Muradov "Göyəzən"in 5 oyunluq qələbə seriyası, II Liqada oynamaq haqda: "Gündəlik məşq etsək, bizi heç kəs uda bilməz"

  • Vaxtilə Premyer Liqada, sonra I Divizionda çıxış edən “Göyəzən” artıq neçə ildir peçəkar futboldan kənarda qalaraq Region Liqasında çıxış edir. Yeni mövsümə uğurla başlayan Qazax klubu hazırda 18 xalla öz zonasında vahid liderdi. “Göyəzən”in vaxtilə kapitanı, uzun müddətdi baş məşqçisi olan Elxan Muradov Presssport.az-a müsahibəsində uğurlu çıxışın səbəbləri, qarşıdakı planlar və sair haqda danışıb.
  • - Region Liqasında son 5 oyunda qələbələri sıralayırsınız. Bu, "Göyəzən"in güclənməsinin nəticəsidi, yoxsa rəqiblərinizin gücü azalıb?
  • - Yox, azalmayıb. Bilirsiniz, bizdə həmişə uşaq, “material”, təcrübəli futbolçular olub. Sadəcə, onlar işlədiklərinə görə görürdün ki, tam heyət yığılmırdı. Bax, belə problemləri həmişə yaşamışıq. Gərək yaxşı pul verəsən ki, hamı vaxtı-vaxtında gələ bilsin. 
  • - İndi bu mövsüm yaxşı pul verirsiniz deyə hamı gəlir?
  • - Yox, sadəcə, belə alınıb ki, bu mövsümdə 18 futbolçumuzun hamısı bütün oyunlarda iştirak edir. Düzdü, 1-2 zədəlimiz olsa da, bunlar yüngül oldu və bizə problem yaratmadı. Biri də var kİ, 2 yaxşı, təcrübəli, aparıcı futbolçu zədəyə görə olmadı, qurtardı getdi, komanda da olmur. Görürsən ki, 1 qələbə də olsa, davamı gəlmir. Beş əvəzləmədən istifadə etməyimiz də bizə xeyir edir. O planda ki, əvvəl futbolçu sayımız az olduğundan bundan yararlana bilmirdik. Zədəlilərimiz olduğundan meydana buraxmağa oyunçu tapa bilmirdik. Futbolda 5 əvəzləmə böyük üstünlükdü. Baxırdım ki, bu oyunu filankəs həll edə bilər, amma o, heyətdə yoxdu. Şükür Allaha ki, zədəlilərimiz olmadı. Amma indi qapıçımız Ülvi Quliyevin barmağı qırıldı. Kapitanımız, bombardirimiz Arzuman Vəliyevin belində problem çıxıb, görək nə edirik. Baxırsan ki, zədəlilərimziin sayı artır. Bir uşağımız var - Eldost Qiyasbəyli məşq etdiyindən, onda damar artılmaları olur. Region Liqası elədi ki, hamıda bu problemlər yaşanır, tək bizdə yox. Çünki peşəkar klub kimi məşqlərimizi davam edə bilmirik. Bir sözlə, çox problemimiz olur. Hətta elə olub kİ, 12 futbolçuyla oyuna getmişik. Dediyim müsbət məqamlar olmasaydı, bu uğurlu nəticəni əldə edə bilməzdik.
  • - Sizcə, itkiləriniz qələbə seriyasının qırılmasına gətirib çıxara bilərmi?
  • - Heç bir rəqibə baxmamışam ki, kim necə oynayır. Həmişə biz məşqçilərə bu sualı verəndə, cavab verirəm ki, rəqiblərimizin oyunlarını görməmişəm. Buna görə proqnoz verə bilmirəm ki, qarşılaşacağımız komanda zəifdi, yoxsa güclü. İlk turlardı, hələ ki uğurla gedirik. 
  • - Belə çıxır ki, rəqiblərinizi oyun zamanı təhlil edərək buna uyğun oyun qurursunuz?
  • - Tamamilə doğrudu. Uşaqlara 15 dəqiqə tapşırıram ki, mənə də imkan verin analizə. Elə oynayın ki, rəqib komandanı görə bilim, artıq bundan sonra bilirəm ki, ona qarşı necə oynamaq olar. Bunu matç gedə-gedə təhlil edirik. 
  • - Yəni, Region Liqasında videoçəkiliş olmadığına görə rəqiblərinizi görə bilmirsiniz?
  • - Elədi. Futbolunku odur ki, gərək çəkiliş olsa, onu qabağına qoyub baxasan, analiz edəsən. Premyer Liqa, I və II Liqalarda çəkilişlər var. Bizdə isə bu, olmadığına görə sanki “havadan oynayırıq”. Məcbur olub 10-15 dəqiqə qorxaq futbol oynayırıq ki, baxaq, görək rəqib komanda necədi. İlk dəqiqələrdən hücum futbolu oynaya bilmirik ki, əvvəlcədən kəşfiyyat aparmalıyıq.
  • - Yeganə məğlubiyyətinizi aldığınız “Qala”yla ev matçda nə alınmamışdı kİ, 1 xal belə qazanmamışdınız?
  • -  Həmin nəticə mənim üçün gözlənilməz olmadı. Çünki mövsüm öncəsi məşqlərimiz demək olar olmamışdı və demişdim ki, getdikcə hazır olacağıq. Çempiona qələbəylə başladıq, sonrakı matçda həmin məğlubiyyəti yaşadıq və ardınca dediyim kimi oldu - ardıcıl 5 qələbə. Gündəlik proqramla məşq etsək, deyərdim ki, bizi heç kəs uda bilməz. Uduzanda bu, fiziki hazırlıqla bağlı olur. 
  • - Pley-offa 1-ci yerlə çıxmaq şansınız nə dərəcədə yüksəkdi?
  • - Heç vaxt yalandan qabaqcadan danışmaram. Bir dəfə 2007-ci ildə məşqçiliyə gələndə demişdim kİ, hamıdan güclüyük, yüksək liqaya qayıdacağıq. Komandaya baxan, məşq elətdirən kimi, buna gücümüz var. İndi burda isə qüvvələr nisbəti bərabərdi. Sadəcə, Region Liqasında belədi ki, kim səhv edir, o da uduzur. Misal üçün Bərdəylə oynayırıq, bütün hücumçu onlar elədi, qolları isə biz vurub udduq. Belə baxanda, məqsəd hamıda 1-ci yerdi, hamı öz qrupunun qalibi olmaq istəyir. Baxırsan ki, komandalar arasında xal fərqi böyük deyil. Əlbəttə ki, 1-ci yeri tutmaq istəyərdik. Kim istəməz ki? Amma futboldu, proqnoz vermək olmur.
  • - Komandanızın potensialına uyğun olaraq bu mövsüm liqada hədəfiniz olmaq? Heç olmasa “Dördlər finalı”badək irəliləyə biləcəksiniz?
  • - Keçən il uşaq futbolunu yaratdıq. 7 yaşından 16 yaşınadək bütün qruplara 110 uşaq dəvət etmişik. Sağ olsun, köməkçim Süleyman Məmmədov, Məhəmməd Babayev, Arzuman hamısı işləyir. Onlar gedib C kateqoriyası aldılar. Yavaş-yavaş işlədirik ki, aşağıdan qalxan potensial uşaqlar olsun. Yəni, məqsədimiz budu ki, uşaq futbolundan əsas komandamıza gələn olsun. Nə qədər Arzuman, Məhəmməd oynayacaq? Yoxdu, aşağıdan gəlmir. Buna görə uşaq komandalarını yaratdıq, şükür Allaha ki, onlar da öz liqalarında yaxşı nəticələr göstərir. Yaxşı qruplarımız var, Tovuzda gedib oynayırlar. Baxırsan ki, yavaş-yavaş irəliyə doğru gedirik. İnşallah, stadionumzu da düzələr, bundan sonra lap yaxşı irəliləyərik. Liqadakı nəticəyə gəlincə, inanmıram ki, bizdə o potensial olsun finala çıxaq. Uzağı bir mərhələ keçərik, açığı, o birilərini görmürəm.
  • - II liqanın yaranmasından sonra sizdə də böyük həvəs yaranar ki, burda təmsil olunasınız?
  • - Bizə keçən mövsüm də söz verdilər, son anda baş tutmadı. Çox həvəsliydik II Liqaya. Çünki bizdə sponsorlar var ki, gedib-gəlmək, qalmaq, yemək xərclərimizi verirlər. Buna görə sağ olsunlar. Sadəcə, fikirləşirdik ki, AFFA-dan gələn 50 min manatı da uşaqların maaşına verərik. Onda niyə gedib orda-bura işləyərlər, gəlib öz futbolunu oynayar, məşqlərini edərlər də. Bəlkə bəzi komandalara 50 min tam xeyir eləmir, çünki onların səfər xərcləri var. Bizdə isə bunu təmin etdiklərindən həmin 50 mini maaşlara yönəldərik. Bu zaman II Liqa üçün yavaş-yavaş normal komanda yaradırıq. 
  • - “Göyəzən”in təsisçisi və prezidenti Mehdi Salmanovun vəfatı sizə necə təsir göstərdi?
  • - Həmin gün Balakənddə idik. Çünki yol uzaq olduğuna görə oyuna 1 gün qalmış getmişdik. Orda olanda gecə saat 3-də rəhmətə getdi Mehdi müəllim. Çox pis olduq. Uşaqlara motivasiya verdim ki, bu oyunu Mehdi müəlimə görə uduzmaq olmaz. Dedim ki, nəyiniz var, meydanda qoyub, oynayın. Bu qələbəni Mehdi müəllimə həsr etdik. 
  • - İndi əsas vəzifələriniz Salmanovun "Göyəzən"lə bağlı arzularını həyata keçirmək olacaq…
  • - Bəli-bəli. Mehdi müəllim 40 il işləyib, Qazaxda böyük futbolun yaranmasında böyük əməyi olub. Həyatdı, nə edə bilərik…Allah rəhmət eləsin! 
  • - Bundan sonra kluba kim rəhbərlik edəcək? Bu, artıq müəyyənləşib?
  • - Bu sualı mənə hamı verir. Hələ ki komandanı mənimlə Süleyman müəllim idarə edirik. Rəhbərliyimiz var, qərarı özləri verərlər. Ona qalsa, Mehdi müəllim olanda da üçümüz kollektiv şəkildə idarəçilik işlərini görürdük. İnd Süleyman müəllimlə əl-ələ veririk işləri aparırıq. Elə bil ki “Göyəzən”ə Salmanovdan 10 il sonra gəlmişəm, məndən 10 il sonra da Məmmədov gəlib. 30 idlir mən işləyirəm, 20 ildir də Süleyman müəllim burdadı. Vaxtı gələndə rəhbərlərimiz namizədlə bağlı fikirləşərlər. Kimi desələr, o da olacaq. Burda heç bir problem yoxdu. Biz məşqçilər o işlərə qaraşımırıq. Özləri kimi istəyərlər, onu da təyin edərlər. Məsləhət kimdirsə, o da yeni prezidentimiz olar.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC