"Sumqayıt"ın "Fair Play"ə əməl etməməsi "Kəpəz"in futbolçusuna dərs olub: "Dizimi yerə atıb dua elədim ki, ay Allah, bu haqsızlığı yerdə qoyma"
Premyer Liqada XXXIII turun açılış matçı Tovuzda olaraq, çox gərgin dramatik alındı. Görüşün əsas qəhrəmanlarından olan “Kəpəz”in gənc sol cinah müdafiəçisi Rüfət Əhmədov oyundan sonra Presssport.az-ın Tovuza ezam olunmuş əməkdaşının suallarını cavablandırıb.
- - Gərgin keçən oyunu necə şərh edərdin?
- - Əslində, ikinci hissədə yaxşı oynadıq. İlk hissədə isə istədiyimiz oyunu oynaya bilmirik. Fasilədən sonra isə fərqli mənzərə olur və məncə, komandamız daha yaxşı oyun göstərdi. Qoladək üstün idik. Ümumiyyətlə, oyunu “Sumqayıt”dan üstün oynadıq.
- - Matçda əsas diqqət mərkəzinə düşən qapınıza vurulan qola toxunaq…
- - Həmin epizodda özüm də dayandım ki, topu çıxarım. Sonra gəldi onların futbolçusu topu məndən aldı və yekunda bu, qol oldu. Amma haqq-ədalət heç vaxt yerdə qalmır da…Allah böyükdü! Axır-əvvəl istədyimizə gəlib çatdıq. Əslində, meydana 3 xal üçün çıxmışdıq. Amma yenə də şükür, haqqımız axırıncı dəqiqələrdə yerini tapdı.
- - Baş məşqçiniz Adil Şükürov oyunsonrası mətbuat konfransında söylədi ki, oyuna gələn bu intriqa sırf sənin epizodunla bağlıdı. Səni bu matçın qəhrəmanı, yoxsa günahkarı hesab edək?
- - Nə qəhrəman, nə də günahkar deməzdim.
- - Ən azından azarkeşlər dramatik bir oyun izlədilər…
- - O baxımdan ola bilər. Bu, hər bir futbolçunun başına gələcək bir şeydi. Əslində, yaxşı bir şey eləmək istəyirdim.
- - Yəni, niyyətin yaxşı idi…
- - Bəli, rəqib komandaya hörmətimi göstərdim. Çünki Allah uzaq eləsin, futbolçuya elə bir şey olardı ki…Bu, futboldu, əsas sağlamlığımız vacibdi. Nəticə də önəmlidi, amma bu həyatda sağlamlıqdan heç nə önəmli deyil.
- - Necə hesab edirsən, bu, sənə dərs oldu? Bu epizoddan sonra topu çıxararsan?
- - (gülür) Bundan sonra yüz faiz dayanmaram.
- - Bəlkə tövbə edəsən “Fair Play” əməlinə?
- - Eləmərəm, əstəfüllah. Sadəcə, baxır necə…Ancaq belə vəziyyətdə daha heç vaxt bunu etmərəm.
- - Razılaşırsan ki, sanki nisbətən bir az təcrübəsiz hərəkət elədin? Ya birbaşa kənara vurarardın, ya ümumiyyətlə, topu əlinə götürərdin…
- - Əslində, topu kənara vurmaq istəyirdim. Pauza elədim, çevrilib baxdım. Birincisi, bir az fikirli qaldım, sonra dedim ki, ən yaxşısı kənara çıxarım. Çıxarmaq daha uyğundu, çünki futbolçu yerdə qalıb. Orda da gördüm ki, Rövlan Muradov topu məndən alıb və hücumlarının sonda top qapımızdadı.
- - Adil müəllim onu da vurğuladı ki, Rüfət çox stress keçirirdi, çox həyəcanlı idi, əslində, futbolçu belə olmamalıdı. Bəlkə, bu, həlim xasiyyətə malik olmağından irəli gəlir?
- - Belə deyim, uşaqların əziyyəti vardı, özümdən çox ona heyfsilənirdim. Özümə əsəbiləşirdim ki, niyə bunu etdim. Heç-heçə olmaya, “Sumqayıt” qələbə də qazana bilərdi. Lakin komandanın, azarkeşlərin, hamının əziyyəti var bugünkü gündə xal qazanmağımızda. Onların əziyyətini yerdə vurduğum üçün o qədər stressli, peşman idim.
- - Vurduğunuz qol zamanı Adil müəllim braziliyalı qapıçınza da işarə etdi ki, irəli get və arxada tək san qaldın. Meydanın kənardında dizini yerə qoyub Allaha dua elədin. Qol epizodunu görə bildinmi? O andakı təəssüratlarını bizə çatdırardın…
- - Gördüm qolu. Dizimi yerə atdım və dua elədim ki, ay Allah, bu haqsılığı yerdə qoyma. Allah da böyükdü, şükürlər olsun ki, dualarım qəbul olundu. Allah heç vaxt haqsızlığı yerdə qoymur.
- - Bərabərlik qolunuzu vyrandan sonra baş məşqçinizə yaxınlaşın nələr dedin? Bu qədər gərginlik qatmısan oyuna, fikirlərinlə də ən azı gərginlik davam elədi…
- - Bu, futboldu, emosiya oyunudu. Dedim ki, haqq-ədalət öz yerini tapdı. Nə qədər də onlar “Fair Play”i pozsalar da, haqq-ədalət əvvəl-axır biz tərəfdə oldu.
- - Rəqib meydanda “Fair Play”ə əməl etmədi. Bəs, oyundan sonra ən azından yaxınlaşdılarmı?
- - Elə sizinlə söhbətdən əvvəl onların kapitanı Vüqar Mustafayev öz fikrini söylədi. Dedi ki, mən də gedib məşqçiyə yaxınlaşdım. Meydanda olanlar elə orda qaldı.