AFFA-nın keçirdiyi Region Liqasında bu mövsüm debütantlardan biri “Şimal”dı. Xaçmazı təmsil edən bu komanda özünü debütant kimi aparmayaraq çıxış etdiyi Paytaxt və Şimal zonasında B yarımqurupunda 1-ci yeri tutdu. İddiası bununla kifayətlənməyən “Şimal” liqanın da qalibi olmaq fikrindədi. Klubun idman direktoru Elxan Yusifli Presssport.az-a müsahibəsində bu və digər mətləblərdən söz açıb.
- Əslində, bizim komanda yenidi, bu mövsüm yaranıb. İlk olaraq qarşımıza təcrübə toplamaq məqsədi qoymuşuq. Müəyyən mərhələlərdən, turnir cədvəlində yerimizi alandan sonra həm baş məşqçimiz, həm də rəhbərliyimiz çempion ola biləcəyimizi müəyyənləşdirdi. Buna görə hədəfimiz Region Liqasının qalibi olmaqdı. Pley-offa püşkdə qarşımıza kimin çıxacağı bizi o qədər çəkindirmirdi. “Neftçala”yla, maraqlı rəqiblə düşmüşük. İlk oyun səfərdə oldu və 1:1 yekunlaşdı. Cütün qalibi istənilən halda, 2 oyunun yekununa əsasən müəyyənləşəcək. Ümid edirik ki, evdə bu komandanı keçəcəyik. Sonra yolumuzda daha ciddi rəqiblər görünür. Fikilərşirik ki, bizim yarımfinala gedən yolda ən çətin rəqiblərimizdən biri “Çinar Zəngilan”dı. Amma istənilən halda, rəqibdən asılı olmayaraq, rəqib fərq etməyərək hədəfimiz dediyim kimi, çempionluqdu.
- Bir şeyi də nəzərə alaq ki, liqada təcrübəli komandalar var, siz isə debütantsınız. Bu mənada çempionluq nə dərəcədə real görünür?
- Onu deyim ki, bizim komanda liqada debütant olsa da, heyətimizdəki bir çox oyunçu ötən mövsüm Region Liqasının qalibi olub. Bu, hazırda baş məşqçimiz olan Tural Cəlilov və 4-5 futbolçudu. Onlar keçən mövsüm çempion olan "Qusar"ın əsasını təşkil edib. Xaçmaz və Qubadan olan futbolçulardı. Onlar bu mövsüm "Şimal"da cəmləşiblər. Uğurlu çıxışımızın arxasında da bu amil durur. Buna görə də “Hypers” kimi iddialı komandanı qrupda qabaqlayaraq 1-ci olmağı bacarmışıq. Hər 2 oyunda onlara məğlub olmadıq - 2:2 və 1:1. Ölçü vahidi kimi "Hypers"i götürsək, bu komandanı ən güclülərdən biri saysaq, çempion olmasaq belə, finaladək irəliləyəcəyimizi düşünürük. “Dördlər finalı”na çıxıb medalçı olmaq məqsədimizdi.
- Pley-off öncəsi heyətinizi gücləndirmək yönündə çalışmalarınız necə oldu?
- Hiss elədik ki, ehtiyat oyunçular skamyamız qısa idi. Buna görə pley-off öncəsi fasilədən istifadə edib 3 oyunçu transfer etdik. Bizim qrupda Qusar təmsilçisi "Şirvanovka" oynayırdı, pley-offa çıxa bilmədi, ordan gəliblər. Elə elədik ki, ehtiyatda hər an oyunun müqəddəratını dəyişə bilən futbolçularımız olsun. Onların da bu liqada təcrübələri var, əvvəlki komandalarda əsas heyət üzvləri olublar.
- Rəhbərlik maddi təminatları necə həyata keçirir?
- Bəzi komandalar çempionata qoşulur, ardından sponsor axtarışına düşür. Sonradan bu yöndə problemə yaranır ki, buna görə çempionatı yekunlaşdıra bilmirlər. Bizdə isə çempionat başlayanda artıq sponsorumuz vardı. Bu, xarici ölkələrə meyvə-tərəvəz idxalı-ixracıyla məşğul olan şirkətdi. Mövsümün əvəvlində büdcəmiz müəyyənləşib ki, nə qədər xərcimiz çıxacaq. Sponsor turnir başa çatandək bizə lazım olan maliyyə dəstəyini göstərəcək. Bu üzdən bir rahatlıq var, inşallah, heç bir maddi problemimiz olası deyil. Bizim futbolçular Region Liqasında ən yaxşı maddi təmin olunan, vaxtı-vaxtında hər oyundan sonra qonorar alanlardı. Stadionumuzla bağlı rəsmi müqaviləmiz var. Bəlkə çox az komanda var ki, belə şəraiti var. SOCAR-ın Sosial Təminat İdarəsiylə icarə müqaviləsi imzalayaraq stadionu icarəyə götürmüşük. Bu, Siyəzəndəki stadiondu. vaxtilə "Qusar" oynadığı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC