“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov dünən Almaniyada “Bayer”in baş məşqçisi Xabi Alonso ilə görüşüb. Presssport.az xəbər verir k, səfərin məqsədi 43 yaşlı ispaniyalı mütəxəssisin məşq metodları ilə maraqlanmaq və Almaniya təmsilçisinin düşərgəsində təcrübə toplamaqdır.
Görüş zamanı Qurbanov Alonsoya xatirə hədiyyəsi - çərçivəyə salınmaqla xüsusi hazırlanmış simvolik xalça təqdim edib.
Bəs, bu xalçanın mənası nədir? “Facebook”dakı “Qarabağ Football Club” səhifəsi bununla bağlı paylaşım edib. Qeyd olunub ki, hədiyyə olunan xalça Qarabağ tipinə aid ən maraqlı xovlu xalçalarından biri olan “Çələbi” xalçasıdı.
Xalçanın adı Oğuz türklərinin soyundan olan məhşur “Çələbi” tayfasının adından qaynaqlanır. Çələbilər Osmanlı sultanlığı, İraq və Azərbaycan ərazilərində yayılmışlar. Şimali Azərbaycanda Çələbilərə aid Nuxa (indiki Şəki), Bərdə və Cəbrayıl ərazisində bir neçə məkan adları mövcuddur. “Çələbi” və ya “Bərdə” adlı xalça kompozisiyası ilk dəfə Qarabağın ətraf kəndlərində, o cümlədən Bərdənin 10 km şərqində yerləşən Çələbi kəndində toxunub. Bu xalça üç göl kompozisiyası əsasında tərtib olunub. Qarabağ xalçalarında geniş yayılmış “Günəş” və ya “Çələbi” adlı göl elementi hər tərəfə şüalarını yayan günəşin rəmzi olub, həm də ilahi nura işarədir.
Qarabağ xalçalarının bəzən digər qrupları arasında da istifadə olunan on iki və ya on altı ləçəkli oxşəkilli, girintili-çıxıntılı formalardan ibarət olan göl elementi əsasən “Əjdahalı” xalçaların bədii quruluşunda xüsusi yer tutur.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC