20 ilin Aslanı: “Elxan Səmədovun xəstəxanadakı palatası iclas otağımız oldu”

PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev müsahibə verib.

Presssport.azın təqdim etdiyi həmsöhbətimiz mövsümə yekun vurmaqla yanaşı, səhhətindən, bərpa prosesindən də danışıb.

– Söhbətə səhhətinizdən başlayaq. Müalicə prosesi nə yerdədir? Hazırda özünüzü necə hiss edirsiniz?

– İlk növbədə, səhhətimlə bağlı həkimlərimizə təşəkkür etmək istəyirəm. Həm Bərdədə ilk müdaxiləni edən, həm bizi Bakıya gətirən Yevlax Şəhər Təcili Tibbi Yardım Stansiyası, həm də “Liv Bona Dea Hospital”da məni əməliyyat edən həkimlərə, qayğımda duran tibb bacılarına, bundan əlavə fizioterapiyamla məşğul olan şəxslərə öz təşəkkürümü bildirirəm. Həqiqətən də, çox ağır qəza idi. Bu günümüzə şükürlər olsun. Səhhətimlə bağlı durum belədir ki, əvvəlki vəziyyətimlə müqayisədə çox yaxşıyam. Amma desəm ki, tam yaxşıyam, yalan olar. Müalicə yenə də davam edir, bir gün belə axsatmıram. Demək olar ki, hər gün fizioterapiya ilə məşğul oluram. Bu proses təxminən 3-4 saat çəkir. Həkimlər məsləhət görürlər ki, tam yaxşı olmağım üçün fizioterapiyanı saxlamayım, özümə inanım. Mən də bunlara əməl etməyə çalışıram. Yaxşı olacağıma çox inanıram. Axıra kimi vuruşacağam.

– Həkimlərin fikrincə və özünüzün hissiyyatına görə, tam yaxşı olmağınız, fiziki olaraq işinizin başına dönməyiniz üçün bundan sonra nə qədər zamana ehtiyac var?

– İndi elə bir mərhələdir ki, daha qırıqdan söhbət getmir. Artıq sinirin bərpa olunması məsələsidir. Bu da elə bir şeydir ki, həkimlər onunla bağlı konkret vaxt deyə bilmirlər. Prosesi hansısa müalicə ilə tezləşdirmək mümkün deyil. Onlar bildirirlər ki, sonadək mübarizə aparmalısan, Allahın köməyi, özünün iradənlə sinirlər yavaş-yavaş bərpa olunacaq. Özüm də araşdırıram, başqa şəxslərlə müzakirə edirəm və görürəm ki, həqiqətən də, hansısa dərmanla sinirin tez bərpası mümkün deyil. Buna görə də maksimum dərəcə çalışıram ki, fizioterapiyanı axsatmayım. Əlimdən gələn hər şeyi etmək istəyirəm ki, bu proses tez başa çatsın və mən rahat, normal şəkildə gəzə bilim.

– 2023/24 mövsümü Azərbaycan futbolu üçün əlamətdar oldu. PFL Azərbaycan Premyer Liqası və ölkə kuboku ilə yanaşı, I Liqa, II Liqa və Əvəzedicilər liqasını təşkil etdi. Ağır işin öhdəsindən layiqincə gəldiyiniz üçün bütün PFL ailəsinə böyük təşəkkür düşür. Son mövsüm, liqaların təşkilatçılığı ilə bağlı ümumi fikirləriniz necədir?

– Ağır mövsüm olacağını zatən sezonun əvvəlində bilirdik. Hiss edirdik ki, digər mövsümlərlə müqayisədə iş yükü həddindən artıq çox olacaq. Çünki liqaların sayı artmışdı. Bundan əlavə, yeni gələn komandalar hələ o qədər də peşəkar deyildilər. II Liqa son anda yaranmış liqa idi. Oradakı klublarda çalışan əməkdaşların işlərinin öhdəsindən gəlib-gəlməyəcəkləri sual doğururdu. Çünki biz çalışırıq ki, bütün yarışları peşəkar səviyyədə keçirək. Artıq əvvəlki dövrlərdəkindən fərqli olaraq, kağız üzərində, demək olar ki, heç nə qalmayıb. Peşəkar Futbol Liqasının baza sistemi var və hər şey orada öz əksini tapir. Bunun üçün də klublarda menecerlər lazım idi. Əvəzedicilərin liqası I Liqadan ayrıldı, infrastruktur tələbləri öncəki mövsümlərə nisbətən qismən artırıldı. Çalışdıq ki, əvvəlki mövsümlərlə müqayisədə daha yaxşı stadionlarda oyunlar keçirmək mümkün olsun. II Liqa bir az riskli yarış idi. Hətta düşünürdük ki, mövsümün gedişində hansısa komandalar çempionatı tərk edə bilərlər. Amma Allaha şükürlər olsun, bu, baş vermədi. Təbii ki, qəzaya düşməyimiz işi daha da çətinləşdirdi, əməkdaşlarımız psixoloji sarsıntı keçirdilər. Bunlar hamısı önəmli məqamlardır. Amma onların fədakarlığı sayəsində biz bunun öhdəsindən gəlməyi bacardıq. Təşkilatçılıqla bağlı özümüzü tərifləmək doğru çıxmaz. Qısa araşdırma edən hər kəs görər ki, hər şey qaydasında keçdi. Məncə, gözəl, uğurlu mövsüm alındı və əməkdaşlarımız işlərinin öhdəsindən artıqlaması ilə gəldilər. Kubokun finalından sonra çəkilmiş bir şəkil var. O şəkli yaxınlaşdırıb baxanda əməkdaşlarımızın üzündəki yorğunluğu hiss etmək mümkündür. Hər birinə minnətdarıq, onlarla fəxr edirik.

– Sizin işinizə, çalışdığınız kollektivə necə ürəklə və qayğı ilə yanaşdığınızı hər kəs bilir. Şübhə yoxdur ki, qəzadan sonrakı dönəmdə – mövsümün ikinci yarısında da daim kollektivlə əlaqədə olmusunuz, öz tapşırıqlarınızı vermisiniz. Amma fiziki olaraq proseslərdən kənarda qalmaq sizi üzməyə, darıxdırmaya bilməzdi. Elə deyilmi?

– Bu, təkcə mənə aid deyil. Bəxtimiz əməkdaş cəhətdən gətirib. Bütün əməkdaşlarımız işlərinə ürəklə və qayğı ilə yanaşırlar, əllərindən gələnin ən yaxşısını etməyə çalışırlar. Bir sözlə, fədakardırlar. Bəli, qəzadan sonra, mövsümün ikinci yarısında biz xəstəxanada olsaq da, onlayn şəkildə işimizin başındaydıq. Bu, mənimlə yanaşı, PFL prezidenti Elxan Səmədova da aiddir. Hərdən zarafatla deyirdik ki, Elxan müəllimin xəstəxanadakı palatası artıq bizim iclas otağımızdır (gülür). Bəzi məsələlər var idi ki, onları onlayn şəkildə həll edə bilirdik. Amma bəzi məsələlər oldu ki, mütləq görüşməli, üzbəüz müzakirə aparmalıydıq. Bunun üçün də Elxan müəllimin otağı iş otağımıza çevrilmişdi. Düşünürəm ki, işin öhdəsindən gələ, mövsümü tam şəkildə idarə edə bildik. Təbii ki, fiziki olaraq proseslərdən kənarda qalmağın təsir etmədiyini desəm, yalan danışmış olaram. Artıq uzun müddətdir futbol sahəsindəyik. Yeri gəlmişkən, 1 aydan sonra futbola gəlişimin 20 illiyi olacaq. Futbol fəaliyyətimə 2004-cü ilin iyul ayında “Karvan”da başlamışdım. Futbolda çalışanların şənbə-bazarı olmur, çünki çempionat oyunları keçirilir. PFL-ə gələndən sonra da mənim üçün belə olub. Bunun fonunda fiziki olaraq uzun müddət kənarda qalmaq məni üzürdü, hətta darıxırdım. Amma dostlarımız, əməkdaşlarımız, ailə üzvlərimiz və qohumlarımız sağ olsunlar, bizi darıxmağa qoymurdular.

– Hansı matçı “mövsümün oyunu” adlandırardınız?

– Mənəvi cəhətdən yanaşsaq, mövsümün oyunu Xankəndidə keçirilən “Qarabağ” – MOİK matçı idi. Həqiqətən, çox möhtəşəm görüş idi. Təəssüf ki, qəza ilə əlaqədar olaraq, biz oyunu canlı izləyə bilmədik, qismət belə imiş. Amma matçın təşkili, hazırlanması inanılmaz idi. Qısa müddətdə bu işlərin görülməsi çox böyük fədakarlıq tələb edirdi. Gənclər və İdman Nazirliyi, AFFA, PFL, “Qarabağ” klubu əlindən gələnin ən yaxşısını etməyə çalışdı ki, bu oyun baş tutsun. Vaxtımız çox az idi. Xankəndi şəhər stadionu yenidən təmir olundu. Buna görə Gənclər və İdman Nazirliyinə, xüsusilə, o stadionda çalışan əməkdaşlara çox böyük təşəkkür düşür. Çünki adamlar inanılmazı bacardılar. Demək olar ki, yenidən stadion tikdilər. Hətta o stadionu təmir etmək yeni stadion tikməkdən daha ağır idi. Düzdür, oyunu canlı görmək mənə qismət olmadı, amma televiziyadan baxanda adam qürur hissi keçirirdi.

İdman tərəfindən isə konkret bir oyunu “mövsümün matçı” adlandırmaq olmur. “Sumqayıt” – “Neftçi” oyununda ajiotaj həmişə pik həddə çatır. Sosial şəbəkə üzərindən başlayan məlum “atışma” “Neftçi Arena”dakı oyuna da səngimişdi. Çox əla matç alınmışdı. Bundan əlavə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Neftçi” ilə açılış matçı da baxımlı keçmişdi. Ümumi götürsək, ən gərgin oyunlar isə son turda oldu, hansı ki, avrokuboklara vəsiqə verən yerlər uğrunda keçirildi. Nəfəs kəsən qarşılaşmalar idi. Hər 3 oyun, xüsusilə “Neftçi” – “Sabah” matçı gərgin və maraqlı alındı.

Aşağı liqada da mövsümə xüsusi rəng qatan oyunlar oldu. Məsələn, I Liqada “Qaradağ Lökbatan” – “Şamaxı” matçını qeyd edərdim. Yəqin ki, Lökbatan qəsəbə stadionunda bu qədər azarkeş sonuncu dəfə 2004-2005-ci illərdə bu arenada Premyer Liqa oyunları keçirilən zaman olmuşdu. Bundan əlavə, II Liqada “Füzuli” – “Cəbrayıl” oyununu yada salardım. Əlavə olunmuş dəqiqələrdə “Cəbrayıl” qol vurdu və pley-off-da iştirak hüququ qazandı. Düşünürəm ki, idman prinsiplərinin qorunması nəticəsində bütün liqalarda maraqlı oyunlar izləyə bildik.

– “Qəbələ”nin Premyer Liqanı tərk etməsi ilə bağlı nə deyə bilərsiniz?

– Artıq ötən mövsümdən idman prinsipləri tətbiq olunur, sonuncu yeri tutan komanda Premyer Liqanı tərk edir. Keçən mövsüm “Şamaxı” liqadan düşmüşdü, bu dəfə isə sonuncu yeri “Qəbələ” tutdu. Amma onu deyim ki, çempionatı tərk etmək faciə, dünyanın sonu deyil. “Qəbələ” Azərbaycanda klub olma yönündə ən ciddi addımlar atmış komandadır. Həm infrastrukturu, həm meydançaları, həm də futbol akademiyası və uşaq komandaları ilə bunu təsdiqləyiblər. Orada illər öncə meydança salmaq üçün əcnəbi mütəxəssis gətirilmişdi, onun yanında yerli, qəbələli gənclər işləyirdilər. Artıq həmin gənclər püxtələşiblər, peşəkarlaşıblar. İndi bizdə meydançaları salmağı bacaran azərbaycanlı əməkdaşlarımız var. Səhv etmirəmsə, həmin əməkdaşlardan bəziləri artıq ölkədən kənarda belə, bu işləri görürlər. Bunlar qürurverici məqamlardır. Məncə, “Qəbələ” Premyer Liqadan düşdüyü üçün pis olmamalıdır. Bəzən I Liqaya düşmək belə, komandanın xeyrinə, bəzən isə əksinə – avrokuboklara getmək belə, komandanın ziyanına olur. Düşünürəm ki, “Qəbələ” I Liqaya düşməsinə baxmayaraq, özündə güc toplayacaq. İcraiyyə Komitəsinin sonuncu qərarı ilə yəqin ki, hamı tanışdır. “Qəbələ”də olan infrastruktur və akademiyaya dəstəyin göstərilməsi ilə bağlı çox yaxşı qərar verildi. Mənə görə, Qəbələdə o cür infrastruktura görə bir komanda azdır. O şəhəri II Liqada da bir komanda təmsil edə bilər. Ümid edək ki, gələcəkdə Qəbələdə çıxış edən komandaların sayı artacaq, hətta Qəbələ derbisi görəcəyik. Bu il “Şamaxı” Premyer Liqaya qayıtdı. İnanıram ki, onlar da ciddi hazırlaşacaq və çempionata rəng qatacaqlar. İdman prinsipləri qorunduğu üçün intriqa, azarkeşlərin sayı artır.

– Növbəti mövsümlə bağlı PFL-in nə kimi planları var? Yenə yeniliklər gözlənilir?

– Futbolda mövsüm bitən gün növbəti mövsümün başlandığı gündür. Futbol bitmir, daim davam edir, bizdə də elədir. İnşallah, pley-off oyunları yekunlaşsın, ondan sonra növbəti mövsümün hazırlıqlarına başlayacağıq. Hər dəfə çalışırıq ki, gələn mövsüm daha yaxşı olsun, növbəti yenilikləri edək. Buna potensialımız var. Özümüzə, əməkdaşlarımıza çox inanırıq. Bu mövsüm elə işlər var idi ki, heç nəzərdə tutulmamışdı. Planda olmayan şeyləri də elədik. Məsələn, II Liqa oyunlarının canlı verilməsi planda yox idi. Əvvəl düşünürdük ki, ancaq icmal versək, kifayət edər. Amma matçlar canlı da göstərildi, icmallar da yerləşdirildi. Bir növ ictimaiyyət bunlardan PFL vasitəsilə xəbər tutdu. Pley-off oyunlarından sonra növbəti mövsümün planlarını cızacağıq. Sizə söz veririk ki, həmişə olduğu kimi, üzümüzə gələn mövsüm də çox yüksək səviyyədə təşkil ediləcək. Avrokuboklara vəsiqə qazanan bütün komandalarımıza uğurlar arzulayırıq. Artıq onların imtahanı başlayır. Sağ olsunlar, əla oyunlarla çempionatımıza rəng qatdılar. İnanırıq ki, avrokuboklarda da uğurlu çıxış edəcəklər. Çünki orada ölkəmiz təmsil olunur, Azərbaycanın adı var. Hər şey komandalarımız üçün düşərli, yolları uzun olsun (futbolinfo.az).


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC