Rekordçu I Liqada oynamağı özü üçün zülm sayır: "10 komandada "Qəbələ"ni saxlasaydılar, hansısa klublar inciyəcəkdi"
Premyer Liqada son pillənin sahibi “Qəbələ”nin I Liqaya düşüb-düşməyəcəyi ilə bağlı suallara nəhayət, aydınlıq gəldi. Belə ki, AFFA İcraiyyə Komitəsinin qərarıyla idman prinsiplərinə görə son pillənin sahibi Premyer Liqada yerini itirəcək. “Qırmızı-qaralar”ın vitse-kapitanı, oyun sayında rekordçusu olan Ürfan Abbasov qərarla bağlı Presssport.az-ın suallarını cavablandırıb.
- Belə qərar çıxarılacağını gözləyirdin?
- Vallah, ümid edirdim ki, xeyrimizə nəsə qərar verərlər. Amma təəssüflər olsun ki, o qərarlar verilmədi.
- Buna görə hardasa AFFA-nın qınayırsan ki, sizə dəstək olmadılar, yoxsa daha çox özünüzü günahlandırırsınız?
- Təbii ki, özümüzdə də görürük. Yəni, bu vəziyyətə gətirib çıxardıq. Ümumi səhvlər oldu, təkcə komanda, oyunçular barəsində yox. Nəticədə vəziyyət gəldi bu yerə çıxdı. Lakin yenə də ümid edirdik ki, bəlkə komanda sayı artırılacaq, gözlənti belə idi.
- Yəni, 12 komanda olar, “Qəbələ” də qalar…
- Bəli, biz də qalsaydıq, nə inciklik olacaqdı, nə də bir şey. Misal üçün 10 komanda olsaydı, biz qalsaydıq, hansısa klublar inciyə bilərdi. Elə götürək “Şamaxı”nı, keçən mövsüm son pillənin sahibi kimi idman prinsiplərinə uyğun olaraq I Liqaya düşdü. Bu il belə olmasaydı, başqa cür danışılacaqdı. Buna görə 2 komandanın əlavə olunmağı ona görə yaxşı idi ki, heç kim çox narzı qalmazdı. 10 komandalıda biz qalsaydıq, o düzgün olmayacaqdı.
- Səncə, bu qərar "Qəbələ"nin gələcək taleyinə mənfi təsir göstərə bilər? Toparlanıb elə gələn mövsüm Premyer Liqaya qayıda biləcəkmi, yoxsa..?
- İnanıram ki, klub öz imicini qoruyacaq. İnanmıram kİ, I Liqaya düşməyimiz klubun dağılmasına şərait yaratsın. Çünki “Qəbələ” böyük klubdu. Elə bir klubdu ki, həm yaxşı günləri görüb, indi də pis günü. İnanmıram ki, buna nəsə dağınıqlıq olsun. Məncə, hər şey qaydasında gedəcək, mübarizə oparaq yüksək liqaya qayıtmaq mümkün olacaq.
- “Qəbələ”də ən çox oyun keçirən futbolçusan. Müqavilıən də bitir, komanda da I Liqaya düşdü. Qalıb geri qayıtmağa kömək edəcəksən?
- Sözün düzü, bu, elə bir sualdı ki, vəziyyətə baxacağıq. Gözləyəcəyik ki, görək necə olur.
- Misal üçün "Yuventus" o vaxt B Seriyasına göndəriləndə, bir neçə təcrübəli futbolçusu qalıb ona sadiqlik nümayiş etdirdi və birgə də A Seriyasına döndülər. Bəs siz? Az pula qalıb oynacaqsınız?
- Söhbət təkcə puldan getmir də. Özünüz də bilirsiniz, şəxsən mən ağır zədə almışdım. Belə zədədən sonra gedib I Liqada o stadionlarda oynamağım çətin olacaq. Ordakı meydaçalar çox pisdi, bərbaddı və özümə ancaq zülm verəcəm, futbol oynamayacam. O şeylər də var. Buna görə də hələ ki tam dəqiq qərarımı da verməmişəm. İnşallah, görək necə olacaq. Sözün düzü, heç bir təklifim də yoxdu.
- Deyirsən ki, mənə I Liqadakı stadionlarda oynamaq zülm olacaq. Başqa təklifim də yoxdu. Ola bilər ki, 32 yaşın karyeranı bitirməli olasan?
- Aşığı, istəmirəm qurtarmaq. Ancaq məcbur qalsam, yəqin ki, oynayacam da, neyləyim…
- Bu yaxında “Qəbələ"də 300-cü oyununu keçirdin. Bu sayı artırmaq, şəxsi rekordun sənə əlavə stimul verəcək, yoxsa bu, elə önəmli amil deyil?
- Yox, əlbəttə, istəyərdim ki, bu say artsın, daha çox matç oynayım. Lakin yenə deyirəm ki, bunu inşallah, zaman göstərəcək.
- Ən yaxın izləyicin Asif Məmmədov 250-yə çatdı. Amma onun da yaşını (38) nəzərə alsaq, sənə çatması real görünmür. Necə düşünürsən, uzun illər rekordu sən olacaqsan? Kiminsə yaxın illərdə bu rekordu qırmasını real görürsən?
- Yəqin, cavanlardan kim daim oynasa, rekordumu qıra bilər. Amam belə hələ ki inandırıcı deyil.
- Ümumiyyətlə, rekordunun qırılmasını istəyərdin?
- Əlbəttə ki. Rekord deyəndə, şükürlər olsun, şərait yaradılıb, oynamışıq. Yenə deyirəm, əsas odur ki, "Qəbələ" klubu daim yaşasın. Burad həmişə yaxşı gənclər, yaxşı kadrlar olub. İstəyərdim ki, bundan da çox oyun oynasınlar, “Qəbələ”nin adı daim yaşasın.
- İcraiyyə Komitəsində o da qərara alınıb ki, Akademiya və infrastrukturun fəaliyyətinin hazırkı şərtlərlə davam etdirilməsi üçün “Qəbələ” klubuna növbəti mövsümdə dəstək göstərilsin. AFFA bir ay ərzində bu istiqamətdə “Qəbələ” klubu ilə intensiv işləyəcək və İcraiyyə Komitəsinin növbəti iclasına qədər təkliflər təsdiq üçün təqdim olunacaq…
- Sözün düzü, bunu eşitməmişdim, sizdən xəbər alıram. Qəbələdə o cür meydançalar, insfrastruktur, akademiya var. Açığı, özümü də fikirləşmirəm, klubda o qədər işçi var, onların vəziyyəti necə olacaq…Klubda qalıb işləmələri əsas vacibdi. Onlar olmasa, o meydançaların da heç bir dəyəri olmayacaq. Onlara baxmaq üçün gərək işçilər olsun. Buna görə maddi dəstəyin olmağı məni sevindirir. Belə bir şey varsa, doğrudan da təqdirəlayiqdi, çox yaxşıdı. “Qəbələ”nin indiki vəziyyətdə həqiqətən dəstəyə ehtiyacı var. Bu dəstəklər olmasa, Qəbələdə yaradılan şəraiti saxlamaq çətin olacaq.