Azərbaycan millisinin futbolçusu Toral Bayramov Qazaxıstan millisi ilə keçirilən yoxlama oyunundan (3:2) sonra jurnalistlərə açıqlama verib.
Presssport.az xəbər verir ki, o, əvvəlcə oyunla bağlı təəssüratlarını bölüşüb: “Yaxşı oynadıq. Matça yaxşı hazırlaşmışdıq. Plansız iki qol buraxdıq. Heç nədən qapımızda qollar gördük. Ona kimi bizim fürsətlərimiz oldu, vura bilmədik. Dirəkdən də qayıdan top oldu, qapçıları da yaxşı oynadı. Şükürlər olsun ki, sonda qalib gələn tərəf biz olduq. Özümüzə inanırdıq, istəkli idik. Sonda da layiq olan qələbəni qazandıq”.
T. Bayramov cərimə zərbəsindən vurduğu qələbə qolunu da şərh edib: “Komandamızda cərimə zərbələrini yerinə yetirən mənlə Emindir. Məsafə uzaq idi. Emin topa yaxınlaşanda dedim ki, yaxşı hiss edirəm, qapıya yoxlayacam, ver vurum. O da etiraz etmədi, dedi ki, vur. Keçmişdə Fransaya vurduğum qol yadıma gəldi. Demək olar ki, ssenari eyni idi, nöqtələr fərqli idi. Şükürlər olsun, qol oldu, qalib gəldik. Hamını təbrik edirəm”.
23 yaşlı müdafiəçi matçda fərqli mövqelərdə oynadığına münasibətini bildirib: “İlk dəfə deyil. De Byazinin vaxtında da eyni oyunda fərqli mövqələrdə oynamışdım. Bu, məşqçidən asılıdır. Məşqçinin dediyi tapşırıqları yerinə yetiririk. Nəyi tələb edirsə, onu da edirik. Mənim üçün heç bir problem olmadı, özümü rahat hiss edirəm”.
O, “Oyununuzda inkişaf görürsünüzmü?” sualına belə cavab verib: “Bizdən soruşmayın. Məncə, siz onu daha yaxşı bilərsiz. Əlbəttə ki, oyundan oyuna yaxşı oynamağa çalışırıq. Biz bunu bacarırıq. Həqiqətən də elə heyyətimiz var ki, mümkünsüz bir şey deyil. Allaha şükürlər olsun ki, bunu göstəririk. Baxmayaraq ki, Albaniya millisinə məğlub olduq, düşünürəm ki, biz onlardan yaxşı oynamışdıq. Sadəcə olaraq son nöqtəni qoya bilmədik. İnşallah, irəlidə oyunlarımız çox olacaq. Çalışacağıq qələbələrimizi çoxaldaq, xalqımızı sevindirək” (qol.az).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC