Martın 12-də Azərbaycan Reqbi Federasiyasının ümumi yığıncağı keçirildi və yeni təyinatlar reallaşdı. Röyal Süleymanov Azərbaycan Reqbi Federasiyasının prezidenti seçilib. Qurumun baş katibi isə Eldar Kərimov olub. Eldar Kərimovla reqbinin hazırkı vəziyyəti, qarşıda duran planlar və s. məsələlər barədə danışıb.
Presssport.az həmin müsahibəni təqdim edir:
- Öncəliklə yeni təyinat münasibətilə təbrik edirəm. Azərbaycan üçün o qədər də populyar olmayan idman növünü ölkədə kütləviləşdirmək üçün qarşınızdakı ilkin vəzifələr hansılardır?
- Reqbinin ölkəmizdə inkişafı bir neçə mərhələdən ibarətdir. Prioritet istiqamət uşaq və yeniyetmə reqbisidir ki bu istiqamətdə fəaliyyətimiz aktiv davam edir. Dövlət və özəl məktəblərdə “tag-rugby” (təmassız reqbi növü) üzrə komandalar yaradılır, oyunların keçirilməsinə başlanılıb. Bu gün belə komandaların sayı 8-dir. Bunlardan 4-ü Bakı şəhərində, 4-ü isə Sumqayıt və Şamaxı fəaliyyət göstərir. İyun ayına qədər daha bir məktəbin Bakıda və 3 məktəbin bölgələrdən reqbi ailəsinə qoşulması gözlənilir. Sentyabr ayından etibarən ölkəmizdə ilk dəfə reqbi üzrə Məktəb Liqasının keçirilməsi nəzərdə tutulub. Yaxın iki il ərzində isə məktəblərdə 3 yaş dərəcəsi üzrə komandaların fəaliyyət göstərməsi planlaşdırılır və hər yaş dərəcəsi üzrə ayrıca yarışlar keçiriləcək. Universitet liqası da yaradılacaq və beləliklə biz 10 yaşından 18 yaşına qədər bütün uşaq və yeniyetmələri əhatə edə biləcəyik. Əlbəttə ki komandaların yaradılması ilə yanaşı onların mövsüm boyu davamlı olaraq oyunlar keçirməsini, xarici komandalarla oyunlarda oyun təcrübəsi qazanmasını da təmin edəcəyik. Bununla yanaşı kişi və qadınlardan ibarət klubların yaradılması və milli çempionatın keçirilməsi də atılacaq vacib addımlardan biridir. Bütün bu və digər layihələrin sayəsində kifayət qədər güclü milli yığma komandalarımızın (yeniyetmələrdən, gənclərdən və böyüklərdən ibarət) formalaşması təmin ediləcək.
- Xarici komandarlarla oyun məsələsinə toxundunuz, ümumilikdə inkişaf üçün başqa hanısa beyxəlxalq əməkdaşlıqlar nəzərdə tutulur?
- Şübhəsiz ki bu idman növünün Azərbaycanda əsaslı şəkildə inkişafında beynəlxalq tərəfdaşlarımız olduqca vacib rol oynayacaq. Xarici təcrübələrin ölkəmizdə implementasiyası bu prosesi bir xeyli sürətləndirəcək. Bu yöndə bizim əsas tərəfdaşımız qonşu Gürcüstandır. Uzun illərdir ki onlarla tərəfdaşlıq edirik, birgə layihələr həyata keçiririk. Bildiyiniz kimi Gürcüstan Avropa və dünya reqbi reytinqində nəhəng ölkələrdən biri sayılır. Bundan əlavə Qazaxıstan, Türkiyə, Bolqarıstan və İtaliya reqbi Federasiyaları ilə sıx tərəfdaşlıq əlaqələrimizdən istifadə edib həmin ölkələrin təcrübəsindən yararlanacayıq. Son günlərdə “Qarabağ” reqbi klubunun İngiltərənin “Reading” RFC klubu ilə tərəfdaşlığa başlaması da sevindirici haldır ki klublarımız da inkişaf istiqamətində özləri də aktivlik göstərirlər.
- Güləş, şahmat, boks və s. kimi idman növlərində şahid oluruq ki, xaricdən təcrübəli mütəxəssislər dəvət olunur. Bu yöndə nələrsə nəzərdə tutmusunuz?
- Belə bir niyyətimiz var. Hazırda adını açıqlamağı düzgün olmaz, amma gürcü mütəxəssisin ölkəmizə gəlməsi üçün danışıqlarımız müsbət yöndə davam edir. Bu mütəxəssisin reqbidə uşaq və yeniyetmələrlə iş üzrə təcrübəsi olduqca zəngindir və Azərbaycanda bu sistemin oturuşmasında bizə o kömək edəcək. Danışıqlar müsbət yekunlaşdıqda bu haqda mediaya ətraflı məlumat veriləcək.
- Bizim üçün o qədər də tanış olmayan idman növünün inkişafı üçün hansı çətinliklər var?
- Əsas çətinliyimiz uşaqları bu idman növünə cəlb etməkdir. Balacaların həvəsi yüksək olsa da valideyinlər arasında “reqbi” sözü müəyyən stereotiplərin sayəsində qəddar bir idman növü kimi qəbul edilir. Lakin bu problemin həlli yolunu böyük ölçüdə tapmışıq. Məktəb komandaları arasında “tag-rugby” üzrə oyunların keçirilməsi və valideyinlərin o oyunlara dəvət edilməsi, həmçinin düzgün PR və marketinq strategiyası sayəsində biz bu idman növünün uşaqlar üçün tam təhlükəsiz və eyni zamanda olduqca faydalı olmasını valideyinlərin diqqətinə çatdıra bilirik. Təsadüfi deyil ki Avropa Azərbaycan Məktəbi və Sumqayıt 10 saylı orta məktəbi arasında keçirilən məktəblilərin ilk oyunundan sonra uşaqlarını reqbiyə yazdırmaq istəyən valideyinlərin sayı hiss olunacaq dərəcədə artdı. Bu və digər tədbirlərin keçirilməsi ilə kütləvilik baxımından məqsədimizə doğru inamla irəliləyəcəyimizə əminəm. Bu arada media nümayəndələrinin fəaliyyəti də bizim üçün bu istiqamətdə olduqca faydalıdır və mən fürsətdən istifadə edib dəyərli jurnalistlərimizin reqbini diqqətdə saxlamasına, bu idman növünü işıqlandırmasına görə federasiyamız adından dərin təşəkkürümü bildirirəm.
- Siz də qeyd etdiyiniz kimi, inkişaf üçün yarışlar vacibdir. Komandalarımızı hansı yarışlar gözləyir?
- Yarışları ölkədaxili və beynəlxalq turnirlərə bölsək, ölkədaxili yarışlara Məktəb liqasını, kişilər arasında Azərbaycan milli çempionatını, qadınlardan ibarət heyətlərin də formalaşacağı təqdirdə qadınlar arasında da milli çempionatını qeyd etmək olar. Bunlardan əlavə, çoxsaylı turnir və festivallar da illik tədbirlər planında öz əksini tapacaq. Beynəlxalq yarışlara gəlincə, yeniyetmələrdən ibarət milli yığma komandamızın beynəlxalq yarışlarda iştirak etməsi, beynəlxalq oyun təcrübəsi toplaması bizim üçün yaxın bir neçə ildə güclü A milli yığma komandasının formalaşması baxımından olduqca vacibdir. Klublarımızın da xarici ölkələrdə keçiriləcək yarışlarda iştirakı gözlənilir. Və əlbəttə əsas milli yığma komandamızın gələn ildən Avropa Millətlər Kubokunda iştirakını da qeyd etməliyəm.
- Bəs Azərbaycanda necə, beynəlxalq yarışların keçirilməsi planlaşdırılır?
- Biz ölkəmizdə bir sıra yarışları keçirməyi planlaşdırırıq. Bunlardan ənənəvi “Heydər Əliyev Kuboku” və “Zəfər Kuboku” yarışlarını qeyd edərdim. Hazırda digər turnirlərin keçirilməsi də planlaşdırılır. Bu yöndə işlərimiz davam edir.
- Klubların saxlanılması, maliyyə cəhətdən onlara yadım edilməsi yəqin ki, yeni yaranmış federasiya üçün bir qədər çətin olacaq. Ona görə də sponsorların cəlb edilməsi məsələsi aktuallaşır. Və nəzərə alsaq ki, 3-4 idman növü istinsa, bir çox sponsorlar qeyri-populyar idman növlərinə maraq göstərməyə çəkilirlər və ya heç diqqət etmirlər. Bu yöndə hansı işləri görməyi planlayırsınız?
- Sizinlə razıyam. Əsasən də dediyiniz kimi, qeyri-populyar idman növlərinə sponsor cəlb etmək asan deyil. Lakin bu istiqamətdə də işimizi aktiv davam etdiririk və yaxın zamanda bu haqda da rəsmi məlumat verəcəyik.
- Planlarınızdan bəhs etdiniz, lakin görünən odur ki, bir neçə müvafiq qurumlarla da əməkdaşlıq vacibdir...
- Uşaqların idmana cəlb olunmasında ən vacib rolu Elm və Təhsil nazirliyi və rayon Təhsil idarələri oynayır. Bu istiqamətdə adını çəkdiyim nazirlik və Abşeron-Xızı regional təhsil idarəsi bizim üçün lazım olan şəraiti yaratmağa başlayıblar və buna görə mən onlara bir daha minnətdarlığımı bildirirəm. Yaxın zamanda bizim Bakı şəhəri və bölgələrdə yerləşən Təhsil idarələri ilə təmaslarımız olacaq. Sevindirici haldır ki artıq bir neçə özəl təhsil müəssisəsi də bu idman növünü məktəb proqramına əlavə edib. Bundan əlavə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin də reqbinin inkişafinda bizə gostərdiyi dəstək çox vacib rol oynayır və bizdən olan gözləntiləri biz doğruldacayıq. Bu istiqamətdə fəaliyyətimizi maksimum dərəcədə davam etdirəcəyik.
- İstədiyiniz nəticəyə nail olmaq üçün nə qədər zaman lazımdır?
- İlk baxışdan reqbi ölkəmiz üçün yad görünə bilər. Amma gəlin birlikdə nəzər salaq ki, bu oyun hansı elementlərdən ibarətdir.
1. “Tackling” (güləş) elementləri: Yəqin ki mənimlə razılaşarsınız ki Azərbaycanda güləş və cüdo olduqca uğurlu və populyardır və oyunun bu elementində hansısa çətinliyimiz gözlənilmir;
2. “Scrum” (kollektiv şəkildə rəqibə təzyiqin edilməsi): burada fizik güc ilə yanaşı düzgün texnika vacib rol oynayır və burada da bizim idmançılar üçün çətinliyin olmasını düşünmürəm;
3. “Koridor” (yan xətdən topun oyuna daxil edilməsi zamanı oyunçuların komanda yoldaşları tərəfindən yuxarı qaldırılması): bu hərəkət bir növ ağır atletika elementinə bənzəyir, burada da tələb olunan fiziki güc və reaksiyadır, hansı ki milli idmançılarımızda mövcuddur və məşqlərlə daha da təkmilləşəndir;
4. “Open game” (topun əl və ayaqla idarə edilməsi ilə açıq oyun): Oyunun əksər hissəsi topla qaçışdan ibarətdir. Burada yüngül atletika, futbol və həndbol elementləri mövcuddur və bu oyunlar ölkəmizdə uğurla oynanılır və tanınır.
Gördüyümüz kimi bu idman növünüdə azərbaycanlı idmançılar üçün qeyri-adi fəndlər, hərəkətlər yoxdur. Sadəcə bütün bu elementləri bir araya yığıb oyunu qurmaq lazımdır. Bu isə müəyyən zaman tələb edir ki, insanlarımız bu oyuna alışsın. Əminliklə deyə bilərəm ki, reqbi ölkəmizdə qısa müddətdə uğurlu və populyar idman növü olacaq.(futbolpress.az)
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC