Kapitan zədədən sonra penaltilərə səbəbkar olmasına görə məyusdu: "Sosial şəbəkələrdəki söhbətlərin dərinliyinə getmirdik"

“Sumqayıt”ın əsas kapitanı Vüqar Mustafayev cari mövsümdə heç də həmişə oynamır. Belə ki, təcrübəli futbolçununun həm çıxış etdiyi yarımmüdafiənin mərkəzində güclü rəqabətin olması, həm də əməliyyat olunduğundan xeyli müddət yaşıl meydandan kənarda qalması öz sözünü deyir. Vüqar Premyer Liqada XXXI turda “Turan Tovuz”a 4:1 hesabıyla qalib gəldikləri səfər matçından sonra Presssport.az-ın Tovuza ezam olunmuş əməkdaşının suallarını cavablandırıb. 

  • - Oyuna əsasən belə deyə bilərik ki, hesab asan qələbə qazandığınıza göstəricisi olmamalıdı. Çətinlik rəqiblə, sintetik qazonla, yoxsa azarkeş təzyiqi ilə bağlı idi?
  • - Oyuna yaxşı hazırlaşmışdıq. Matçın mahiyyətini dərk edirdik. Qələbəyə köklənmişdik. Rəqibimiz yaxşı komandadı. Tovuzda bütün komandalar çətinlik çəkir. Hazırlıqlı gəlmişdik. Düzdür, hər şey ola bilərdi. Şükürlər olsun ki, qələbə qazana bildik. 
  • - Səmimi olsan, böyükhesablı qələbə gözləyirdiniz?
  • - Hesabın necə olacağını bilmirdik. Bizim üçün əsas qələbə idi. Belə böyükhesablı qələbə gözləmirdik. Amma qələbə qazanacağımıza inanırdıq. 
  • - Matçdan öncə söz-söhbətlər çox idi. Bunlar komandaya nə dərəcədə təsir etdi? 
  • - Biz futbolçular olaraq bu şeylərə o qədər də fikir vermədik. Bilmirəm rəhbərlik necə düşünüb. Biz meydançanın içində qalmaq istəyirdik. Sosial şəbəkələrdə gedən söhbətlərin dərinliyinə getmirdik. 
  • - Qələbə ilə avrokuboklar yolunda vacib addım atdınız. Şansları necə dəyərləndirirsən? 
  • - Qarşıda hələ 5 tur var. Turnir cədvəli sıxdı, hər şey ola bilər. Çalışacağıq ki, 5 oyunda maksimum nəticə qazanaq. Medallar qazanmaq şansımız da var. 
  • - Qarşınıza avrokubok məqsədi qoyulmayıb? 
  • - Məqsədimiz odur ki, bütün oyunlarda maksimum nəticə əldə edək.
  • - Konkret məqsəd olmayanda sanki psixoloji cəhətdən rahat olursuz. Necə düşünürsən? 
  • - Hər futbolçu Avropa Liqasında, Konfrans Liqasında oynamaq, medal qazanmaq istəyər. Qarşımıza məqsəd qoyulmasa da, biz özümüz istəyirik. 
  • - Səncə, hansı oyunlar sizin üçün həlledici olacaq? 
  • - Biri "Turan Tovuz"la oyun idi, burdan qələbə ilə ayrıldıq. Qarşıda "Qarabağ"la ev və sonra yenə Tovuzda matçımız - "Kəpəz"lə görüşümüz var. Bu iki oyundan çox şey asılıdı. Ondan sonra nəsə danışmaq olar.
  • - Mövsümün əvvəlində "Sumqayıt"a autsayder kimi baxırdılar. Nə dəyişdi ki, komanda artıq medallar uğrunda mübarizə aparır? 
  • - Yəqin ki, ötən mövsümkü nəticələrimizə görə elə düşünürdülər. O qədər də geniş heyətimiz yoxdur. Amma komandada olan futbolçuların hamısı əzmkar və keyfiyyətlidi. Hamı komandanın yaxşı nəticələr qazanması üçün əlindən gələni edir. Yaxşı sonluğu hamımız istəyirik. 
  • - Bu mövsüm az şans qazanırsan. Bu, zədələrlə bağlıdı, yoxsa heyətdəki rəqabətlə? 
  • - Zədədən sonra yeni-yeni özümə gəlmişəm. Bəli, heyətdə rəqabət də var. Mövqeyimdə oyunçular çoxdur. Baş məşqçi də oyundan-oyuna rotasiyalar edir. 
  • - Az oynamağın performansına təsir edir?
  • - Belə olduğunu düşünmürəm. Sadəcə, zədədən sonra çıxdığım iki oyunda penaltiyə səbəb olmuşam. Bu, məni məyus edir. Komanda yoldaşlarıma təşəkkür edirəm ki, bu gün əzmkar oynadılar və qələbə qazandıq.
  • - Yeri gəlmişkən, penalti epizodunu necə şərh edərdin? 
  • - Rəqib daha ağıllı davrandı. Haqlı olaraq penalti verildi. 
  • - Gələcəyinlə bağlı qərar vermisən?
  • -  Hələ bu barədə danışmamışıq. Qalmaq istəyirəm. Rəhbərlik, baş məşqçi nə qərar verəcək, bilmirəm. 
  • - Təkliflər var? 
  • - Hazırda yoxdu. Amma qışda - zədədən sonra olub, lakin komandada qalmışam. Artıq real deyil.

 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC