Liderin baş məşqçisi doğma şəhərinə çempion kimi yollanmaq əzmindədi: "Bu dəfə AFFA-nın lisenziyalaşmasından keçə biləcəyik"
Bu gün futbol ictimaiyyətimizin bütün diqqəti Lökbatana yönələcək. Belə ki, I Liqada çempionluq matçında lider “Qaradağ Lökbatan” ən yaxın izləyicisi “Şamaxı”nı qəbul edəcək. Lökbatan təmsilçisinin baş məşqçisi Azər Həşimov vacib oyundan öncə Presssport.az-a müsahibəsinə gözləntilərini açıqlayıb.
- - Hər bir oyuna necə hazırlaşmışıq, bu da həmin qarşılaşmalardan biridi. Güman edirəm ki, indiyədək futbolçularımız necə yaxşı mübarizə aparıb, hər oyuna qalib ruhla çıxıb, bu dəfə də belə olacaq. O əzmlə hazırlaşıblar. Daha yaxşısını eləməyə çalışacağıq ki, inşallah, sərfəli nəticə qazanacaq, qalib gələrək çempion olaq.
- - Ən yaxın izləyicinizdən 2 xal irəlidəsiniz. Ola bilər ki, əsas rəqiblə görüşdə bu fərqi qorumağı düşünəsiniz, hər şeyi son tura saxlayasınız?
- - Yox, inandırım ki, elə bir niyyətimiz də yoxdu. Meydana ancaq qələbə üçün çıxacağıq. Allahın köməyilə də istədiyimizə nail olarıq.
- - Son turda “Mingəçevir”lə səfər matçına, sizin üçün doğma şəhərə yollanacaqsınız…
- - Elədi. Qalib gəlsək, həmin matçın elə bir əhəmiyyəti olmayacaq, ora çempion kimi gedəcəyik. İnşallah, doğma şəhərimə belə vəziyyətdə yollanmaq istəyirəm.
- - Budəfəki rəqibinizin baş məşqçisi də yerlinizdi. Üstəlik, Ramiz Məmmədovun rəhbərliyi altında oynamısınız…
- - Bəli, “Qəbələ"də baş məşqçim olub. Bu mövsüm ilk dövrədə baş məşqçiləri Vüqar Əsgərli idi. Evdə 1:1 oynadıq. Onda normal meydan sahibi idik, çünki Lökbatanda yox, ”Neftçi"nin bazasında rəqiblərimizi qəbul edirdik. İkinci oyunda isə baş məşqçiləri artıq Ramiz Məmmədov idi. Şamaxıda 2:1 qalib gəldiyimiz halda axıra yaxın top buraxaraq 2:2 oldu. Yəni, hələ ki matçlarımızda heç-heçələr olub.
- - Sizcə, Ramiz Məmmədovun “Şamaxı”sı əvvəlkin komandadan çoxmu fərqlənir?
- - Hər bri məşqçiyə hörmətlə yanaşıram. Elə bir böyük fərq görməzdim. Vüqar Əsgərli də təcrübəli, PRO kateqoriyalı gənc mütəxəssisdi. O da çox savadlı məşqçidi. Deyərdim ki, eyni səviyyədə komandadı, məşqçi olaraq dəyişən bir şey, heç bir fərq görmürəm.
- - Oyunda VAR sistemi olacaq…
- - Bunun olması daha yaxşıdı. Premyer Liqada olduğu kimi, I Liqada da hakim səhvləri olur. Hamının səhvi olur. Amma daha yaxşı odur ki, hər bir şey qaydasında, ədalətli olacaq.
- - Öz meydanımızda oynayacaqsınız. Doğma divarlar, qazon amili sizə üstünlük yaradacaq?
- - İnandırım ki, böyüklərdən tutmuş kiçiklərə qədər hamı bu oyunu səbirsizliklə gözləyir. Bildiyiniz kimi, çempion komanda Premyer Liqaya vəsiqə qazanacaq. Onu da bilirsiniz ki, “Qaradağ Lökbatan” əvvəllər də çempion olub, amma yüksək liqaya vəsiqə qazanmayıb. Bu zaman AFFA sənədlərə, yaxud sponsora görə klubumuzu buraxmayıb. İndi idman prinsipləri vardı deyə inanırıq ki, çempion olsaq, Premyer Liqaya vəsiqə qazanarıq. Hamı bu əzmdədi. Heç bir itkimiz - zədəlimiz, cəzalımız yoxdu. Hər şey qaydasındadı.
- - Bu dəfə sənədləşmədən, lizenziyalaşmadan keçməyə hazırsınız?
- - Bəli-bəli. Rəhbərlik nə lazımdı, həll edir. Bəzi detallar qalıb. Onları rəhbərliyin öhdəsinə buraxmışıq. İnşallah, həll edəcəklər. Bizim də işimiz odur ki, meydanaça qalib gəlib çempion olaq.
- - Premyer Liqada Şamaxıda oynamaq variantı necə var?
- - Sözün açığı, o barədə dəqiq bilmirəm. Ola bilər Bakıda hansı stadionda oynamağımız alınmasa, qıraqda - bölgələrdə çıxış edək.
-