Bizim "Maradona"nın Almaniya sərgüzəştləri: "Məni çox aldatdılar, başıma oyun açdılar, müqaviləni cırdım"- I HİSSƏ

4 dəfə Azərbaycan çempionu, 3 dəfə Azərbaycan Kuboku qalibi, Azərbaycanın avrokuboklarda debüt matçının (1994-cü ildə UEFA Kubokunda "Fənərbaxça" - “Turan” - 5:0) iştirakçısı, millimizin sabiq futbolçusu olan İlham Məmmədov. Artıq 24 ildi Almaniyada yaşayan veteran futbolçumuzu tapmaq üçün bir neçə gün səy göstərdim. Nəhayət, gəncəli dostlarımın sayəsində soydaşımızı tapdım. Bu qədər uzun müddətdi Almaniyada yaşasa da, onunla belə geniş müsahibə götürən olmayıb.

Özümü təqdim edəndə təbii ki, məni tanımadı. Çünki neçə ildir Vətənindən gedib. Sonra “Vatsap”ımdakı şəklimə diqqətlə baxaraq, "Mən sizi görmüşəm televiziorda - "CBC Sport"da" dedi. 40 dəqiqə danışdım eloğlumla. Ona görə eloğluma ki, Qazaxda dünyaya gəlib, əslən də ordandırlar, sonralar Borçalı mahalına köçüblər. Bu haqda müsahibəmin ikinci hissəsində danışacağıq.

Məmmədovla Almaniyaya gedişindən, onu orda necə aldatmalarından, özündən çıxaraq müqaviləni cırmalı olmasından, niyə hələ də orda qalmasından, futbola heç bir bağlılığı olmayan, ağlınıza gəlməyən sahədə illərdi çalışmasından, ailədə 4 dildə ünsiyyət qurmalarından, futbolçu karyerasındakı maraqlı məqamlardan, birgə çempion olduğu komanda yoldaşı Qurban Qurbanov haqda və daha nələrdən danışdıq. Bizim Maradonayla, almanların “Mammi”siylə müsahibəmin ilk hissəsini sizə təqdim edirəm.

 

- Azərbaycan futbolunda bir vaxtlar çox tanınmış simalardan olan İlham Məmmədov 20 ildən artıqdı gözdən itib. Yalnız onu bilirik ki, bu müddətdə Almaniyada yaşayırsınız. Nə işlə məşğulsunuz? Futboldasınız, yoxsa..?

- Yox, başqa sahədə çalışıram. Amma futbol oynayıram. Almaniyada Bielefeld şəhərində yaşayıram. Buranın futbol klubu var - "Arminiya". Onun U-50 komandası var, orda oynayıram. Həftədə 1 dəfə məşq edirik - həftənin ilk günü. Bazar günü də oyun olur. İndi qışdı, zalda top qovuruq. Havalar istiləşəndə isə açıq havada oynayırıq. İşimə gəlincə, futbola, məşqçiliyə heç bir bağllığım yoxdu. Firma işlədirik, həyat yoldaşımla bir yerdə açdıq. Yaşlı, ahıl, xəstə insanlara tibbi yardım göstəririk. 7-8 ildir bu işlə məşğuluq. 

- Xeyirxah bir işdir. Nədən bu sahəyə yönlənməyə qərar verdiniz?

- Burda bir tanış vardı, onunla söhbətim əsasında mənə bu işi məsləhət gördü. Dedi ki, dünyada nə olursa-olsun, bu iş həmişə var. İnsan varsa, yaşlanma, xəstəlik daim olan şeylərdi. Pis iş deyil, amma eyni zamanda çətin ağır, işdi. 80 faizi ağır xəstələrdi. 

- Konkret işiniz nədən ibarətdi?

- Büroda idarəçiliklə məşğulam. Rəhbər olaraq işləri koordinasiya edirəm. Həyat yoldaşım işlərə kontrol, orda əsas çalışanlara kömək edir. 

- Gəlin, 2000-ci illərin əvvəlinə səyahət edək. Azərbaycanda son klubunuz 1999/00 mövsümündə “ANS-Pivani” oldu və Almaniyaya gedəsi oldunuz. Necə oldu ki, bu qərara gəldiniz?

- Gedişim futbolla bağlı idi. Bir alman menecer Azərbaycanda oyunlarıma baxaraq məni bəyənmişdi. Gəldi söhbət elədik. Amma sözün düzü, məni çox aldatdılar. Məni Frankfurt "Ayntraxt"ı adından III Bundesliqa klubuna götürdülər.

- "Zalmror-1921"ə...

- Bəli. Bura qışda gəlmişdim - 2000-ci ilin yanvarın 8-də. Onda 30 yaşım vardı. Mənim də heç nədən xəbərim yoxdu. Nə isə, 6 ay qaldım burda. Bundan sonra məni Trir "Ayntraxt"ına satdılar. Bir illik müqavilə imzaladıq. Onu da deyim ki, əvvəlki klubumda olanda ağır zədələndim. Birdən ayağımda iki yerdən - dizimdən və topuğumdan ciddi xəsarət aldım. Nəticədə 3-4 ay futbol oynamadım. Düz-əməlli yeriyə də bilmirdim. 

- Zədəli-zədəli Trirə getdiniz…

- Bəli-bəli. Məni bu adam 210 min markaya satdı. O vaxt Almaniyada pul vahidi markaydı. O puldan 70-80 mini mənim olmalı idi. Aramızda müqavilə vardı bununla bağlı. Amma o pulu da ala bilmədim. Başıma oyun açdılar. Heç inanmırdım ki, Almaniyada da belə şeylər olar. Deməli, varmış. Orda bir az azərbaycansayağı davrandım. Hirsləndim, özümdən çıxdım, müqaviləni cırdım. Etiraz etdim ki, geri dönürəm Azərbaycana. Yəni, belə xoşagəlməz şeylər oldu. Hazırda yaşadığım şəhərdə tanışlar vardı, 2002-ci ildə bura gəlmişdim. Bielefeldin "Fihte" komandası vardı. Uşaqlar dedilər ki, gedək, bir onlarla görüş. Mən də belə etdim və sonda burda qalmalı oldum. Onlar da müqaviləmi 2 il olmaqla hər dəfə uzadırdılar. 4-5 il həmin komandada qaldım. Övladlarım da burda orta məktəbə gedirdilər. Almaniyaya gəldiyimdə böyül oğlum 5, kişik oğlum 2 yaşında idi. Azərbaycan dilində də doğru-dürüst danışa bilmirdilər. Sözzü düzü, Azərbaycana geri dönmək istəyirdim. 

- Niyə?

- Çünki yeni gələndə burda çox darıxırdım. Sonra yavaş-yavaş öyrəşdim. Futbolçu karyeramı 37-38 yaşadək davam etdirdim. Düzdü, aşağı liqalar idi. Burda "Türkspor" komandası var, həvəskar liqada çıxış edir, 1-2 ay məşqçi işlədim. Həvəskarlar olduğuna görə çox qalmadım. 17-18 nəfərdi, həftədə 2 dəfə məşqdi, məşqə 7-8 nəfər gəlirdi. Bu sayda futbolçuyla da hazırlıq prosesində bir şey etmək olmurdu. Bu üzdən onu da buraxdım və futboldan ayrılaraq daha məşqçilik etmədim. 

- Nədən başladınız?

- Cürbəcür işlərdə, firmalarda çalışdım. Şəxsi işləriç vardı. 

- Yəqin, Almaniya vətəndaşısan və alman dilini yaxşı bilərsən...

- Bəli. Amma Almaniya vətəndaşı deyiləm. Burda limitsiz oturumum var. Həyat yoldaşım azərbaycanlıdı. 1993-cü ildə, 24 yaşımda Azərbaycanda ailə həyatı qurmuşam. Pasportda təvəllüdüm 1 yanvar 1970-ci il gedir. Amma 1969-cu ilin dekabrın 24-də anadan olmuşam. Böyük oğlamın adı Orxan, kiçiyinki Ələkbərdi. Babamın adıdı, onu da qoyduq. 

- Futbolla məşğul olurlar?

- Yox. Amma böyük oğlum 1 il futbola getdi. Çox bəyənirdilər, alman üslubunda oynayırdı. Boyü hündürdü, sürəti yaxşı idi. Topla oyunu elə də yaxşı olmasa da, komanda oyununda yaxşı idi. Sadəcə, "PlayStation" çıxan zaman idi, baxdım ki, futbola çox marağı yoxdu. Mən də onu məcbur eləmədim. Bir gün gəldi ki, ata, olarmı evdə "PlayStation"la top oynayım, məşqə getməyim. Baxdım ki, bunun daha futbol oynamağa ciddi marağı yoxdu. İndi o da bizim büroda çalışır, ailəliklə hamımız o işlə məşğuluq. 

- Getdiyiniz vaxtda almanların azərbaycanlı İlham Məmmədova qarşı münasibəti necə idi, indi necədi?

- Futbol oynadığın vaxtda başqa idi. Təkcə Almaniyada deyil, dünyanın hər yerində də olsa, futbolşuya hörmət fərqli olur. Amma futbolu qurtandan sonra yavaş-yavaş yaddan çıxırsan. Yeni gələndə mənə çətin idi. Çünki almanların futbolu bizdən çox fərqlidi. Bizdə texnikaya üstünlük verilir, bir də məşq zamanı bir-birimizə çox sərt girmirik. Burda isə məşqdə bir-birinə çox sərt mübarizə aparır, kobud şəkildə “podkat”lar edilir. Almaniyada indi də belədi. 

- Azərbaycanda ləqəbinizin “Maradona” olmasını bilirdilər? Bilirdilərsə, bunu necə qarşılayırdılar?

- Futbolu bilən bilir ki, kin nədi, kim nə deyil. Hörmət edirdilər – yaşıma görə də, oyunuma görə də. Mənə Almaniyada “Maradona” demirdilər. Soyadım pasportda “Mammadov” yazıldığına gör mənə “Mammi” deyirdilər, bu ləqəblə çağırırdılar. 

- Azərbaycanca heç də pis danışmırsınız. Belə çıxır ki, ailədə dogma dilində ünsiyyət qurursunuz?

- Bəli, amma onu da deyim ki, hamısını qarışdırmışıq – yarı azərbaycanca, yarı rusa, yarı almanca, yarı türkcə. Burda türklər də çoxdu. Uşaqlarım azərbaycanca başa düşürlər. Danışırlar da, amma yaxşı yox. 

 

Ardı var….

 

 

 

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC