Musa Qurbanlı iyunda “Yurqorden”dən gedəcək: "O, futbolda nadir hallarda yaşanan hadisənin mərkəzindədi”

Musa Qurbanlı ötən yay “Qarabağ”dan ayrılıb “Yurqorden”ə yollananda çoxu sevindi. Çünki daha bir futbolçumuz legioner həyatına başlayırdı. Üstəlik Avropa səviyyəsində ortabablardan sayılan İsveç çempionatında...
Həmin dövrdə nəinki ölkəmizin, İsveçin mətbuatında da Musa ilə bağlı çoxlu yazı dərc olundu, şəninə tərif yağdırıldı. Yaşananları daha yaxşı dəyərləndirə bilmək üçün yaxın keçmişə səfər edək. Yada salaq ki, futbolçu 2022/23 mövsümündə yeni komandasının heyətində 14 dəfə meydana çıxdı. 16-cı turda debüt edən oyunçuya 18-ci istisna olmaqla 30-cu tura qədər şans tanındı. Təəssüf ki, o, meydanda olduğu 798 dəqiqə ərzində yalnız 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qaldı. Məsələnin yaxşı tərəfi həm klub rəhbərliyinin, həm də baş məşqçinin uğursuzluğu anlayışla qarşılaması oldu. Onlar Musanın tezliklə İsveçin ab-havasına və mübarizə şəraitinə uyğunlaşacağını qeyd edirdi.
Lakin ötən mövsüm başa çatandan sonra hadisələrin axarı dəyişdi. “Futbol ili” ərzində İsveç mətbuatında ara-sıra rast gəldiyimiz tənqidlər intensivləşdi. Hətta bəzi jurnalistlər onun təcrübəli mütəxəssis Qurban Qurbanovun oğlu olduğu halda, niyə belə uğursuz olduğunu anlaya bilmədiyini dilə gətirdi. Musanın “Yurqorden”ə layiq olmadığı haqda yayılan xəbərlər klubun yeni hücumçu transfer etməsiylə müşahidə edildi. Millimizin üzvü 27 yaşlı Dəniz Hümmətlə güclənən komandada arxa planda qaldı! Buna İsveçdə yeni mövsümün başlamasından sonra əmin olduq.
Maraq üçün qeyd edək ki, Dəniz geridə qalan 4 turun hamısında meydanda olub və bir qol vurub. Türkiyəli futbolçuya ölkə kuboku çərçivəsində 6 dəfə şans verildiyini və hücumçunun bu turnirdə 3 qol vurduğunu da bildirək. Musa isə sadəcə, ilk turdakı oyunun 70-ci dəqiqəsində meydana çıxıb. Bundan sonra onun komandadakı varlığı nəzərə çarpmır. Baş məşqçisi Tomas Lagerlöfun durumu belə izah etdiyini yazmışdıq: “Rəqabətli vəziyyətdi. Heyətdə yalnız 20 oyunçu ola bilər. Komandada tarazlıq olmalıdı. Daha yaxşı seçimlər olduğunu hiss etdik. Sadəcə, rəqabətə görə belə seçim etdik”.
Əlbəttə, yuxarıda qeyd olunanlara əsasən mütəxəssisin haqlı olduğunu düşünmək olar. Dəniz Hümmət şanslardan yararlanır. Güvəni doğruldur. İş orasındadı ki, Musaya həmin şanslar tanınmayıb. Həmyerlimizə “Yurqorden”in U-21 komandasında iki dəfə şans verilib ki, hücumçu hər iki matçda fərqlənib...
Ümumiyyətlə, hazırda Qurbanlının İsveç klubundan ayrılacağı ilə bağlı xəbərlər gündəmdədi. Ona yerli “Molde”dən təklif gəldiyini xəbər vermişdik. Həmçinin başqa komandaların da futbolçunun xidmətində maraqlı olduğuna şübhə etməyə dəyməz.
Musanın meneceri Tural Əsgərliyə də müraciət etdik. İlk sual isə belə oldu: həqiqətənmi Musa rəqabətə tab gətirmir? Və ya İsveç çempionatı səviyyəsində oyunçu deyil?
Tural bəyi dinləyək: “Düzü, bu turniri yaxından izləmirəm. Onu deyə bilərəm ki, yaxşı çempionatdı. İstər komandalararası rəqabət, istərsə də hakimlik baxımından ciddi çatışmazlıq yoxdu. Buna baxmayaraq, çox yüksək səviyyəli çempionat olduğunu demək doğru olmaz. Konkret Musanın durumuna gəlincə, bəli, “Yurqorden” yeni mövsümə bir neçə futbolçu transfer edərək başlayıb. Məqsədləri çempion olmaqdı. Lakin bunu bacaracaqlarına inanmıram. Çünki yeni oyunçular o qədər də keyfiyyətli deyil. Ən əsası, Musaya rəqib kimi alınan Dəniz Hümmət... O, səviyyə baxımından Musadan geri qalır”.
Belədisə, yığmamızın futbolçusuna niyə güvənilmir? Qurbanlının İsveç mətbuatında tez-tez pislənməsini və bunun meydanda yaşananlara təsirini nə ilə izah etmək olar? Menecerin iddiasına görə, səbəb birbaşa futbolla bağlı deyil:
“Hesab edirəm ki, bu gün Musanın heyətdən tam kənarda qalması məhz futbol məsələləriylə bağlı deyil. Məncə, problemin oyunçunun səviyyəsiylə əlaqə yoxdu. Bəs səbəb nədi? Bu, bizə də maraqlıdı. Heç özümüz də bu suala cavab tapa bilmirik. Bizi də maraqlandıran budu. Ümumiyyətlə, Musa futbolda nadir hallarda yaşanan hadisənin mərkəzindədi. Klub pul verib aldığı, israrla istədiyi oyunçunu tam heyətdən kənarda qoyur, heç bir şans vermir. Belə hala çox təəccüblənirik. Çalışırıq ki, səbəbləri araşdıraq. Görünür, problem elə şeydi ki, bunu bizə açıq-aşkar demək istəmirlər”.
Görəsən, hadisələrin axarı bizimkinin karyerasını hansı yöndə aparacaq? Onun tezliklə “Yurqorden”dən ayrılacağını düşünmək olarmı? Tural bəyin sözlərinə görə, “transfer pəncərəsi”nin açılmasını gözləmək lazımdı:
“İnşallah, Musa iyunda “Yurqorden”dən ayrılacaq və başqa təkliflər dəyərləndiriləcək”.
Qeyd edək ki, Musanın İsveç təmsilçisi ilə müqaviləsi 2026-nın iyuluna qədər qüvvədədi (futbol+).

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC