“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XXX turunun "Sumqayıt"la səfərdə qolsuz bərabərliklə yekunlaşan matçdan sonra mətbuat konfransı keçirib.
Presssport.az xəbər verir ki, 42 yaşlı mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.
- Olduqca gərgin oyun idi. Hər iki komanda məğlub olmaq istəmirdi. Hamı başa düşürdü ki, burda qazanılacaq və ya itirələcək xalların təsiri olacaq. "Sumqayıt" yaxşı mübarizə aparan komandadı. Son saniyələrə qədər qələbə istəyi vardı. Bugünkü oyunun ədalətli nəticəsi heç-heçə idi. Meydanda amansız futbol gedirdi. Belə oyunlar futbolumuzun keyfiyyətini artıracaq. Ardıcıl dörd oyun oynadıq. Sıx qrafikdəyik. Həftəsonu matç olsaydı, daha yaxşı olardı. Yorğunluq olsa da, yaxşı mübarizə getdi. Qarşıda vacib oyunlarımız var. Maraqlı çempionat gedir. Bəzən belə proseslər olanda istəmirsən ki, bitsin. Çempionat daha gərginləşir. Əlimizdən gələni edəcəyik ki, sevinən tərəf olaq.
- Bir xal qazandız, ya iki xal itirdiniz?
- "Sumqayıt" əsas rəqiblərimizdəndir. Bugünkü heç-heçə şəxsi oyunlarda üstünlüyü bizə verdi.
- Hədəfiniz konkret nədir?
- Rəhbərliyin və özümüzün qarşımıza qoyduğumuz hədəf Konfrans Liqasıdır. İrəli gedə biləriksə, niyə də olmasın? İkinci yeri tuta bilərik, şanslarımız var. Mübarizə aparacağıq.
- Son günlərdə adınız "Neftçi" ilə hallanır. Bizə də xoşdur ki, Azərbaycan futbolunda söz sahibi olanlardan biri Rəşad Sadıqov "Neftçi"də baş məşqçi olsun və "Qarabağ"la başabaş mübarizə aparsın. Sizdən soruşdular ki, "Neftçi"? Dediniz, "ağ-qara". Uzun sözün qısası, "Neftçi"dən təklif gəlsə, qəbul edərsiniz?
- Suallar tez-tez verilirdi. "Zirə" soruşdular, ürək dedim. "Neftçi" soruşulanda ağlıma ağ-qara gəldi. Bu rəng sevdiyimdir və dəyər verirəm. Hər məşqçi istəyər ki, "Neftçi"də, "Qarabağ"da, millidə işləsin. Düşünürəm ki, bütün məşqçilərin belə hədəfləri var. Karyeramın bir hissəsi "Neftçi"də keçib. Sonrakı mərhələm isə "Qarabağ" olub. Parlaq hissələri burda keçirmişəm. Ondan əlavə, 20 il də milli komandada olmuşam. Bunlar mənim üçün dəyərdi. Azarkeşlər də məni düzgün başa düşər. Sabah "Qarabağ"ın da, "Neftçi"nin də, millinin də məşqçisi ola bilərəm. Bəlkə, heç olmadım. Ümumiyyətlə, arzum xaricdə işləməkdi. Açığı, hazırda nəsə təklif yoxdur, bütün diqqətim "Zirə"dədi. Yayılan xəbərlər şayiədi. "Neftçi"dən təklif yoxdu, özlərinin məşqçiləri var və onlara uğurlar arzu edirəm. Məşqçilik fərqlidi. Futbolçu kimi həmişə tələsirdim ki, böyük komandalara keçib. Amma məşqçi üçün vaxt, məsuliyyətin altına girməzdən əvvəl düşünmək lazımdı. Hansısa komandanın məşqçisi olanda xeyir verə bilərəmsə, işləyərəm. Sabah düşünsəm ki, "Zirə"yə xeyir vermirəm, gedərəm. Mövqeyim belədir, fayda verə biləcəyim yerdə olmaq istəyərəm.
- "Neftçi"nin keçmiş veteranları sizi qəbul edir və istəyirlər ki, komandanın baş məşqçisi olasınız...
- Hazırda gecə-gündür rəqibləri analiz edirəm. Hazırda belə şeylər ağlımdan keçmir. Mövsümün sonunda rəhbərlikə danışacam. Müqaviləm uzadılanda da bu haqda demişəm onlara. 2 illik sözləşmə olsa da, demişəm ki, yayda danışacağıq. Komandaya xeyirim dəyir, faydalıyamsa, yolumuza davam edəcəyik. Digər klublara gəlincə, hər üçü - "Neftçi", "Qarabağ" və milli mənim üçün dəyərdi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC