Yanvarın 20-dən 21-dək Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, olimpiya mükafatçısı Rüstəm Orucov, hakimlər Nazim Umbayev, Fariz Hüseynov və Akif Tahirov Macarıstanda keçirilən beynəlxalq hakimlər və məşqçilər üçün seminarda iştirak ediblər. Presssport.az xəbər verir ki, baş məşqçi Riçard Trautman Beynəlxalq Cüdo Federasiyasının (BCF) və Avropa Cüdo Birliyinin təşkil etdiyi seminar haqqında müsbət rəylərini bölüşüb. O, bütün qitələrdən 200-dən çox məşqçi və hakimin iştirak etdiyini və seminarda mehriban atmosferin olduğunu vurğulayıb. Onun sözlərinə görə seminarın əsas məqsədi qaydaları və onların şərhlərini hamının eyni şəkildə başa düşməsini təmin etmək idi.
Trautman həmçinin qeyd edib ki, seminarda son statistikaya görə, görüşlərin təxminən 20 faizinin cərimə xalları və diskvalifikasiyalar səbəbindən bitdiyi göstərilib. Bu məlumat Paris 2024 Yay Olimpiya Oyunlarından sonrakı dövr üçün qaydaların təkmilləşdirilməsinə töhfə verəcəkdir.
Seminar BCF-in Prezidenti Marius Vizerin görüşlər zamanı zədələrin artması ilə bağlı narahatlığını bildirməsi ilə yekunlaşıb. Marius Vizer bunu bir çox ölkələrdə məşqçilik təhsilinin qeyri-kafi olması ilə əlaqələndirib və ölkələri məşqçilərin hazırlanmasına daha çox önəm verməyə və BCF Akademiyasında təhsil almağa çağırıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC