"Titulumuzu növbəti dəfə qorumaq, Avropada yeni tarixlər yazmaq üçün mübarizə aparacağıq.
Presssport.az xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl klubun rəsmi saytına açıqlamasında deyib.
Funksioner komandanı ardıcıl 3-cü, ümumilikdə 11-ci dəfə Azərbaycan çempionu olması münasibəti ilə təbrik edərək mükafatlandırma mərasimində şəxsi işləriylə əlaqədar iştirak edə bilməyəcəyini də diqqətə çatdırıb: “Daha bir möhtəşəm mövsümə şahid olduq. Azərbaycan xalqı, bütün dünya Avropada mükəmməl bir “Qarabağ” izlədi. Ardıcıl 10-cu dəfə avrokubokların qrupunda mübarizə aparan komandamız pley-offda Portuqaliyanın tanınmış “Braqa” klubunu məğlub etdi, Avropada heç kimə uduzmayan “Bayer 04”ün seriyasını qırmağa yaxın oldu. Almaniya təmsilçisinin baş məşqçisi və futbolçuları komandamızla qarşılaşmaların çox çətin keçdiyini dəfələrlə vurğuladılar. Bu uğurların ardınca “Qarabağ” Premyer Liqada ardıcıl 3-cü, tarixində 11-ci çempionluğunu qazandı. Sabah komandamıza növbəti qızıl medallar təqdim olunacaq. Vacib, təxirəsalınmaz işlərimlə bağlı komandamızın mükafatlandırma mərasimində iştirak edə bilməyəcəm. Amma ürəyim komandamızın yanında olacaq. Bu dəfə qızıl medalları sona 8 tur qalmış təmin etdik ki, bu da yeni rekord oldu. Hətta Avropada, dünyada belə erkən çempionluq tituluna yiyələnən komandalar çox az olub. Lakin buna baxmayaraq, uğur heç də asanlıqla əldə edilmədi".
Gözəl hər komandanın onlardan xal almağa çalışdığını vurğulayıb: "Qarabağ” Avropada tarix yazdıqca Azərbaycan çempionatında hər komandanın bizə qarşı motivasiyası artır. Bu da bizi sevindirir. Yerli klubların bizə rəqabət yaratmağa çalışması “Qarabağ”ı Avropaya daha yaxşı hazırlayır və çempionatın səviyyəsinin qalxmasına təkan verir. Heç kim düşünməsin ki, Premyer Liqadakı rəqiblərimiz zəifdir, əksinə, onlar güclüdü. Amma onların qarşısında daha da güclü, Avropa təcrübəsinə malik "Qarabağ" var. Bütün bu uğurlar "Qarabağ"da yaratdığımız birlik ruhunun nəticəsidir. Klubun rəhbərliyindən, baş məşqçisindən sıravi işçisinə kimi hamının arasında böyük mənəvi birlik var. Rekord sayda 11-ci çempionluq münasibətilə başda məşqçilər heyəti olmaqla, futbolçularımı, klubumuzda çalışan hər kəsi, ürəyi “Qarabağ”la döyünən bütün azarkeşlərimizi təbrik edirəm”.
Klub prezidenti növbəti hədəflərə də toxunub: “Əldə olunan nəticələr “Qarabağ”ın dünya və Avropa reytinqlərində yüksəlməsinə də əsas verib. Komandamız Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının dünya reytinqində 48-ci yerdədir ki, on minlərlə klub bu siyahida yer almaq üçün mübarizə aparır. Çempionluq kubokunu doğma “Azersun Arena”da aldıqdan sonra bizi kubok uğrunda final qarşılaşması gözləyir. Həmin oyunda iştirak edəcəm. Görüşü səbirsizliklə və həyəcanla gözləyirəm. “Zirə” çox güclü komandadır və Rəşad Sadıqov mükəmməl heyət formalaşdırıb. Amma biz də daha bir titul qazanmağa, mövsümü “Qızıl dubl”la tamamlanmağa çalışacağıq. Ardınca isə yeni mövsümə böyük motivasiya, böyük ümid və inamla hazırlaşacağıq. Titulumuzu növbəti dəfə qorumaq, Avropada yeni tarixlər yazmaq üçün mübarizə aparacağıq. İllərdir Qarabağ adını Avropada qürurla daşıyırıq və artıq Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan əsgərinin böyük zəfəri sayəsində azad Qarabağı təmsil edirik. “Qarabağ” adının, klubun Azərbaycan üçün mənəvi cəhətdən necə önəm daşıdığını anlayırıq. Və bilirik ki, “Qarabağ” futbol klubu olaraq, missiyamız bununla bitmir. Bundan sonra da Qarabağın adını Avropada layiqincə təmsil etməliyik. Mənim üçün əsas olan klubumuzun bir illik uğuru deyil, davamlı nəticələrdi və komandamıza inamım sonsuzdr”.
Xatırladaq ki, Premyer Liqanın XXXVI turunda sabah keçiriləcək “Araz-Naxçıvan” – “Qarabağ” matçından sonra Ağdam klubuna qızıl medallar və çempionluq kuboku təqdim olunacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC