Misli Premyer Liqasının 29-cu turunun dünən keçirilən "Neftçi" - "Sumqayıt" oyunundakı (1:1) hakim qərarları futbol ictimaiyyətinin müzakirələrinə səbəb olub. 89-cu dəqiqədə "Neftçi"nin vurduğu qolun qeydə alınmayıb. 90+6-cı dəqiqəsində "Neftçi"nin futbolçusu Andre Şinyaşikiyə qarşı cərimə meydançasında qayda pozunsu olsa da, baş hakim Elçin Məsiyev penalti təyin etməyib.
Həmin epizod haqda mütəxəssislər fikirlər söyləyib.
Futbol mütəxəssisi Yunis Hüseynov bu anı şübhəli epizod kimi qiymətləndirib: "Düzü, mən də dünən əsəbiləşdim. "Neftçi" qol buraxdıqdan sonra təşəbbüsü ələ almışdı. Qol imkanları oldu. Amma qalib gələ bilmədilər. O ki qaldı mübahisəli epizoda, düşünürəm ki, "Neftçi"nin vurduğu qol da qeydə alınmalı idi. Mənə elə gəlir ki, dünən "Neftçi"nin sayılmayan qolu zamanı cərimə zərbəsi qərarı verilməməli idi. Yenə də "Neftçi"nin oyunu xoşuma gəlmədi. Hakimlərimiz barədə danışmağım düzgün olmaz. Lakin hakimlərdə də səhvlər olur. Son vaxtlarda çox səhvlər edirlər. Məncə, hakimlər öz üzərlərində işləməlidirlər ki, hər iki komandaya qarşı layiqli və düzgün qərarlar qəbul etsinlər. Bilirsiniz ki, futbolçular 90 dəqiqə əziyyət çəkirlər. Amma hakimin bir səhvi 90 dəqiqənin taleyini həll edir. Hakimlər bir az diqqətli olmalıdırlar. 90+6-cı dəqiqədəki epizodu isə şübhəli epizod kimi qiymətləndirərdim. Daha çox 32-ci dəqiqədəki epizodda penalti qərarının verilməli olduğunu düşünürəm"
Digər futbol mütəxəssisi Bəxtiyar Musayev isə Elçin Məsiyevin "davam" qərarının yalnış olduğunu deyib: "Mən də oyuna baxdım. Məncə, "Sumqayıt"ı qapısına penalti təyin olunmalı idi. Mübahisəli qərarlar oldu. "Neftçi"nin qol epizodunda da şübhəli qərar verildi. Hətta "Neftçi" hesabı bərabərləşdirəndə penalti epizodu son saniyələrdəki epizoda nisbətən daha yüngül idi. Təəssüflər olsun ki, ölkədə VAR texnologiyası olsa da, hakimlik bərbaddır. Demək olar ki, hər oyunda belə yalnış qərarlar görürük. Oyunun tempini çox aşağı salırlar. Tez-tez oyun dayanır. Hakimlərimizin əksəriyyətinin idarəçiliyi bərbaddır. Bu, əsasən də gənc hakimlərə aiddir. Onlar nəinki oyunda səhv qərarlar verirlər, davranışları da xoşagələn deyil. Özlərini sanki ədalət təmsilçisi kimi yox, meydanın ağası kimi aparırlar. Üz cizgiləri, hərəkətləri çox mənfi təsir bağışlayır. Hakimlik çox pis durumdadır. Dərhal müdaxilə olunmalıdır. İndi 2-4-cü yerlərdə olan komandalar arasında gərgin mübarizə gedir. Ona görə hakimlər çox diqqətli olmalıdırlar. Hakimlər özlərini elə aparırlar ki, sanki hər oyun 10 min, 20 min azarkeş onlara görə tribunalara gəlir" (qol.az)
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC