“İlk növbədə gərgin, gözəl oyuna görə “Qaradağ Lökbatan"a təşəkkür edirəm. Hakimlərə, eləcə də yüksək təşkilatçılıqda rolu olan hər bir kəsə minnətdaram. Mənə elə gəlir ki, azarkeşlər bu oyundan zövq ala bildi”.
Presssport.az xəbər verir ki, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ramiz Məmmədov I Liqanın XXV turunda səfərdə “Qaradağ-Lökbatan”ı 3:2 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
56 yaşlı mütəxəssis hesabda önə keçdikdən sonra müdafiəyə çəkilmələrinin səbəbini belə izah edib: “Bizə qəhrəmanlıq, çempionluq lazımdı. Dəfələrlə gözəl oyun sərgiləyib, xal itirdiyimiz matçlar olub. Tarixdə yaxşı və ya pis oyun yox, nəticə qalır”.
Baş məşqçi hesabda geri düşdükdən sonra fasilədə lazım olan sözləri futbolçularına dediyini vurğulayıb: “Komanda olaraq əvvəldən qələbəyə köklənmişdik. Hələ 5-6 tur öncədən demişdim ki, futbolçularıma inanıram, lider ola bilərik. Komanda bu gün bir daha xarakterini ortaya qoydu. Arxayınlıqdan xallar itirmişik”.
Maraqlıdır ki, Məmmədov kimi, rəqibi çalışdıran gənc həmkarı Azər Həşimov də Mingəçevir futbol məktəbinin yetirməsidi, üstəlik, vaxtilə onun futbolçusu olub. “Şamaxı”nın çalışdırıcısının sözlərinə görə, bu məqam iki məşqçi arasında hər hansı rəqabət yaratmayıb: “Azər kiçik qardaşımdı, əzizimdi. Hər zaman öz mərifəti, qanacağı ilə Azərbaycan futbolunda seçilib. Bu gün qardaşlıq öz yerində, futbol öz yerində idi. Azərə də, “Qarabağ-Lökbatan”ın rəhbəri Sadıq müəllimə də (Sadıq Sadıqov nəzərdə tutulur-red.) uğurlar arzulayıram”.
“Qaradağ-Lökbatan”ı məğlub etdikdən sonra “Şamaxı” sona 1 tur qalmış liderliyi ələ keçirib. Lakin Məmmədovindidən çempionluq barədə düşünmür: “Hələ çempion olmamışıq. Bəli, bu, “qızıl oyun” idi. Lakin çempion son turda müəyyənləşəcək”.
Mütəxəssis son turda qarşılaşacaqları “Araz Saatlı”nın autsayder olmasının heç bir əhəmiyyət kəsb etmədiyini söyləyib: “Turnir cədvəlinə fikir verməmişik. Autsayderlə matça belə liderlə görüşə çıxırmış kimi köklənmişik. Bütün rəqiblərə hörmətlə yanaşmışıq. Çünki çempionatda zəif komanda yoxdu”.
“Növbəti matçda da bugünkü görüşdəki kimi VAR-ın olmasını istərdiniz?” sualını “Şamaxı”nın çalışdırıcısı belə cavablandırıb: “Olsa, sevinərdik. Lazım gəlsə, bununla bağlı PFL-ə müraciət edəcəyik”.
Sonda isə Məmmədov hələlik rəhbərliklə yeni mövsümlə bağlı müzakirələr aparmadıqlarını vurğulayıb: “Çempionat bitdikdən sonra bu barədə danışacağıq. Dediyim kimi, gələ çempion olmamışıq. Hazırda müvəqqəti olaraq liderliyə yüksəlmişik. Yalnız çempionluqdan sonra rəhbərliklə bu barədə müzakirələr aparmaq olar”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC