“Qarabağ”a gedişimdə əsas amil Aftandil Hacıyev oldu. Zəng vurub məni akademiyalarına dəvət elədi. Dedi ki, çox istəyərəm, burda işləyəsən". Bu fikirləri Presssport.az-a açıqlamasında “Qarabağ”ın U-15 komandasının yeni baş məşqçisi Vüqar Əsgərli deyib.
Hələ Premyer Liqada baş məşqçisi olduğu “Şamaxı”nı I Liqada da çalışdıran PRO kateqoriyal adıçəkilən mütəxəssis cari mövsümün gedişində istefa verdi. “Qarabağ”ın U-15 komandasının yeni baş məşqçisi təyin olunan 40 yaşlı Əsgərlinin sözlərinə görə, seçimində bu klubun futbol akademiyasının koordinatorunun Aftandil Hacıyevin olması böyük rol oynayıb: “Əslində, “Qarabağ” mənim üçün tanış klubdu. Çünki məşqçilikdə ilk addımlarımı burda atmışam. Bu, 2017/18 mövsümü idi. Onda baş məşqçi ispaniyalı Pablo Ximenes idi, mən də onun köməkçisiydim. Bundan sonra Rəşad Sadıqovla U-19 komandasında birgə işləmişəm - Çempionlar Liqası vaxtı. Həmin dövrdə Aftandil Hacıyev əvəzediciləri çalışdırırdı. Ona da kömək edirdim, həmin vaxt yaxın münasibətimiz yarandı. Əsas məsələ ondadı ki, yayadək burdayam".
Gənc mütəxəssis vurğulayıb ki, “Qarabağ”da U-15 komandası ən yaxşı yaş qruplarından sayıllır: “Öz liqalarında turnir cədvəlində 1-ci yerdə gedirlər. Düzdür, Aftandil müəllim dedi ki, nəticə o qədər önəmli deyil. Ən vacib olan təcrübəmi bu uşaqlarla bölüşməyimdi. Komandanın üstün cəhətləri çoxdu. Fərdi olaraq çox yaxşı uşaqlar, çox potensiallı futbolçulardı. Sadəcə, azyaşlı uşaqlar olduğuna görə bir az taktiki planda çalışmaq lazımdı. O da iş prosesində düzələcək. Köməkçilərim əvvəlki korpus qalır. Özümlə yalnız "Şamaxı"dan analitik məşqçi İlqar Novruzovu gətirmişəm".
Əsgərlinin bu müddətdə variantları vardı. Bu, Premyer Liqada köməkçi, I Liqada baş məşqçi variantları idi. O, gələcəkdə Premyer Liqasa yenidən baş məşqçi işləmək təklifinin olacağını gözləyir: “Dediyim kimi, Afrandil müəllim dedi ki, gəl, bir yerdə işləyək, mənə kömək lazımdı. Yayda yaxşı təklifin olsa, oturub danışacağıq, heç bir problem yaradası deyilik. I Liqada iddialı, məqsədli, yaxşı şəraitə malik klub olsa, bəlkə ordan baş məşqçi təklifini qəbul edərəm. Lakin əsas demişəm ki, Premyer Liqadan təklif olsa, gedişimə şərait yaradılsın. ”Qarabağ"la “6 ay+1il” şərtiylə anlaşmışıq. Hacıyev dedi ki, yayadək istəyərəm bizimlə olasan. Çempionat bitəndən sonra isə oturub yenə danışarıq".
Həmsöhbətimiz onu da diqqətimizə çatdırdı ki, yaxın günlərdə yeno komandasıyla ölkə kənarına çıxacaq: "Fevralın 1-də burda "Kəpəz"lə burda oynayırıq, 5-də isə Belarusa beynəlxalq turnirə gedirik. Fevralın 10-dək orda olacağıq. Turnirdə məqsədimiz futbolçuları oynadıb inkişaf etdirmək, təcrübə qazandırmaq olacaq".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC