"Bir komanda ilə 4 dəfə oynamaq bizim üçün maraqsızdı, futbolçuların bir-birini görməkdən zəhlələri gedir" - Qurban Qurbanov

"Qarabağ" Premyer Liqanın XXX turunda səfərdə "Sabah"a 2:3 hesabı ilə məğlub olub.

Presssport.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransına görüş haqda düşüncələrini bildirməklə başlayıb.

- "Sabah"ı, Krunoslav Renduliçi təbrik edirəm. Məğlub olduq, bunu qəbul edirəm. Bəlkə də oyuna daha ciddi yanaşmalı idik. Deməzdim ki, məşqlərdə arxayınlıq var idi. Çox yaxşı məşqlərimiz oldu. "Sabah"da istək daha çox idi. Bəsit qollar buraxdıq. Belə oyunların bizə faydası olur. Hər bir halda məğlub olmuşuqsa, deməli bu gün yaxşı deyildik. Qarşıdakı oyunlara daha məsuliyyətli hazırlaşacağıq.

-"Sabah" çempionatda ən çox qol buraxdığınız komandadır. Bunun xüsusi səbəbi var?

- Ola bilər. Əllərinə düşən şanslardan istifadə edə bilirlər. Bu il "Sabah"la bütün oyunlarımız maraqlı oldu. Amma bir rəqibdən bu qədər top buraxmaq olmaz. Bəlkə də "Sabah"la matçlar futbolçuların idman formasından uzaq olduğu perioda düşür. Amma hər bir halda mən bunu qəbul etmirəm. Daha diqqətli olmalıyıq.

- Üçüncü qolu necə şərh edərdiniz?

- Son vaxtlar hakimlər haqda o qədər danışılıb, epizodlar müzakirə olunub. Bilmirəm artıq hansı epizod qayda pozuntusudur, hansı epizod penaltidir. Dəfələrlə bildiriblər ki, əl qalxdısa, cərimə zərbəsidir. Mən mübarizənin tərəfdarıyam. Hansı qayda düzdür, onu bilmirəm. Gördüyüm qədərilə Bədaviyə dirsəyi ilə toxunur. Ümumiyyətlə Rəvan Həmzəzadə oyuna temp verən hakimdir. Bəzən də görürsən ki, belə olur. Düzələr inşallah.

- "Qarabağ"ın çempionluğu təmin etməsinin məğlubiyyətlə əlaqəsi var?

- Peşəkar klubuq. Nə olursa, futbolumuzu oynayırıq. Azarkeşlərimiz də bizdən yaxşı oyun, qələbə gözləyir. Nə məşqdə, nə oyunlarda belə düşüncə var. Hər oyunda maksimum nəticə istəyirik. Məğlubiyyət futbolun silinməyən qanunlarındandır.

- Ən uğurlu mövsümündə komanda çempionatda 4 dəfə məğlub olub. Bunu nə ilə əlaqələndirirsiz?

- Digər komandaların da xal itkiləri çox olur. Bəlkə, 6-7 məğlubiyyətlə yenə çempion olacaqsan. Bu dəfə rəqiblər daha çox xal itirdilər.

- Mediada çempionatın formatının dəyişəcəyi ilə bağlı xəbərlər var. Siz necə düşünürsünüz, dəyişikliyə ehtiyac var?

- Böyük futbol ölkəsi olmaq üçün əvvəlcə komanda sayı artmalıdır. Buna ehtiyac var. Futbolu sevdirmək lazımdır. Bu gün oyunlarımıza 2000-3000 azarkeş gələndə sevinirik. Komanda sayı çox olsa, azarkeş kütləsi də artacaq. Bunlar çox vacibdir. Amma bundan da vacibi keyfiyyətdir. Düzgün qərar verilməlidir. Çətinliklər həmişə olur. Gedişatda bunu düzəltmək olar. Yaxşı layihə qurulsa, futbolu canlandıra bilərik. Sabah 4-5 komanda çempionata gələcəksə, onların problemi olmayacaqsa, böyük məmnuniyyətlə buna razıyam. Niyə bizdə 16-18 komanda olmasın? Bir komandaya qarşı 4 dəfə oynamaq azarkeş üçün bəlkə də maraqlıdır. Amma bizim üçün maraqsızdır. Kuboku da nəzərə alsaq, 6 dəfə olur. Futbolçuların bir-birini görməkdən zəhlələri gedir.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC