Çempionun "master-klass"ı, məğlublar üçün qapıçı bəlası

Azərbaycanda artıq populyar olan minifutbol. Bu idman növündə milli komandamız 2022-ci ildə Avropa çempionu olandan sonra keçirilən ölkə çempionatlarına diqqət böyükdü. Artıq növbəti mövsüm də tarixin yaddaşına köçdü. Dünən Bakı Tennis Akademiyasına toplaşanlar mükafatçıları müəyyənləşdirən həlledici matçlara şahid oldu. 

Öncədən onu bildirək ki, təşkilatçılıq yüksək səviyyədə idi. Azərbaycan Minifutbol Federasiyası (AMF) bunun üçün yaxşı çalışaraq tribunalarda olanlarla zövqlü anlar yaşatdılar. Burda olmaqla həm maraqlı futbolu seyr etmək olardı, həm də maraqlı şouları.

İlk olaraq 3-cü yer uğrunda matç keçirildi. Burda “Real Bakı”yla "Odlar Yurdu" qarşılaşdı. Ardından isə çempionluq matçında “Birbaşa Bakı”yla çempionatın əsas sürprizi “Aznur” görüşdü. Hər 2 matçda əzmkar qələbələr qeydə alındı və məğlublarda qapıçı amili həlledici oynadı. Belə ki, “Odlar Yurdu” 1:3 hesabıyla uduzduğu oyuna qapıçısız gəlmişdi. Komandanın hər 2 qapıçısı həmin gün II Liqada oyunları olduğundan gələ bilməmişdi. Nəticədə kapitan, təcrübəli futbolçu Hüseyn Axundov “çərçivə”də idi və sonadək oynayan qapıçı olmalı oldu. Yeri gəlmişkən, minifutbolda II Liqada oynayan futbolçular çoxdu və həmin gün "Baku Sportinq"lə çempion olan hücumçu Bəxtiyar Soltanovla müdafiəçi Comərd Baxşəliyevlə Hüseynlə birgə çempion olaraq gəlmişdilər. Sadəcə, Comərd əks düşərgədə olduğundan, minifutbolda onlara rəqib idi. “Füzuli”də 1 oyunda 7 qol vuran hücumçu Elvin Nəsibov isə “Aznur”un heyətində idi və ilk dəqiqələrdən zədə alaraq daha meydana çıxa bilmədi.

Ümumiyyətlə, bu komanda finalada zədənin çox acısını çəkdi. Belə ki, təcrübəli qapıçısı İlqar Rzayev ilk dəqiqələrdən iş başında olsa da, fasiləyə az qalmış rəqiblə toqquşmadan sonra ayağından xəsarət aldı. Qolkiperə 2 dəfə tibbi yardım göstərilsə də, axsayaraq “çərçivə”də dayana bilmirdi. Təsadüfi deyil ki, buraxdığı ilk qolun qarşısının almamasına məhz zədəli olması mane oldu. “Aznur”un ehtiyat qapıçısı olmadığına görə “çərçivə”yə sahə oyunçusu keçdi və onun səhvləri nəticəyə birbaşa təsir göstərdi.

Rəcəb Fərəczadənin komandasının mövsümün əsas sürprizi olduğunu əbəs yerə vurğulamadıq. Çünki “Aznur” çempionluğa əsas namizəd olan, ilk mərhələni yüzfaizli nəticəlyə - 15 oyuna 15 qələbəylə başa vuran “Zirə”ni pley-offada qol buraxmadan keçmişdi (2:0, 5:0). Burda da oyuna seçilən düzgün taktika böyük rol oynamışdı. Çoxları məhz “Zirə” - “Birbaşa Bakı” finalını gözlədiyi halda, ikincilər əsas rəqibini sıradan çıxaranı sınağa çəkdi və startdaca çətinliklə üzləşdi. Çünki qapısında ilk topu görən oldu və yalnız ilk hissənin sonunda bərabərlik qolunu vura bildi. Bunun müəllifi isə böyük futboldan yaxşı tanıdığımız Təmkin Xəlilzadə oldu. Millimizin sabiq üzvü matçda dubl, həlledici qolların müəllifi olaraq qələbədə (5:2) böyük pay sahibi oldu. Təmkinə tribunadan izləyən qardaşı, ailə üzvləri böyük dəstək göstərdi ki, o, hər qolundan sonra onlarla sevincini bölüşdü. Sonda isə 31 yaşlı Xəlilzadə daha sevincli idi. Çünki mövsümün ən yaxşı futbolçusu adına layiq görüldü və mükafatı oan AMF-nin prezidenti Orxan Məmmədov təqdim etdi. 

Dəstəkdən söz düşmüşkən, həmin matçı “Neftçi”nin futbolçuları da izləyirdi. Bunlar millimizin üzvləri Rza Cəfərov, Azər Salahlı, Filip Ozobiç və belaruslu Yeqor Boqomolski idi. Görünür, onlar klub rəsmisi, “Birbaşa Bakı”nın yaradıcısı və kapitanı olan Kamil Məmmədova dəstək olmağa gəlmişdi. 

Təbii ki, çempiona əsas dəstək onun fan-klubundan idi ki, həm matçda, həm də ondan sonra təltifetmə mərasimində çılğınlıqla dəstək göstərdilər. Ümumiyyətlə, yaxşı maliyyə imkanlara “Birbaşa Bakı” hər mənada səviyyəcə hamını üstələyirdi. Bu, istər məşqçilər korpusunun, istərsə də oyunçu heyətinin geniş olmasından görünürdü. Yeri gəlmişkən, minifutbol yığmamızın Avropa çempionu heyətindən Vüsal İsayev, Elvin Əlizadə və Mirmehdi Rzayev bu dəfə ölkə çempionu oldular. Mirmehdi də finalda dubla imza atdı, Vüsal 1 qol vurdu. Onların məyus etdiyi qapıçı isə millidə birgə Avropa çempion olduqları, qapıda dayanmalı olan Təmraz Əmircanov idi.

"Birbaşa Bakı"nın yaranmasında iki nəfərin - "Qusar" və "Neftçi"dən tanıdığımız keçmiş FİFA meneceri Kamil Məmmədovla yanaşı, bir neçə şirkətin təsisçisi, iş adamı İlkin Qəriblinin böyük əziyyəti var. Həvəskar komandaya peşəkar səviyyədə necə baxılması sadəcə, göz oxşayır ki, bu da yaradıcıların xüsusi diqqətinin göstəricisidi.  

Bir sözlə, səviyyə fərqi öz sözünü dedi və çempion “master-klass” göstərərək titulunu qoruya bildi. İndisə qarşıdakı daha məsul sınaq - Çempionlar Liqasında oyunlar var ki, həm “Birbaşa Bakı”ya, həm də avrokuboklardakı bütün təmsilçilərimizə uğurlar arzulayırıq. 

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC