Vüqar Nadirov məşqçi kimi debüt ilində çempionluğu hədəfləyib: "Mənə deyir ki, hoca, nə lazım oldu, canla-başla hazıram"
AFFA-nın keçirdiyi Region Liqasında debütantlardan olan "Hypers" iddialı çıxış edir. Belə ki, millimizin və "Qarabağ"ın sabiq futbolçusu Vüqar Nadirovun baş məşqçisi olduğu komanda çıxış etdiyi Paytaxt və Şimal zonasında B qrupunda 2-ci yer tutaraq pley-offa vəsiqə qazandı. Artıq burda rəqibini də bilən "Hypers" "Goranboy Qala" ilə görüşəcək. Nadirov AFFA-nın inzibati binasında keçirilən püşkaatmadan sonra Presssport.az-a müsahibəsinə mərasimin nəticələriylə bağlı təəssüratlarını bildirməklə başlayıb.
- - Şükürlər olsun ki, püşkatma oldu və rəqibimizi öyrəndik. Hər bir komandaya, o cümlədən özümüzə uğurlar arzu edirəm. Rəqib haqda tam analizdən sonra detallı məlumatlı olacağıq. Hər bir rəqibə hörmətlə yanaşırıq. Buna görə də hələ heç nə deyə bilmərəm. Rəqibi təhlil edəndən sonra dəqiq biləcəyik ki, nə var, nə yox.
- - Qarşınıza qoyulan hədəf nədi?
- - “Hypers” klubu olaraq çalışırıq ki, pillə-pillə irləliyək. Yeni yaranmışıq, 5 ay ərzində həm gənclərimiz olsun, həm də yeni gələnlər, çalışırıq ki, nə qədər qıraqda qalan futbolçular varsa, üzə çıxardaq. İstəyirik ki, məqsədimizə də çataq. Məqsədimiz də məlum olduğu kimi, çempionluqdu. Buna çatmağa səy göstərəcəyik.
- - Bu yöndə əsas rəqiblər kimi görürsünüz?
- - Liqada elələri var ki, zəif rəqibdi, amma sürpriz komandadı. Bir sözlə, heç bir rəqibə yuxarıdan aşağı baxmaq olmaz. Hamısına hörmətlə yanaşırıq. Burda "Çinar Zəngilan", "Şimal", "Mübariz", "Masallı", “Ümid Saatlı”, bir sözlə çox komanda var ki, sürpriz komandalar ola bilər. Buna görə hər bir rəqibə gərək düzgün yanaşasan.
- - Pley-offda güclənmək yönündə hansı addımlar atmısınız?
- - Əlbəttə, heyəti gücləndirmək lazımdı. Transfer vaxtı oldu. Bir futbolçuyla güclənmişik. İnşallah, yenə vaxtımız olacaq. Qapıçı axtarışına çıxmışıq. Çalışacağıq ki, yenə komandamızı gücləndirək.
- - Bu işləri həyata keçirmək üçün maddi durumunun yaxşı olması vacibdi. Bu yöndə vəziyyət necədi?
- - Əlbəttə, bu, vacib məsələdi. Klub prezidentimiz, iş adamı Ayaz Abdullayev əlindən gələni edir. Bugünə kimi komandaya yaxşı məvacib xərcləyib. Bundan sonra da problem yoxdu. Mənə deyir ki, hoca, nə lazım oldu, canla-başla hazıram.
- - Artıq məşqçiliyə başlamısınız. Baş məşqçi ampuasında özünüzü necə hiss edirsiniz?
- - Doğrudan da fərq var. Futbolçu olmaq tam başqa bir şeydi, məşqçi olmaq tam başqa bir şey. Futbolçu olanda oynayırdın, məşqini edirdin, çıxırdın gedirdin. Lakin məşqçi ampluasında çox çətindi - həm məşqləri keçmək, həm digər oyunları analiz etmək, oyunçularla davranış. Heyətdə 30-35 nəfər olur və onların hərəsinin bir xarakteri var. Biriylə mülayim, biriylə sərt olmalısan. Məşqçi kimi püxtələşməyə çalışırıq. Bilrisiniz ki, hal-hazırda B karerqoriyasında oxuyuram. Qarşıma məqsəd qoymuşam ki, inşallah, bütün kateqoriyaları olum və məşqçi kimi çalışıram özümü göstərim, sözümü deyim.