Renduliç məğlubiyyətə bəhanələr gətirmək istəmədi: "Sadə oynamaq lazımdı, bizsə çətinə gedirdik"

"Turan Tovuz"u təbrik edirəm. Layiqli qələbə qazandılar. Bilirdik ki, onlar evdə yaxşı çıxış edirlər. İlk hissədə rəqibin oyununa cavab verə bilmədik. Çox kobud səhv etdik. Bunun nəticəsində qapımızda qol gördük. İkinci hissədə yaxşı oynadıq. Oyuna nəzarət edən tərəf idik. Yenə də lazımsız fouldan sonra qol buraxdıq".

Presssport.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç Premyer Liqanın 29-cu turunun "Turan Tovuz"la görüşdən sonra keçirilmiş mətbuat konfransında deyib.

O, ardından jurnalistlərin suallarını cavablandırıb.

- Komanda hücumda çox "dişsiz" təsir bağışladı. Becə düşünürsünüz?

- Haqlısız. Cərimə meydançasında bitiriciliyimiz çatmırdı. Hücumda həll yolları axtarırdıq. Amma bu alınmırdı. Sadə oynamaq lazımdı, bizsə çətinə gedirdik.

- İlk dəfə regionda olduz. Atmosfer necə idi?

- Çox yaxşı idi. Tovuzlu azarkeşləri tanıyırıq. Mənə məlumat vermişdilər. Onların komandanı necə dəstəklədiklərini bilirik. Bu gün də belə oldu.

- Əvəzedici heyətin kapitanı İdris İnqilablı haqda məlumatınız var?

- Bəli, onu tanıyıram. Xüsusi nəsə deyə bilmərəm. Həmişə əvəzedici heyətdən, U-19-dan əsas komandaya oyunçular cəlb edirik.

- Yeni gələndə demişdiniz ki, əsas hədəfimiz Premyer Liqanı 2-ci pillədə başa vurmaqdır. Ardıcıl iki məğlubiyyətdən sonra komandanı psixoloji cəhətdən toparlamaq çətin olmayacaq?

- Xeyr. Hazırda 5 komandanın arasında çox böyük xal fərqi yoxdur. Məqsədimiz odur ki, xallar götürək. İşimizi görməyə davam edəcəyik. Başqa çarəmiz yoxdu.

- Davit Volkovun məhsuldarlığı azdır. Hücum xəttində dəyişiklik etməyi planlaşdırmırsız?

- Davit komandaya çox kömək edir. Təəssüf ki, bu gün onun səhvindən qol buraxdıq. Amma onu günahlandırmıram. Bir səhvə görə belə düşünmək olmaz. Hər kəsə şans veririk. Bu gün gənc hücumçunu meydana buraxdıq.

- Bu gün 8 oyunçunuz zədə səbəbindən yox idi. Bunun oyununuza təsiri oldu?

- Bəhanələr gətirmək istəmirəm. Komandada 25 futbolçu var. Hər kəs özünü göstərməlidir. Bu gün "Turan Tovuz" layiqli qələbə qazandı.

- "Qarabağ"la matça kimi zədəlilərdən kimlər komandaya qayıdacaq?

- Elvin Camalov dəqiq qayıdacaq. Ümid edirəm ki, Emmanuel Apehlə Anatoli Nuriyev də bizə qoşulacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC