Premyer Liqada növbəti bölgə səfərim Tovuza oldu. “Turan Tovuz”un öz meydanında “Sabah”a 2:0 hesabıyla qalib gəldiyi matçdan sonra paytaxta qayıtmayıb yenidən bölgəyə üz tutdum. Bu dəfə yolçuluq PFL-in xəttiylə olmayan oyuna - Region Liqası matçında idi. Qazaxın 50 ilə yaxındı tək təmsilçisi olan “Göyəzən” bu turnirdə öz zonası olan Şimal-Qərb və Qərb zonasında lider olaraq digər zonanın 4-cü yeri tutan komandayla düşmüşdü. Bu rəqib isə Göyçayın eyniadlı təmsilçisi idi. Mərkəz zonada çıxış edən "Göyçay" uzun fasilədən sonra bu turnirdə bölgəsinin təmsilçisi olmasına şərait yaratmışdı.
Hərçənd, vaxtilə, daha doğrusu, 90-cı illərdə Göyçayda peşəkar futbolda təmsil olunmuş, hətta təmsilçisi “Çinar”la 1996/97 mövsümündə I Liqanın qalibi olaraq yüksək dəstəyə vəsiqə qazanmışdı. Bunun üstündən neçə illər keçsə də, Göyçayda hələ də futbola böyük sevgi var. Stadiona daxil olanda burda futbol matçının olacağı hiss olunurdu. Tribunlarda azarkeşlər yetərincə çox idi. Özü də onlar sıradan tamaşaçı deyil, komandalarını fəal dəstəkləyirdilər. Hətta “Göyçay” hesabı açanda tribunalarda fişəng də yandırıldı. Komandanın kapitanı Elgün Xəlilov qol vuranda isə tribunaya yaxınlaşaraq bir nəfəri qucaqlayaraq sevincini onunla bölüşdü ki, bu da atası Arif kişi idi. Ümumiyyətlə, bu bəstəboy hücumçu yaxşı sürəti, texnikasıyla seçilərək 90 dəqiqə rəqib müdafiəsini yaxşıca yordu.
İki fərqli hissə oldu. İlk 45 dəqiqə meydan sahibləri dominantlıq etdilər, davamlı hücumlarıyla rəqibə çətin anlar yaşatdılar. “Göyəzən” qrup qalibi olduğuna görə duelin favoriti sayılsa da, bunu meydanda göstərə, kəsərli hücumlar qura bilmirdi. Bunda isə qazon amili böyük rol oynadı. Çünki meydanın ot örtüyü bərbad idi və bu, ona öyrəşməyən qonaq komandanın topla yaxşı oynamasına maneçilik törədirdi. Yəni həm rəqibə, həm də qazona qarşı oynamaq lazım idi. Meydan sahibləri isə belə ot örtüyə öyrəşdiyindən, rəqibi kimi əziyyətə qatlaşmırdı. Qazona “əl gəzdirsən”, yaxud onu süni örtüklə dəyişsən, belə infraskturu oaln Göyçay şəhər stadionunda rahat peşəkar liqa oyunları keçirə bilərsən.
Qazaxlı futbolçular müdafiədə buraxdığı səhvlərdən biri sonda ona gətirib çıxardı ki, rəqib futbolçunu yıxdıqlarına görə baş hakim İslam Məmmədov penalti nöqtəsini göstərdi. “Göyçay”ın kapitanı 11 metrlik nöqtəyə yaxınlaşdı və zərbəsi dəqiq oldu.
“Göyəzən”ın baş məşqçisi Elxan Muradov ilk hissədə oyunundan narazı qaldığı futbolçularına fasilədə nə dedi, nə demədi, bilmirik, amma ikinci hissədə tam fərqli mənzərəni gördük. Muradovun uğurlu əvəzləmələri də öz sözünü dedi. Meydana daxil olan qonaqların əsas kapitanı Arzuman Vəliyev hücumda komandanın oyununu canlandırdı. Artıq “Göyçay” ilk hissədəki komanda deyildi, topu rəqibə verərək daha çox müdafiəçi olunur, əks-hücumlarda yaxşı imkanları isə boşa verirdi. “Göyəzən”in yüzfaizli qol imkanlarından sonra top ya qapıya düşmür, ya da dirəkdən dönürdü. Nəhayət, son dəqiqələrdə meydan sahiblərinin futbolçusunun yersiz əllə oyunu matçda 2-ci, yenə eyni qapıya penaltinin təyin olunmasıyla nəticələndi. Qonaqlarda da zərbəni kapitan vurdu, toru silkələdi.
Beləliklə, Böyük Qafqaz dağlarının cənub ətəyindəki görüş penaltilər dueli oldu. Səfər matçı ləğv olunduğundan, bu qonaqlara üstünlük gətirmir. Hər şeyə aprelin 14-də saat 15:00-da Qazax şəhər stadionundakı cavab matçında aydınlıq gələcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC