Azərbaycan Premyer Liqasının XXX turunda “Turan Tovuz”la oyunda hakimi təhqir etdiyinə görə AFFA İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzalandırılan “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı qərara münasibətini bildirib.
Klub rəsmisi Presssport.az-a açıqlamasında qarşılaşmanın fasiləsində baş hakim Rauf Cabarova narazılığını normal şəkildə bildirdiyini və bu zaman heç bir təhqiramiz ifadə işlətmədiyini söyləyib: "İlk hissədən sonra baş hakimin idarəçiliyindən narazı qaldığımı bildirmək istəmişəm. Hətta sözləri seçərək demişdim ki, təhqirə yol verməyim. Rauf Cabarov mənə qırmızı vəərqə göstərdi. Hərçənd, adım protokolda yox idi. Yəni, onun mənə qırmızı vərəqə verməyə ixtiyarı yox idi”.
Səfiyarlı olayla bağlı AFFA-ya - İntizam Komitəsinə və Hakimlər Komitəsinə müraciət etdiyini diqqətimizə çatdırıb: "Çünki təhqir olmayıb, işlətdiyim cümləni da xatırlayıram. Obyektiv araşdırılmasını xahiş etmişəm. Qərardan apellyasiya şikayəti də verəcəyik. Təhqir etmədiyim üçün Cabarovun protokola bu cür yazmasından çox narazıyam. Hakimi söyən yaşım deyil. Bunu imicimə xələl gətirən hal kimi qiymətləndirirəm. Haqlı olduğumu sübut etmək üçün lazımi addımları atacam”.
Həmsöhbətimizin fikrincə, Qəbələdə 1:2 hesabı ilə məğlub olduqları həmin görüşün ilk hissəsində baş hakim iki kobud səhvə yol verib: “Birinci hissədə qapımıza təyin edilən penalti qərarından narazı idik. Ona görə ki, qərar doğru deyildi. 42-ci dəqiqədə isə topun rəqibin kapitanı Şəhriyar Əliyevin əlinə dəydiyi epizod var idi. Ən azı VAR-a baxmaq olardı. Hesab edirik ki, penalti verilməli idi”.
Onu da bildirək ki, 45 yaşlı Səfiyarlı 3-ü şərti olmaqla 5 oyunluq cəzalandırılıb. Ona 3 ay sınaq müddəti təyin edilib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC