Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov təlim-məşq toplanışı və qarşıdakı beynəlxalq yoldaşlıq görüşlərinə hazırlıq barədə danışıb..
Presssport.a xəbər verir ki, 54 yaşlı mütəxəssis AFFA-nın rəsmi saytına açıqlamasında komandanın bu gündən tam heyətlə taktiki planda hazırlaşdığını deyib:
“Hazırlığın birinci mərhələsini başa vurmuşuq. İlk mərhələdə mövsümü nisbətən erkən başa vuran klubların oyunçularını heyətə cəlb etmişdik. Əsasən fiziki çalışmalara önəm verdik. Dünəndən komanda tam heyətlə bir araya gəlib. Artıq qarşıdakı oyuna taktiki hazırlıq gedir. Bilirsiniz ki, iyunun 2-də keçirilən Azərbaycan Kubokunun final oyununda milli komandanın 8 üzvü iştirak etmişdi. Həmin görüşdə meydana çıxanlar üçün dünən bərpa məşqi oldu. Bu gündən etibarən Albaniya ilə qarşılaşmaya tam heyətlə hazırlaşırıq”.
Əsədov liqalarda mövsüm yeni başa çatdığından, futbolçuların yorğun olduqlarını bildirib: “Elə bir dönəmdir ki, oyunçuların durumunda disbalans var. Bəziləri zədədən yeni qayıdıb, bəziləri son matçlarını 15-20 gün əvvəl keçirib. Biz də qarşıdakı görüşlərdə bu durumu nəzərə alacağıq”.
Əsədov həm Albaniya, həm də Qazaxıstan önünə qələbə qazanmaq əzmi ilə çıxacaqlarını sözlərinə əlavə edib: “Albaniya komandası Avropa çempionatına vəsiqə qazanıb. Əsas heyətlərində daxili çempionatda oynayan futbolçu, demək olar ki, yoxdur. Futbolçuları İtaliya, İngiltərə və digər tanınmış futbol ölkələrinin klublarında çıxış edir. Bu da Albaniyanın güclü komanda olduğunu göstərir. Həmçinin, sonrakı rəqib Qazaxıstan da güclü kollektivdir. Onlar da Avropa çempionatına vəsiqə qazanmağa çox yaxın idil. Bu baxımdan hər iki qarşılaşma bizim üçün yaxşı sınaq olacaq. Ancaq yenə də oyunlara qələbə üçün çıxacağıq. Yoldaşlıq görüşləri olduğundan, bütün futbolçulara şans verməyə çalışacağıq”.
Xatırladaq ki, Azərbaycan milli komandası iyunun 7-də Bakı vaxtı ilə saat 21:00-da Albaniya ilə, 11-də isə saat 18:00-da Qazaxıstanla yoldaşlıq görüşündə qarşılaşacaq. Hər iki oyun Macarıstanın Sombatxey şəhərindəki “Haladas SportKomplexum”da keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC