Lunyov ruslara “Qarabağ”ın uğurunun səbəbindən danışdı: "Bütün Rusiya klublarına qarşı əsl mübarizə aparardıq"

"Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya mətbuatına müsahibə verib.

Presssport.az xəbər verir ki, 33 yaşlı futbolçu Ağdam klubu ilə bağlı bir sıra suallara da cavab verib. 

Lunyov Avroliqada gərgin qrafikdə oynamış komandasının bu mövsüm Premyer Liqanın bitməsinə 8 tur qalmış çempionluğu necə təmin etməsi barədə sualı belə cavablandırıb: "Fikrimcə, bu, işə düzgün yanaşma ilə bağlıdı. O mənada ki, hər oyunda maksimum konsentrasiya bütün 90 dəqiqə ərzində saxlanılıb. Sıx təqvimə və digər məsələlərə baxmayaraq… Bir çox rəqib buna hazır deyildi. Bu məsələ məşqçilər korpusunun düzgün sözləri, motivasiyası, kadrların rotasiyası baxımından səriştəli yanaşma da öz təsirini göstərdi”.

Lunyov həmçinin komandasının həkimlərinin fəaliyyətini də ön plana çəkib: “Tibbi heyətin məşqçilərlə birgə əməyini qeyd etmək istərdim ki, onlar bizi bacarıqla hər matça optimal vəziyyətə saldılar. Əlbəttə, futbolçuların özlərinin peşəkarlığını, işə yanaşmasını da qeyd etməliyəm. Hər oyuna motivasiyalı, yalnız qələbə qazanmaq arzusu ilə çıxırdıq. Bütün bu amillər nəticəyə təsir etdi. Ola bilsin ki, bunda rəqiblərin rəqabət yaratmaq problemləri də rol oynayıb. Amma onların adından danışmaq çətindi. Çempionatın son 8 oyununda (müsahibə Premyer Liqanın XXIX turundan əvvəl götürülüb - red.) mümkün qədər çox xal toplamalıyıq. Eləcə də qarşıda hələ Azərbaycan kubokunun təkrar yarımfinal matçı var. Mövsümü iki kubokla başa vurmaq əla olardı”.

Andrey komandasının Rusiyanın istənilən klubu ilə oynamaq gücündə olduğunu da vurğulayıb: “Qarabağ”ın bu mövsüm ən yaxşı oyunlarını, Avropa Liqasının pley-off matçlarını götürsək, o zaman düşünürəm ki, istənilən Rusiya Premyer Liqa klubu ilə asanlıqla oynaya bilərdik. O başqa sualdı ki, nəticə necə olardı. Amma bütün Rusiya klublarına qarşı əsl mübarizə aparardıq. Oynadığımız futbola baxmısınızsa, başa düşəcəksiniz ki, bunu bacararıq”.

Lunyovun sözlərinə görə, yenidən TOP liqalarda oynamaq mövzusu onun üçün bağlanmayıb: "Ümid edirəm ki, belə bir fürsət yenə olacaq. Ancaq eyni zamanda, hər kəsin çox yaxşı bildiyi müəyyən nüanslar da var. Üstəlik, yaş məsələsi. Eyni zamanda, Avropa çempionatlarında statistik rəqəmlərə baxıb görmək olar ki, orda qapıçıların orta yaş həddi neçədi. Ona görə də hər şey məndən asılı olacaq. Yenidən buna cəhd etməyi düşünürəm və ya heç olmasa ümid edirəm. Özünü göstərməli, sübut etməlisən. Onda şans olacaq”.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC