"Deyirdim ki, heç kim sakitləşməyib, məğlubiyyət olanda üzə çıxacaqlar" - Ayxan

"Əlbəttə, üzücü məğlubiyyətdi. 90 dəqiqə üstün oynadıq. Fərdi səhvlərdən sonra rəqib qollar vurdu. Çoxlu qol epizodumuz oldu. Son üç oyunun hamısında rəqiblər bizdən oyun baxımından üstün olmayıb. Fərdi keyfiyyət öz sözünü dedi. Son matçlarda qırmızı vərəqələr bizi pis vəziyyətdə qoydu. Bu, olmamalıdır. Qarşımızdakı məqsəd liqada möhkəmlənməkdir. Sona 4-5 tur qalmış iddiamız davam edirdi. "Sumqayıt"la oyundan sonra şanslarımız azaldı. Bəlkə də itkilərimiz olmasaydı, sona qədər mübarizədə yer alardıq. Səbrli olmalıyıq. Yola birlikdə çıxmışıq. Bilirik ki, bölgədə çalışmaq çətindi, təzyiq çoxdu. Bunun öhdəsindən gəlməliyik".

Presssport.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 33-cü turunun “Zirə”ylə ev görüşündən (1:2) sonra keçirilmiş mətbuat konfransında deyib.

O, ardından jurnalistlərin suallarını cavablandırıb.

- Ötən oyunda Brunao, bu gün isə Roderik Miller qırmızı vərəqə ilə cəzalandırıldı. Bununla bağlı tədbir görəcəksiniz?

- Klubun öz kodeksi var. Tədbirlər görülür. Məğlubiyyət olar, amma qırmızı vərəqələr qəbuledilməzdi. Futbolçuları da başa düşürəm, mübarizədi. Amma vərəqələr az olmalıdı.

- Yayda qapıçı transfer edəcəksiniz?

- Son oyunlardı və bununla bağlı indi açıqlama vermək mənə yaraşmaz. Futbol səhvlərin üzərində qurulub. Fərdi keyfiyyət dedikdə, bunları nəzərdə tuturam. Hər mövqedə güclənmək istəyirik. Keçənilki çempionatla bu mövsüm arasında fərqlər çoxdu. Bu mövsüm daha çətin oldu. 3-4 futbolçu transfer etməklə hazırıq desək, yalan olar. Futbolumuzda çatışmayan şey fikirdi. Biz fikirdə uduzuruq. Tələsmək olmaz. Keçən il də bizdən avrokuboklara vəsiqə istəyirdilər. Biz də nələrsə etmək istəyirik. "Turan Tovuz" 30 il əvvəl avrokubokda oynayıb. Bölgəyə futbolçu gətirmək çətindi. Ötən illə müqayisədə inkişaf etmişik. İş görmək istəyirik. Əlbəttə ki, maneələr olacaq. Ruhdan düşməməliyik.

- Mövsüm bitdikdən sonra azarkeşlərlə görüş keçirməyi planlaşdırırsız?

- Bir şeyi qəbul etmək lazımdır ki, Tovuzda kütlə böyükdür. Onlarla mütəmadi danışırıq. Azarkeş fikirləri fərqlidi, hər kəsi razı sala bilmərik. Bəzən elə şeylər istəyirlər ki, reallıqdan kənara çıxırlar. Bəziləri hansı əziyyəti çəkdiyimizi bilmirlər.

- Sanki bəziləri sizin haqda istefa şüarını səsləndirmək üçün fürsət gözləyir. Bu məsələ haqda nə düşünürsünüz?

- Mənə bu sual çox verilib. Deyirdim ki, heç kim sakitləşməyib, məğlubiyyət olanda üzə çıxacaqlar. "Turan Tovuz" mənə yad deyil, burada futbol oynamışam. Yerimdə başqası olsa, yenə eyni problem yaranacaq. Bilmirəm, məndən niyə xoşları gəlmir…Keçən il deyirdilər ki, komanda az qol vurur. Bu il qol vururuq, yenə narazıdırlar. Rəhbərliyə söz vermişəm, verdiyim sözü yerinə yetirirəm. Bacarmasam, çıxıb gedəcəm. Burdan yapışıb qalmamışıq, getməyi də bacarırıq. Digər komandalar qədər pul xərcləməmişik. Komanda baxımlı futbol oynayır. Ən çox qol vuran ikinci komandayıq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC