"Neftçi"nin baş icraçı direktoru Fərrux Mahmudov komandanın Antalya toplanışında jurnalistlərin suallarını cavablandırıb.Presssport.az xəbər verir ki, funksioner sabiq baş məşqçi Adrian Mutunun gedişindən, komandanın çempionatdakı hədəflərindən, klubun idarəetməsindən və s. digər məsələlərdən danışıb:
- Mutuya kompensasiya ödədiniz?
- O, qarşılıqlı razılaşma əsasında yola salındı.
- Mutunun anası rəhmətə getdi, sonra “Neftçi”dən uzaqlaşdı. Bunlar plan idi, ya necə?
- Anasının vəziyyəti çoxdandır, pis idi. Mutu buraya gələndən, anası komadaydı. O, tez-tez gedib gəlirdi. Təbii ki, bu bir plan deyildi ki, gedib qayıtmasın. Onun müqaviləsi məndə masanın üstündə idi, sadəcə, uyğun zamanı gözləyirdik ki, bu haqda ona deyək. Sadəcə, anasının vəfatı ilə üst-üstə düşdü.
- Bəs Mutu getmək istədiyini deyirdi? Ya da bununla bağlı nəsə narazılığı var idi?
- Xeyr, sadəcə, onunla danışdıq və qərar verdik ki, belə olsa, hər iki tərəf üçün də yaxşı olar.
- Mutunun vikipediyasına baxanda görürdük ki, xüsusi məşqçi bacarığı yoxdur. Onun komandaya gətirilməsi tələsik qərar idi?
- Mənə həmişə bu sualı verirlər, amma demək istəyirəm ki, o gələndə mən burada deyildim.
- Miodraq Bojoviçdən başqa hansı namizəd var idi?
- Bunu deyə bilmərəm, amma onu deyim ki, adlar arasında yerli məşqçi yox idi.
- Son illər “Neftçi” yerli məşqçi tərəfə baxmır…
- Son illər barədə nəsə deyə bilmərəm, gəlin biz 2023-cü ilin iyulundan bu yana olanlardan danışaq.
- Legioner limitini də nəzərə alsaq, “Neftçi” Ramil Şeydayevlə Mahir Emreliyə maraq göstərib?
- Bizdə yerli futbolçu sayı ilə bağlı problem yoxdur. Mahirlə Ramili sırf oyunçu kimi izləyə bilərdik. Yəni onların Azərbaycan pasportuna sahib olması bizim üçün prioritet məsələ deyil.
- “Neftçi” həmin iki futbolçuya maraq göstərib?
- Ramil Şeydayevə maraq göstərib, Mahirə isə yox.
- Ramil nə cavab verdi?
- 50-dən çox futbolçuya baxılıb, Ramil də onların arasında idi.
“Məqsədimiz çempionatda uğurlu çıxış edərək avrokuboklara vəsiqə qazanmaqdır”
- “Neftçi”nin qızıl dövrlərinə, uğurlarına baxsaq, görərik ki, bütün uğurlar yerli məşqçilərlə bağlıdır. Bu məsələ müzakirə olunub?
- Bunu bir qədər əvvəl də söylədim, hal-hazırda son təyinatdan əvvəl də məşqçilər arasında yerli çalışdırıcı yox idi.
- Müzakirə edirsiniz ki, əsas məqsəd nədir?
- Əsas məqsədimiz çempionatda uğurlu çıxış edərək avrokuboklara vəsiqə qazanmaqdır.
- Çeynənmiş mövzu olsa da, yenə bu sualı verəcəyəm. “Neftçi”nin baza məsələsi nə yerdədir? Köhnə rəhbərlik deyirdi ki, çöldə hər şey hazırdır, bircə içəri üçün bir neçə milyon pul lazımdır.
- Çox təəssüf ki, eyni vəziyyətdir və söhbət yuxarıya gedib. Məsələ tezliklə həll olunmaldır. Ya bir il çempionatı qoymalıyıq kənara bazaya yönəlməliyik, ya da büdcə ayrılmalıdır. İndi isə qızıl ortanı tapmaq lazımdır.
- Baza haqqında danışmışkən, akademiya ilə bağlı ciddi dəyişikliklər gözlənilir?
- Gözlənilir. Artıq ola bilsin ki, heyətdə də dəyişiklik olacaq. Fikir var ki, akademiyaya daha doğru yanaşma olsun. Baza tikilsin, akademiya inkişaf etsin. Çünki “Neftçi” elə klubdur ki, orada öz yetirmələri oynamalıdır. Məqsəd odur ki, bir neçə il sonra “Neftçi”də Əhmədov, Məmmədov oynasın.
- “Neftçi”nin öz yetirmələri bu gün sanki yalnız say düzəltmək üçün oynayırlar…
- “Neftçi”də İsmayıl, Fərid, Ömər və Rza Cəfərov kimi futbolçular say düzəltmək üçün yox, potensiallarına görə oynayıblar.
“Neftçi” həmişə tənqid olunub"
- Mutu yarım il işlədi getdi. Ola bilərmi ki, Bojoviç də yarım il işləyib getsin?
- Bojoviçin qarşısına məqsəd qoyulub ki, ən pis halda ikinci yer və kubok əldə olunsun. Əgər bu iki faktor olsa, təbii ki, gələn il də qalacaq. Amma bir məqamı ona çatdırdıq ki, bu məqsədlərə çatılsa, lakin oyun tərzi xoşumuza gəlməsə və ya komanda daxilində digər şeylər baş versə, biz onunla sağollaşa bilərik. Amma bu iki nəticədən biri olmasa, oyun tərzini bəyənsək, inkişaf görsək, təbii ki, gələn il də qalacaq.
- Bəs bunun cavabını necə biləcəksiniz?
- İdman direktoru ilə müzakirədən.
- Mən elə başa düşdüm ki, Mutu nəticəyə görə yox, oyuna görə göndərilib.
- İstədiyimiz yerdə qərarlaşmasaq da, nəticə baxımından kritik deyildik. İkinci pillədən cəmi 1 xal geridəydik. Oyun tərzinə gəldikdə isə özünüz də görürdünüz ki, qorxaq futbol oynadırdı. Çox təəssüf ki, “Neftçi”nin adına yaraşan oyun sərgilənmirdi.
- Amma özünüz görürsünüz ki, “Neftçi”də oyundan daha çox yeni rəhbərlik tənqid olunur.
- “Neftçi” həmişə tənqid olunub.
- Bəs futbolçulardan rəhbərliyə Mutu ilə bağlı narazılıq edən var idimi?
- Həmişə vəzifəcə aşağı olan insanlar öz müdirindən narazı olurlar. Əgər hamı razı olsa, çox gözəl günlər yaşayarıq.
- Siz şefinizdən razısınız?
- Təbii ki, razıyam.
- Qarşınıza nə şərt qoyublar?
- Burada iki məsələ var. Biri idman tərəfi, digəri isə qeyri idman tərəfidir. Media, marketinq, maliyyə, administrativ departamentlər var. Bu oyunçuların gəlməyi, getməyi, kim necədir, haradan gəlir... Mənim də işim budur ki, vəsait səmərəli istifadə olunsun. Bu, idarəetmədir. Bunu məndən tələb edirlər. İdman tərəfinə isə futbol departamenti nəzarət edir. Onlardan da başqa şey tələb olunur.
“FIFA-nın müqavilələrini görsəniz, deyərsiniz ki, Fərrux, buna necə qol çəkirsən?”
- Yens Andersonun qarşısına qoyulan tələb nədir?
- O, idman departamentinin rəhbəridir. Onun imzasıyla oyunçular Bakıya gətiriləcək. Komandaya kim gəlirsə, birinci orada Anderssonun imzası olmalıdır. Onun ikinci vəzifəsi akademiyanı canlandırmaqdır. Yeni sistemi o verəcək.
- Bəs Kamil Məmmədovla Zaur Əzizovun vəzifəsi nədir?
- Onlar da Yenslə birlikdə çalışırlar. Oyunçu axtarırlar, təqdim edirlər, müzakirə edirlər. Onlardan savayı, Cahid Əsgərov və İqor Getman da var. Seleksiya qrupu ilə birlikdə matçlara baxıb oyunçuları gözdən keçirirlər və daha sonra Yensə təqdim edirlər.
- Sənan Qurbanov da hazırda “Neftçi”də çalışır. O, uzun illər “Qəbələ”də işləyib, Roman Qriqorçukun köməkçisi olub, daha sonra onun yerinə keçib və kuboku da qazanıb. “Neftçi” nə vaxtsa belə bir təcrübəyə keçə bilər?
- Onu zaman göstərəcək. Əsas məsələ indi çempionatda yaxşı oynamaqdır.
- Mətbuatda görmüşük ki, siz “Neftçi” ilə böyük uğurlar qazanmış Sadıq Sadıqovla görüşürsünüz. Bəs onunla məsləhətləşib, ondan faydalı ola biləcək məsləhət götürürsünüz?
- Biz Sadıq müəllimlə tez-tez görüşürük. Tək “Neftçi”yə görə yox, ümumiyyətlə, bizim əla münasibətimiz var. Amma “Neftçi” haqqında da çox danışırıq. O zamanlar bir az başqa idi. Məsələn, indi çox adam yazır ki, bu futbolçunu qovun. Amma FIFA-nın müqavilələrini görsəniz, deyərsiniz ki, Fərrux, buna necə qol çəkirsən? Çünki əsas üstünlük futbolçu ilə bağlanan müqavilədədir.
- Yenilənmiş “Neftçi”ni nə vaxt görəcəyik?
- Biz artıq avrokuboklar dönəmində hansı futbolçuları alacağımızı belə indidən düşünürük. İki hücümçunu ona görə almışıq ki, onlar bizə indi lazımdır. Amma ümumiyyətlə, yayda kimlər gedəcək, kimlər qalacaq, bunu artıq indidən təhlil etməyə başlamışıq.
- “Neftçi”nin hazırkı büdcəsi son 10-12 ilin ən yüksək büdcəsidir?
- Eşitdiyimə görə, bəli, ən yüksək büdcə klubda bu il olub. Amma ötən illərin büdcələrini mən görməmişəm.
- Bu, klub üçün daha çox təzyiq yaradır?
- Mən gələndə artıq hər şey təsdiq olunmuşdu və mən artıq fakt qarşısındaydım ki, transfer budur, məşqçi budur. Amma bu qış fasiləsindən artıq mən və Yens cavabdehlik daşıyırıq.
- Saldanya siz gələndən sonra getdi?
- Elə mən gələn ərəfədə getdi. Bir də biz rəhbərlik olaraq məşqçini qışda, yoxsa yayda dəyişmək haqda çox düşündük. Axırda qərara gəldik ki, qışda dəyişək. Çünki həmişə yayda məşqçi yola salınırdı və yeni gələn də hər dəfə deyirdi ki, oyunçunu tanımıram. Ona görə qışda dəyişdik ki, məşqçi mövsümün sonuna qədər hamını tanısın və komandanı yığsın. Məncə, düzgün qərar vermişik.
“Sırf idarəçiyəm, ilk gündən demişəm ki, idman tərəfi mənlik deyil, elə də anlayışım yoxdur”
- Son oyunlardan sonra azarkeşlər etiraz əlaməti olaraq sizin yox, məhz Kamil Məmmədovun adını çəkirdi. Bu sizə təəccüblü gəlmirdi?
- Mənə də təəccüblü gəlirdi. Çünki düşünürdüm ki, mənasız xal itkilərindən sonra adımın çəkilməyinin vaxtı idi, amma mənim adım səslənmədi.
- Bəs azarkeşlərlə görüşüb onları dinləyirsinizmi?
- Onlarla mütamadi olaraq görüşürük.
- Bəlkə, Kamilin adının çəkilib, sizin adınızın çəkilməməsi sizin əvvəldən “Neftçi” azarkeşi olmağınızla bağlıdır?
- Bunu, məncə, onlardan soruşmaq lazımdır. Bəlkə, onlarla səmimi, rahat söhbətim xoşlarına gəlib, amma bunun səbəbini həqiqətən bilmirəm.
- Bəs hansısa fan-qruplarda olmusunuz?
- Oyunlara tribunadan baxmışam, amma heç bir qrupun üzvü olmamışam.
- Basketboldan gəlmisiniz. Futbolla fərq çoxdur?
- Təbii ki, biri ayaqla oynanılır, digəri isə əllə. “Neftçi” çox fərqlidir. Çünki bu kluba azarkeşlər, jurnalistlər tərəfindən çox təzyiq var. Amma basketbolda, ümumiyyətlə, bu qədər təzyiq olmayıb. Bilmirəm, izləyirsiniz, ya yox, amma keçən il liqanın səviyyəsini çox qaldırmışdıq.
- Ümumiyyətlə, “Neftçi”də kimsə rəhbərliyə gələndə belə fikirlər ortaya çıxır ki, bu kiminsə adamıdır. Bəs siz kimin adamısınız?
- Məni basketboldan tanıyırlar, bilirlər ki, mən kiməm, necə işləyirəm, iş prinsiplərim necədir. Mən sırf idarəçiyəm, ilk gündən demişəm ki, idman tərəfi mənlik deyil, elə də anlayışım yoxdur. Amma hər gün idman direktoru ilə danışdığımızdan deyə bilərəm ki, gələn ildən dəyişə də bilər.
- Siz ilk görüşdə komanda - Bojoviç ilə şəkildə meydana hakim kimi düşmüşdünüz. Bunu bilərəkdən etmişdiniz?
- Miodraqla bircə mətbuat konfransından şəklim var. Amma siz dediyiniz şəkil təsadüfən olmuşdu (Futbolpress.az)
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC