Premyer Liqamızda qış fasiləsində yeganə baş məşqçi dəyişikliyi “Neftçi”də oldu. Belə ki, ikinci dövrənin axırıncı turunda “Kəpəz”lə ev matçından dərhal sonra rumıniyalı Adrian Mutunun gedişini açıqlayan, bu posta gətirdiyi monteneqrolu Miodraq Bojoviçin təqdimatını edən “ağ-qaralar” artıq bu gün onunla ilk rəsmi oyuna çıxacaq. Bu, "Sabah"la səfər matçı olacaq ki, rəqibin də baş məşqçisi əcnəbi - rusiyalı Murad Musayevdi.
Göründüyü kimi, III dövrəyə çempionatımızda çalışan gəlmə baş məşqçilərin dueliylə start götürəcək. Maraqlıdı ki, 56 yaşlı Bojoviçinin məşqçilik karyerasının böyük hissəsi - 15 ilın yaxın müddəti məhz Musayevin Vətəniylə bağlıdı. Özü də bu mütəxəssis Rusiyada çox klub dəyişsə də, həmişə Premyer Liqada işləyib. Murad Oleqoviçinin isə Azərbaycana gələnədək öz ölkəsində yüksək liqada yalnız “Krasnodar”da işləməsi məlumdu.
Burda bir sual ortaya çıxır: Musayevlə Bojoviçin şimal ölkəsində duelləri necə alınıb? Presssport.az saytı bununla bağlı araşdırma aparıb.
İlk olaraq onu bildirək ki, Musayev 2018-ci ilin aprelin 7-də “Krasnodar”la Premyer Lİqada debüt edərək çempion “Zenit”i səfərdə 2:1 hesabıyla məğlub etməklə başlayıb. Onun ilk ev maatçı isə məhz Bojoviçə qarşı olub. Musayevin təcrübəli həmkarı həmin vaxt Tula “Arsenal”ının baş məşqçisi olub. Komandaların Krasnodarkı görüşü meydan sahiblərinin böyükhesablı qələbəsiylə nəitcələnib - 3:0.
Növbəti mövsümdə - 2018/19-da Bojoviç Premyer Liqada ünvanını dəyişərək Samaraya yollandı və yerli “Krılya Sovetov”un baş məşqçisi oldu. Bu, 2018-ci ilin oktyabrın 5-də oldu və bunadək Musayev həmin komandanın qonağı olmuşdu. Musayevlə Bojoviçinin Krasnodardakı qarşılaşması yenə aprel ayına təsadüf etdi və yenə rusiyalı baş məşqçisi qol buraxmadan qələbəyə sevindi - 1:0.
Növbəti mövsümdə “Krasnodar”la “Krılya Sovetov”un ilk dueli birincilərin meydanında oldu. Məhsuldar alınan matçda Musayevin komandası bu dəfə qol buraxsa da, yenə aktivinə 3 xal yazan tərəf idi - 4:2.
Bojoviç həmin mövsümü sonaədk postunda qalmayaraq istefaya göndərildiyindən, Samaradakı duel baş tutmur. O, 2020/21 mövsümündə ümumiyyətlə, işsiz olduğundan, Musayevlə qarşılaşması təbii ki, olmur.
Monteneqrolu çalışdırıcı 2021-ci ilin sentyabrın 3-də “Arsenal”a qayıdır. Sadəcə, həmin ilin aprelin 3-də Musayev “Axmat”a 0:5 hesablı məğlubiyyətdən sonra istefa verdiyindən, onların Rusiyada yolları daha kəsişmir.
Musayevlə Bojoviçin Rusiya Kubokunda da dueli olub. Bu dəfə onlar Samaradakı qarşılaşır və 1/8 finalda qalib bir oyunla müəyyənləşdiyindən, heç-heçə bitən 90 dəqiqədən sonra əlavə vaxt təyin edilməli olur. Burda Musayevin komandası 111-ci dəqiqədə vurduğu qələbə topuyla cütün qalibi olur - 2:1.
Göründüyü kimi, 41 yaşlı Musayev özündən 15 yaş böyük olan monteneqrolu həmkarıyla hər 4 görüşdən qalib ayrılıb. Bu, Rusiyada "Krasnodar"la olub, indisə o Azərbaycanda "Sabah"ı çalışdırır. Murad Oleqoviç Bojoviçi “Neftçi”dəki rəsmi debütündə də məyus edəcəkmi? Bunu bu gün Masazırda biləcəyik.
Murad Musayevlə Miodraq Bojoviçin Rusiyada duelləri
Rusiya Premyer Liqası
14.04.2018. XXVI tur. “Krasnodar” – “Arsenal” – 3:0
06.04.2019. XXIII tur. “Krasnodar” – “Krılya Sovetiv” – 1:0
15.09.2019. IX tur. “Krasnodar” – “Krılya Sovetov” – 4:2
Rusiya kuboku
01.11.2018.1/8. “Krılya Sovetov” – “Krasnodar” – 1:2 (əlavə vaxtda)
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC