"Qəbələ"nin əsas meydançasının yeni qazonu avqusta hazır olacaq: "Bizə xüsusi qiymətlər var, güzəştlər edilir"

“Əsas meydançamızın qazonunun dəyişdirilməsi prosesi gedir. Buna hazırkı ayın əvvəlindən başlamışıq. Bildiyiniz kimi, “Caspian Sport & Landscape” ilə əməkdaşlıq müqaviləmiz var. Stadionların ot örtüyünə nəzarət üzrə ixtisaslaşan bu şirkət həmin prosesi həyata keçirir. Əlbəttə ki, qarşılığında ödəniş edirik. Bu, böyük məsrəfli işdi. Amma bizə xüsusi qiymətlər var. “Qəbələ”yə güzəştlər edilir. Bu, yeni şirkət olduğundan, bazar qiymətlərindən daha aşağıdı. Təbii ki, bunun müqabilində keyfiyyət də öz yerindədi".

Bu fikirləri Presssport.az-a açıqlamasında “Qəbələ”nin ümumi işlər üzrə koordinatoru Səbuhi Qarayev deyib.

Onun sözlərinə görə, əsas meydançanın təbii ot örtüyünün dəyişdirilməsi çoxdan planda vardı: "İndi ortaya imkan düşdü və qərara gəldik ki, bu işi reallaşdıraq. Həmin şirkətin baş aqronomu tanınmış mütəxəssis Filip Şarplesdi. Hansı ki vaxtilə Qəbələ şəhər stadionunda təbii ot örtükləri üzrə baş mütəxəssis vəzifəsində fəaliyyət göstərib, sonralar Bakıdakı bir sıra idman qurğularında da eyni vəzifəni tutub. Planlaşdırırıq ki, qazon dəyişdirməni avqusta yekunlaşdıraq və yeni mövsümə yeni meydançanın açılışıyla başlayaq. Yəqin, avqustun ortalarında - 20-dək istifadəyə verəcəyik. 6 təbii meydançamız var, 1-ni keçən il dəyişmişik. Növbəti illərdə planımızda var ki, daha 2-si dəyişək. Ola bilər ki, bu, artıq gələn olsun".

Qarayev əsas meydançanın son dəfə 2016-cı ildə dəyişdirildiyini diqqətə çatdırıb: “Bu 8 ildə yaxşı qulluq elədiyimizə görə yaxşı qalmışdı (gülür). Əslində, qazon bir neçə ildən bir dəyişdirirlir. Amma 8 il onu saxlaya bilmişik. Həm altında isitməsi var, həm də mütəxəssislərimiz tərif kimi çıxmasın, yaxşıdı. İndinin özündə də öt örtüyümüz qala bilərdi. Ad çəkmək istəmirəm, Azərbaycanda elə meydançalar var kİ, bizimki indiki durumunda da onlardan yaxşıdı, çox yaxşıdı. Amma bizim - "Qəbələ”nin istəyi, standartları başqadı. Buna görə dəyişilmək vaxtı idi. Təbii kİ, istilik sisteminə dəyilməyəcək, o yenə qalacaq. Sadəcə, üzərindəki örtük dəyişəcək. Bu, əsasən İspaniyadan və bir də Türkiyədən gələn toxumlarla olacaq. O vaxt da dəyişdiriləndə həmin toxumlar olmuşdu".

Məlumdu ki, keçən mövsümdə “Kəpəz” də ev oyunlarını Qəbələdə keçirdi və bu, əlavə yüklənməyə səbəb oldu. Amma Qarayev fərqli fikirdədi: “Deməzdim ki, dəyişməyimiz bununla bağlı idi. Yüklənmə axırda, mövsümün bitməsinə az qalmış oldu. Bu zaman meydança yaxşı vəziyyətdə olmadı və buna görə ”Kəpəz"in burda oynamasından imtina elədik. Düzdü, bəziləri fikirləşdi ki, bu, başqa şeyə görə olub (gülür). Amma belə deyildi. Meydançamızda dalbadal oyunlar, çempionatla yanaşı, kubok matçları, həmin “Kəpəz”lə ev qarşılaşmamız oldu. Bu üzdən meydançamız çox yükləndi və yaxşı deyildi. Lakin dəyişməyimiz ümumilikdə planımızda vardı, plana uyğun idi".

Yeri gəlmişkən, “Kəpəz” yeni mövsümdə də Gəncədə oynaya bilməyəcək və ən real variant yenə Qəbələ sayılır. Maraqlıdı, bununla bağlı “Qəbələ”yə müraciət olub?: Həmsöhbətimizi dinləyək: “Məlumatımız yoxdu, bizə heç bir müraciət olmayıb. Olsa, bu, artıq daha yuxarı instansiyaların verə biləcəyi qərarıdı”.  

Xatırladaq ki, “Qəbələ” yeni mövsümdə I Liqada çıxış edəcək və burda startın sentyabrda olacağı gözlənilir. 

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC