək həm rahatdı, həm də çətin"
“Zirə”nin Azərbaycan kubokunda “Qəbələ”ylə ilk yarımfinal matçı yeni futbolçusunun debütü ilə əlamətdar olub. Belə ki, millimizin sabiq yarımmüdafiəçisi Araz Abdullayev 15 aylıq fasilədən sonra Vətənə dönərək Rəşad Sadıqovun komandasında “siftə” etdi. 32 yaşlı Abdulllayev Zirədə 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra Presssport.az-ın əməkdaşının suallarını cavablandırıb.
- - Azərbaycana dönüş, yeni klubda debüt. Təəssüratların maraqlıdı…
- - Buna imkan yaradıldığı üçün komandama, baş məşqçisinə təşəkkür edirəm ki, etimad göstərdi. Mən də çalışıram ki, məşqlərdə və oyunlarda baş məşqçinin etimadını doğruldum, gələcəkdə formamı bərpa edərək komandama daha çox faydalı olum.
- - “Zirə” variantı necə yarandı? Özün təşəbbüs göstərdin, yoxsa sənə bir jest oldu ki, komandasız qalmısan, gəl, bizdə məşq etdi, oyna?
- - Tamamilə belə oldu. Bəzi dostlarımız, yenə Rəşad müəllim sağ olsun, çətin vaxtımda mənə yardım elədi. Buna görə ona öz təşəkkürümü bildirirəm. Belə fikirləşirəm ki, əsas futbolumla meydanda öz sözümü deyəcəm, əsas təşəkkürümü orda bildirəcəm.
- - Səhv etmirəmsə, yanvarda da “Zirə”nin düşərgəsində olmuşdun. Onda belə varinat, danışıqlar vardımı?
- - İndi alınıbsa, demək, qismət indi imiş. Keçmişə yox, daha çox gələcəyə köklənmək istəyirəm. İnşallah, belə düşünürəm ki, komandaya faydalı olacam.
- - Son olaraq Kosovo “Lapi"sində oldun və bundan sonra Qazaxıstanın “Jenis” klubuyla anlaşdığın bildirilirdi. Niyə alınmadı?
- - Bəli, Qazaxıstan variantı vardı, düşərgələrində də olmuşdum. Amma şərtlərdə onlarla anlaşa bilmədik. Yenə deyirəm ki, sağ olsun Rəşad müəllim, etimad göstərdi və çalışıram bunu doğruldum.
- - AFFA-ya yeni rəhbərlik gəldi, milliyə də yeni baş məşqçi gələcək. Formanı bərpa edərək səni millidə görə bilərikmi?
- - Əlbəttə. Bütün azərbaycanlı futbolçuların məqsədi olmalıdı ki, liqamızda yer tutub Avropada da komandamızı, Azərbaycanı təmsil edək. Hamı istəyər ki, milli komandada oynasın. Bu, bizim üçün bir şərəfdi. İnşallah, yaxşı formaya düşsəm, niyə də yox?
- - Yəni, bunun üzərində çalışacaqsan, bir inam varmı ki, yenidən milliyə dəvət oluna bilərsən?
- - İnam həmişə var. Elə bir futbolçuyam ki, heç vaxt inamsız olmamışam. Maksimum çalışacam, nəyi bacarıramsa edim ki, milliyə cəlb olunum. Nəticəsini gələcəkdə görərik.
- - Son vaxtlar tez-tez klub dəyişirsən. Düşünürsənmi ki, “Zirə”də uzun müddət qərarlaşasan və bəlkə karyeranı elə burda bitirəsən?
- - Yenə deyirəm ki, indi sadəcə olaraq bərpa olunmağa köklənmişəm. “Zirə”də də elə adamlarla işləyirik ki, bir yerdə də oynamışıq, dostluğumuz var. Komandada məsləhətləşəcəyik. Əsas odur ki, burda müqaviləni “2 ay+1 il” şərtiylə imzalamışam.
- - Yəni, növbəti mövsüm də qalmağın klubda asılı olacaq…
- - Elədi. Burda neyləməliyəm - maksimum çalışmalıyam ki, özümü göstərim, yaxşı oynayım və nizam-intizamlı olub. Fəriq yoxdu qalacam, yaxud gedəcəm - olduğum müddətdə yaxşı bir təəssürat bağışlayım.
- - Rəşad Sadıqovla vaxtilə bir yerdə oynamısan, indi baş məşqçindi. Necə müqayisə aparardın?
- - Rəşadı hamımız tanıyırıq. Uşaqlıqdan gözümüzü açandan kapitan kimi görmüşük. Onunla işləmək mənim üçün həm rahatdı, həm də çətin. Rahatdı ona görə ki, bir-birimizi çox yaxşı tanıyırıq. Çətindi ona görə ki, istəyirəm onun etimadını doğruldum.
- - Legioner həyatı səhifəni artıq qapamısan ki, daha Vətəndən kənara çıxmayacaqsan?
- - Belə düşünmürəm. Bu, əvvəl idi ki, 30 yaşa çatanda, fikirləşrilər ki, artıq gecdi, futbolu qurtarmırsan. İndi Avropaya baxanda da fərqli mənzərə görürsən. Məşqlər normal, yuxu, nizam-intizam, hər bir şey qaydasında olanda, fikrimcə, çox oynamaq olar. Hələ ki özümü yaxşı hiss edirəm.
- - Yaşad olduqca, intizam-məsələlərinə xüsusi fikir verirsən?
- - Əlbəttə, belədi.
- - Daha keçmişdəki səhvlərinə təkrarlamayacaqsan?
- - İnşallah, belə olacaq.