Arif Əsədov əzmkar qələbəni şərh etdi, qorxduqlarının başlarına gəlməsindən söz açdı: "Yerli məşqçilərə güvənmək, vaxt vermək lazımdı"

Azərbaycan milli komandası yoldaşlıq oyunu çərçivəsində Qazaxıstan yığmasını 3:2 hesabı ilə məğlub edib.

Presssport.az xəbər verir ki, yığmamızın məşqçisi Arif Əsədov matçdan sonra keçirilən mətbuat konfransına görüş haqda fikirlərini bölüşməklə başlayıb.

- İstəyərdim ki, futbolçularımı təbrik edim. Xarakter göstərdilər. Mövsümün sonudu, yorğunluq var. Buna baxmayaraq, xarakter göstərib hesabı 0:2-dən 3:2 etdik. Komandamıza təşəkkür edirəm. Hamı əlindən gələni etdi ki, psixoloji problem olmasın. Təəssüf ki, ilk standart vəziyyətdən qol buraxdıq. Futbolçulara təlimat verəndə demişdik ki, onların ən təhlükəli “silah”ı standart vəziyyətlərdi. Qorxduğumuz başımıza gəldi, növbəti qolu buraxdıq. Amma xarakter göstərib qalib gəldik. Hamını təbrik edirəm.

- Əsl sağ cinah müdafiəçisi olanda, komanda daha yaxşı oynayır? Amin Seydiyevbu gün  ən yaxşılardan idi...

- Yoldaşlıq görüşlərinin önəmi odur ki, hansısa eksperimentlər apara bilirik. Millətlər Liqasının oyunlarında yeni baş məşqçi biləcək ki, hansı formada komanda necə oynaya bilər. Bəzi mövqelərdə oyunçulardan istifadə edə bilərik.

- Sizi mənfi mənada düşündürən və müsbət mənada sevindirən məqam nədi?

- Mənfi odur ki, Albaniyaya qarşı da yaxşı oynadıq və heç-heçəyə layiq idik. Müsbət cəhətlər çoxdu. Komandada xarakter formalaşdı, birlik var. O baxımından gələcəyə ümidlə baxırıq.

- Oyunun startında komanda iki qol buraxdı. Komanda “sınmır”, amma futbolçular oyuna gec girir. Yəqin ki, bu yaxşı hal deyil?

- Təbii ki, dediyiniz hallar heç də yaxşı deyil. Amma standart vəziyyətdən qol buraxdıq, Albaniya görüşündə səhvdən sonra buraxmışdıq. Oyuna başlayanda konsentrasiyanı artırmaq lazımdı. 

- Hiss etdinizz ki, komanda bu gün daha çox sevildi?

- Kim tərəfdən?

- Futbol ictimaiyyəti...

- Hamımız oxuyuruq. Albaniyaya uduzsaq da, komandaya inam var idi ictimaiyyət və media tərəfdən. Bu futbolçulara da təsir edir. Bu oyunda da futbolçular əvəzini iki qat verdilər.

- Millidə baş məşqçi əvəzi kimi çalışırsız, komanda pis futbol oynamır. Bəlkə AFFA rəhbərliyinə deyəsiz ki, elə qarşıdakı Millətlər Liqasına millini siz çıxarasız? 

- Çalışıram ki, öz işimi görüm, əməlimlə işimi göstərim. Dörd ildir ki, millidəyəm. Həmişə düşünürdüm ki, 4 ildir millidə köməkçiyəm. Ümumiyyətlə, yalnız millidə köməkçi işləyərəm, klublarda heç vaxt. Həmişə düşünürdüm ki, heç kim fikirləşməsin gəlirəm millidə yola verirəm, kölgə altında gizlənirəm. Xarici məşqçilər olanda onlara da əlimdən gələn köməkliyi göstərirdim. Məni milliyə AFFA təyin edib. Deyirdim ki, hansısa şans düşsün, onun əvəzini məşqçi kimi verə bilim. Dörd oyundur ki, komandanı meydana çıxarıram. Azdan-çoxdan çalışdım ki, etimadı doğruldum. 

- AFFA rəhbərliyində olsaydınız, Arif Əsədovu baş məşqçi postunda saxlayardız?

- Bu suala cavab vermək çətindir. Tək özüm üçün demirəm. Yerli məşqçiləri təmsil edirəm. Bizdə də gənc məşqçilər var. Yerli məşqçilərə güvənmək, vaxt vermək lazımdır.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC