Yunis Hüseynov özünü "Kəpəz"in rəhbəri kimi görür: "Hər bir vəzifədə yaxşı işləyə bilərəm, bunu sizə yüz faiz əminliklə deyə bilərəm"

Mövsüm bitəndən sonra hər bir klubda dəyişiklər mümkündü. Bu, adətən futbolçu, məşqçi heyətində olur. Amma rəhbərlikdə də bunun baş verməsi istista olunmur. Bu mənada təcrübəli futbol mütəxəssisi Yunis Hüseynovun doğma Gəncəsinin təmsilçisi "Kəpəz"ə yeni rəhbər gələcəyi ilə bağlı xəbərlər diqqət çəkir. 59 yaşlı Hüseynovla bu haqda söhbətləşdik. 

  • - Son günlərdə sosial şəbəkələrdə “Kəpəz” in futbol veteranları vasitəsilə kluba yeni rəhbər təyin olunacağı ilə haqda xəbərlər dolaşır, onlar bu təyinatı alqışlayır, dəstəkləyir…
  • - Sosial şəbəkələrdə yoxam və açığı, bu haqda məlumatım var. Mənə zəng edib dedilər ki, Gəncənin futbol veteranları rəhbər kimi gəlməyimi arzulayır. Sağ olsunlar, təşəkkür edirəm onlara. Belə arzuları varsa, hamısına minnətdaram. Amma sizə deyim ki, real bir şey yoxdu. Yalan danışmayım da…Sadəcə, məni arzulayanlara bir daha təşəkkürümü çatdırmaqdan başqa bir söz deyə bilmərəm.
  • - Hər halda, “Kəpəz” də sizə doğmadı, doğma Gəncənizin titullu təmsilçisidi. Futbola məhz orda başlamısınız, orda baş məşqçi də olmusunuz. Təklif gözləyirsiniz?
  • - Əlbəttə! Həmişə təklif gözləyirəm, hər yerdən də təklif gözləyirəm. Hal-hazırda AFFA-da Elit Məşq layihəsinin rəhbəriyəm, həm də Futbolun İnkişaf Fondunun (FİF) İdarə Heyətinin üzvüyəm. Vaxtilə baş məşqçi kimi də neçə il işləmişəm, indi rəhbər kimi çalışıram. Nəinki mən, hamı, elə sizin özüzüz də hardansa təklif gözləyirsiniz (gülür). Buna görə daim təklif gözləyirik. Olsa da, canla-başla hazırıq ki, futbolumuz inkişaf eləsin. Bilirsiniz necədi, peşəmiz futboldu. Düzdür, Gəncə Texnolojiya Universitetini bitirmişəm, ixtisasca mühəndisəm, ali təhsilim var, savadlıyam. Söhbət bundan getmir. Sadəcə, ömrümüzü sırf futbola həsr etmişik deyə futbolla oturub dururuq, futbolla da yaşayırıq. İxtisasım üzrə işləsəydim, o tamam başqa bir şey olardı. Əlbəttə, istəyərik ki, elə futbol aləmində də yaxşı işlərdə işləyək, futbolumuza töhfə verək, futbolumuzun səviyyəsini qaldıraq. 
  • - Məşqçilər adətən deyir ki, əsl iş yerim kabinet yox, meydançadı. Bəs siz necə, klubda rəhbər postda özünüzü görürsünüz?
  • - Həm baş məşqçi, həm də klub prezdenti, rəhbər kimi hər bir sahədə özünü yaxşı tərəfdən göstərən insan ola bilərəm. Bunu sizə yüz fazi əminliklə deyə bilərəm. Mənə hansısa bir işi tapşırsalar, onu canla-başla yerinə yetirərəm. Özü də yüksək səviyyədə. 
  • - Hər adam da rəhbər ola bilmir. Buna xarakter lazımdı, həmin keyfiyyətləri özündə cəmləşdirməlisən…
  • - Bəli, xarakter lazımdı, o da məndə var. Özümü tərifləmək olmasın, xarakterimi futbol ictimaiyyətimizdən soruşa da bilərsiniz. Mənə elə gəlir ki, bu cəhətdən məndə normaldı. Hər şey yüksək səviyyədə ola bilər (gülür). Düşünürəm ki, hamıya hörmətlə yanaşırıq, hamı da bizi hörmətlə qəbul edir. Təbii ki, xarakter, iş prinsipləri tamam başqa bir şeydi. Buna görə o sahələrdə məndə heç bir problem yaranmaz. Bilirsiniz ki, “Xəzər Lənkəran”da idman direktoru da işləmişəm. Həmin vəzifədə işlədiyim vaxtda o zaman oynayan futbolçulardan haqqımda soruşmağa bəlkə ehtiyac yoxdu. Sadəcə, iş prinsipimi yəqin bilərsiniz ki, necə işləmişəm.
  • - Bu mövsüm 2 baş məşqçiylə işləyən “Kəpəz” yenə Premyer Liqada yerini qoruya bildi. Keçmiş komandanızın çıxışını necə dəyərləndirərdiniz?
  • - Futbol həyatımın təməlini “Kəpəz”də qoymuşam, amma məni Yunis Hüseynov kimi tanıdan “Neftçi” olub. Bunu heç vaxt danmıram, danmayacam da. Mənim üçün bu, həmişə belə olub. Onu da bilirsiniz ki, futbola “Kəpəz”də başlayıb “Kəpəz”də qurtarmışam. Gəncədə futbolu sevirlər, azarkeşləri futbolu yaxşı bilirlər. Əsas da budu. Əlbəttə, istəyərdim ki, avrokuboklara hər il “Kəpəz” də vəsiqə qazansın. Buna həm azarkeşləri, həm də şəhərin özü layiqdi. Bildiyiniz kimi, Gəncə Azərbaycanın 2-ci böyük şəhəridi. Həm də yeni tikilən gözəl stadion olacaq orda. Bazanı, akademiyanı da Gəncədə yüksək səviyyədə inşa ediblər. Təbii ki, bu kluba avrokuboklarda çıxış etmək yaraşar. Düzdü, 2 ildi Premyer Liqada qalmaq uğrunda mübarizə aparırlar. Əlbəttə, arzu edərəm ki, gələcəkdə yaxşı yerlər, çempionluq uğrunda mübarizə aparsınlar. Bilirsiniz ki, "Kəpəz" 3 dəfə çempion, 4 dəfə ölkə kubokunun qalibi olub. Ümumiyyətlə, bölgələrdə futbolun inkişafını istəyərdim. O nöqteyi-nəzərdən Gəncədə yeni stadionu tikiləndən sonra sözsüz, istəyərdik ki, “Kəpəz” avrokuboklara çıxsın, orda ölkəmizi yaxşı təmsil etsin. 
  • - “Kəpəz” rəhbərliyinə, baş məşqçisinə qarşı azarkeşlər tərəfdən yetərincə narazılıqlar olub. Sizcə, Gəncədə işləmək çətin deyil?
  • - Belə deyirlər, lakin Gəncədə işləmək əslində, asandı. Gəncədə azarkeşlər nə istəyir - qələbə! Düzdü, hal-hazırda vəziyyət başqadı. Deyirlər ki, sponsor yoxdu, elədi-belədi. Amma belə baxanda, kluba dövlət tərəfindən 3 milyon manat ayrılır ki, bu da az məbləğ deyil. Gəncə camaatı həmişə qələbə istəyir. Düzdü, həmişə qələbə də olmur, söhbət bundan getmir. Məsələ ondadı ki, yaxşı futbol istəyirlər, oyunçular meydançaya çıxanda canlarını qoysun, yaxşı oyun göstərsin. Azarkeşlərin istəyi budu! Sizi inandırım ki, Gəncədə işləmək o qədər çətin deyil. Kim deyir ki, çətindi, düz demir. Özüm "Kəpəz"də baş məşqçi işləmişəm, heç bir problemim olmayıb. 6 ayda Gəncədə baş məşqçi çalışdım, mənə qarşı nəsə problem oldu ki?
  • - Yox…
  • - Ay sağ ol! Düşünürəm ki, yaxşı oyun olsa, azarşeklərin hamısı dəstək olacaq. Düzdür, onu da başa düşürlər ki, həmişə qələbə də olmur. Yaxşı oyun da ola bilər, pis də. Sadəcə, onu həmişə demişəm ki, futbolçu meydanda yaxşı oyun nümayiş etdirirsə, canını qoyursa, azarkeş ona daim dəstək olur. 
  • - Sizcə, hazırkı "Kəpəz" yaxşı oyun göstərimi?
  • - Bu il Premyer Liqada qaldılar, inanaq ki, gələn mövsüm bundan da yaxşı olacaq. Bilirsiniz, Premyer Liqada qalmaq uğrunda mübarizə aparmaq o demək deyil ki, komanda yaxşı oynayır. Komanda yaxşı yerlər uğrunda mübarizə aparmalıdı. Premyer Liqada qalmaq o demək deyil ki, bu, yaxşı nəticədi, vəssalam, hər şey əladı, nəticənin öhdəsindən gəldik. Premyer Liqada oynamaq o demək deyil ki, məqsəd onu orda saxlamaq olmalıdı. Fikrimcə, komanda buna çalışmamalı, yaxşı yerlər uğrunda mübarizə aparmalıdı. 
  • - Və axır ki, "Kəpəz"ə sponsor gəlməlidi…
  • - İnşallah. FİF tərəfindən də bununla məşğuluq, bunun üzərində işləyirik. Biz də çalışırıq ki, Gəncəyə sponsor tapaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC