Elvin Məmmədov bu gün böyük futbolda son oyununa çıxacaq: "Maksimumum budu, zatən "Cəbrayıl"a sırf Cavid Hüseynova görə gəlmişdim...""

"Cəbrayıl" II Liqada çıxış etdiyi mövsümün gedişində heyətinə millimizin sabiq üzvləri olmuş təcrübəli futbolçuları cəlb etdi. Onlardan biri baş məşqçi Cavid Hüseynovun yaxın dostu, uzun illər birgə oynamış Elvin Məmmədovdu. 35 yaşlı yarımmüdafiəçi I Liqaya çıxmaq uğrunda “Araz Saatlı”yla Bayıldakı ilk pley-off matçından sonra Presssport.az-ın əməkdaşının suallarını cavablandırıb.  

  • - Bir təcrübəli futbolçu olaraq fikirlərin maraqlıdı ki, evdəki 2:0-dan cütün qalibi olmaq vəzifəsini faiz etibarilə nə qədər həll etmisiniz?
  • - Məncə, faiz etibarilə 50-50-di. Çünki unutmayaq ki, I Liqanın komandasına qarşı oynayırıq. İstər-istəməz futbolçuların gücü, səviyyə baxımından fərq var. Buna görə hələ bitməyib hər şey.
  • - İlk oyunda sanki istək sizdə daha çox idi. İnamlı qələbədə həlledici amil bu oldu?
  • - Həqiqətən istək çox idi. Uşaqlar çox əziyyət çəkdi. Düzdü, rəqibin də istəyi var idi. Sadəcə, ilk oyunda daha çox “Cəbrayıl”da alındı. 
  • - Meydanda son 15-20 dəqiqədə oldun. Bu müddətdə komandaya kömək edə bilirsən, yoxsa komanda daxilində olmağın daha vacibdi?
  • - Əslində, buna fikir bildirmək istəmirəm. Çünki uşaqların əməyi var, həqiqətən var. Çox əziyyət çəkdilər. Mənim üçün 15, 20 dəqiqə fərqi yoxdu, əsas odur ki, bura sırf Cavid Hüseynova görə gəlmişəm. Nə qədər kömək edə bilirəmsə, bu, mənim üçün daha yaxşıdı.
  • - Amma Ruslan Əmircanov 90 dəqiqə kömək edə bilir. Yeri gəlsə, səndən də yaşlıdı, səndən də tez karyerasını bitirib. Səncə, buna nəyin hesabına nail ola bilir?
  • - Məncə, Ruslan daha çox, daha yaxşı formadadı. Çünki bilirsiniz, o, məşqçidi, uşaqları öyrədir. Bizdəsə elədi ki, daha çox hərəkətsizdi, böyük futbolla bəlkə 1 aydan çoxdu məşq etmirəm. Buna görə mənə böyük futbol oynamaq çətindi. Üstəlik, rəqib I Liqa təmsilçisidi. Bəli, II Liqada oynayanda asan idi. Amma I Liqada fərqlidi, daha çox hərəkətli olmalısan. 
  • - Belə çıxır ki, missiyan bura qədərdi - “Cəbrayıl”ı I Liqaya çıxarıb birdəfəlik getmək…
  • - Maksimumum budu. Son oyunum iyunum 15-dəki cavab matçı olacaq. Bundan sonra böyük futbola “əlvida” deyib bütün diqqətim məşqçiliyə yönələcək. 
  • - Bəs, minifutbol çempionatında oynayacaqsan?
  • - Onu bilmirəm. Zatən həftədə ən azı 1 dəfə, heç olmayanda 2 həftədən bir minifutbol oynayıram. Amma böyük futbolla vəssalam qurtarıram  - sırf 2 oyunluq idi. Onsuz da dediyim kimi, "Cəbrayıl"a sırf Cavidə görə gəlmişdim, pley-off oynadıq, hələ 1 matç qalıb. Bundan sonra mənim üçün böyük futbol son!
  • - Cavid Hüseynov sənə tez-tez irad bildirir, yoxsa..?
  • - (gülür) Ortada səmimiyyət var. Məşqlərdə nə irad bildirəsidi ki…Komandaya kömək etmək üçün gəlmişəm. O, nəsə deyəndə, uşaqlara dəstək verirəm. 
  • - Digər Cavid ilk oyunda yox idi, xaricdə istirahətdədi. Buna görə yerlin - əslən tovuzlu olan Cavid Tağıyevi qınayırsan?
  • - Vallah, əslində bilnmirdi pley-off matçlarının tarixləri. Bu qədər uzanmağı bəlli deyildi. Bilirsiniz, rəqib bilinmirdi, müəmmalı vəziyyət idi. Onsuz da adamlar 10 gün arayla bilet alır. Bu, normal bir şeydi. 
  • - Maraqlıdı, məşqçi kimi özünü necə hiss edirsən? Çətindimi?
  • - İnşallah, yaxında B kateqoriyasını aldım. Həm də “Səbail”un U-15 komandasında məşqçiyəm. Bundan sonra məqsəd sırf məşqçiliklə bağlıdı. Əlbəttə, məşqçilik futbolçuluqdan çox çətindi. Çünki ilk növbədə məsuliyyət böyükdü. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC