Futbol üzrə Əvəzedicilər liqasında çıxış edən “Neftçi-2”nin baş məşqçisi Rəşad Abdullayev müsahibə verib.
Presssport.az bu müsahibəni tıqdim edir:
- Əvvəlcə mövsümü dəyərləndirərdiniz…
- Çalışırdım ki, yaxşı komanda qurum. İlin əvvəlində futbolçular və məşqçilər korpusu ilə söhbətimizdə yaxşı, “Neftçi”nin adına layiq komanda formalaşdırmaq, əsas heyət üçün layiqli oyunçular yetişdirmək lazım olduğunu bildirmişdim. Həmişə çalışmışam ki, “Neftçi”nin akademiyasında yetişən oyunçulara üstünlük verək. 19 yaşadək futbolçulardan ibarət komandamızdan əvəzedicilərə oyunçular götürmüşük ki, inkişaf etsinlər. Artıq futbolçularımızın bir neçəsi əsas komandaya dəvət alıblar. Nəticə baxımından da layiqli yer tutmağa çalışırdıq. Kollektivin merhibanlığı, hər kəsin işinə peşəkar yanaşması bu nəticəyə gətirib çıxardı. Çempionluğumuzun açarı məhz bu amillərdir.
- Rəhbərlik etdiyiniz komandada “Neftçi”nin əsas heyətinə layiq olduğunu əminliklə söyləyə biləcəyiniz futbolçular var?
- “Neftçi”də həmişə yaxşı futbolçular yetişib. Futbolçu olduğum dönəmlərdə də Azərbaycan Premyer Liqasında özlərini doğrulda biləcək oyunçular yetişirdi. Hazırda Rza Cəfərovu, Ağadadaş Salyanskini nümunə göstərə bilərəm. Hazırda “Neftçi”nin əsas heyətində meydana çıxırlar. Adlarını çəkmək istəmədiyim bir sıra futbolçular da var ki, Premyer Liqada oynamağa namizəddirlər. Ancaq onlar öz üzərlərində çox işləməlidirlər. Çünki Premyer Liqa tam başqa səviyyədir. Gələn ildən bəzi futbolçularımızı “Neftçi”nin əsas komandasında görə bilərik. Qapıçımız Rəvan Kazımov da artıq əsas komandanın məşqlərində iştirak edir. Bu da bir uğurdur.
- Yay planları ilə bağlı nə düşünürsünüz? Dəyişikliklər çox olacaq?
- Hələ ki, bununla bağlı danışmamışıq. Çünki futbolçuların müqaviləsinin müddəti bitir. Çalışırıq ki, builki işimizi sona çatdıraq. Son oyunumuz “Sabah-2”yə qarşı olacaq. Futbolçularla danışmışıq, mövsümü yaxşı notda bitirmək lazımdır. Daha sonra soyuq başla gələcək planları müzakirə edəcəyik.
- Bir çoxları Əvəzedicilər Liqasının ləğv olunmasını istəyirdi. Sizin bu yarış barədə düşüncələriniz necədir?
- Şəxsən əvəzedicilərin çempionatının keçirilməsinin tərəfdarıyam. Çünki böyük rəqabət oldu. Tanıdığım bir çox məşqçi həmkarlarım bizim futbolçular haqqında soruşurdular. Hər biri barədə müsbət fikirlər səsləndirirdilər. Bu da tramplin funksiyasını daşıyır. Əsas komandanın məşqçiləri də bizim oyunçuları daim diqqət mərkəzində saxlayırdılar. Əvəzedicilər olmasaydı, məsələn, Rza Cəfərov necə gedib əsas komandaya düşərdi? Bu çempionatın keçirilməsi vacibdir. Hər an əsas komandanın oyunçuları da gəlib praktika məqsədi ilə ikinci komandada oynaya bilər.
- “Neftçi”nin əsas komandasının bu mövsümkü çıxışını necə dəyərləndirirsiniz?
- Son turda komandamıza uğurlar arzulayıram. “Sabah” klubu ilə qarşılaşacaqlar. Evdə oynayırıq, bundan istifadə etmək lazımdır. Nəticə qazanmağa çalışacağıq. İstəyirik ki, sevinən tərəf biz olaq və mövsümü yaxşı nəticə ilə başa vuraq.
- Millimizin baş məşqçi postu hələ də boşdur. Sabiq futbolçu kimi bu məsələ ilə bağlı hansı fikirdəsiniz?
- Bir azərbaycanlı mütəxəssis kimi istərdim ki, bu post yaxşı məşqçiyə tapşırılsın. Həmin insan futbolumuzu daha da irəli aparsın. Azarkeşlər də stadiona gəlsinlər (report.az)
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC