Elxan Səmədov 9 dəfə əməliyyat olunub: "Bir müddət ayağımı itirmək təhlükəsi var idi"

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov müsahibə verib. 

Presssport.az həmin müsahibəni təqdim edir.

-2023-cü il 16 dekabr... Bu tarix yaddaşınızda necə qalacaq?

- Bu tarix bir tərəfdən ağır gün kimi yadda qalacaqsa, digər tərəfdən şəxsən mənim üçün ikinci doğum günü kimi də qeyd edə bilərəm.

- Dəhşətli qəzanı necə xatırlayırsınız? Bu barədə ətraflı danışardınız…

- Doğrusu, qəza vaxtı gec saatlar idi və mən o zaman maşında yatmışdım. Odur ki, ətraflı danışa bilməyəcəyəm.

- Həmin an keçirdiyiniz hissləri necə ifadə edərdiniz? Gözünüzün qarşısına ilk olaraq kim və ya kimlər gəldi?

- Qüvvətli zərbədən sonra oyandım. İlk anlarda şokda idim. Sonra anladım ki, qəza baş verib. Təbii ki, ilk növbədə həmkarlarımı düşündüm. Onların hansı vəziyyətdə ola biləcəyi ehtimalı daha qorxunc gəlirdi. Allaha şükür ki, bir-bir hamının səsini eşitdim. Bundan sonra çox rahat oldum. Sonradan ilk olaraq gözümün qarşısına anam gəldi. Fikirləşirdim ki, bu hadisəni necə gizlədə bilərəm ki, xəbər tutmasın.

- Adətən insanlar faciəvi hadisələrdən sağ-salamat çıxdıqdan sonra həyata daha möhkəm bağlanırlar və sanki bunu onlara verilmiş ikinci şans kimi qiymətləndirirlər. Həmin qəza sizə nəyi öyrətdi?

-Əlbəttə ki, belə hadisələrdən sonra sağ qaldığımıza görə Allaha şükür etməliyik. Bir müddət ayağımı itirmək təhlükəsi var idi. Amma həkimlərimiz sağ olsun, kəsilmədən qoruya bildilər. PFL kimi biz bu hadisədən sonra daha möhkəm, daha güclü olduq. Tam bir ailəyə çevrildik. Dekabrın 16-da bizim düşdüyümüz qəzaya görə narahatlıq keçirərək müalicə olunduğumuz hospitalın həyətində toplaşan xeyli insan olub. Onlara təşəkkür edirəm. Bizi tanıyanlar, dost-tanışlarımız, qohumlarımız var qüvvələri ilə ailələrimizə dəstək olublar. Belə şeyləri heç vaxt unutmaq olmaz. Onlara bir daha minnətdarlığımı bildirirəm. Allaha şükür edirəm ki, sağıq.

- Ötən il həyatınızın bəlkə də ən çətin dönəmi oldu desək, yanılmarıq. Səhv etmirəmsə, qəzadan bir neçə ay öncə də futbol oynayarkən zədə almısınız…

- Bəli, bu vəzifəyə seçiləndən bir neçə ay sonra futbol oynayarkən əlimdəki baş barmaq sınmışdı. Şükür olsun, hazırda tam bərpa olunub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC