Məmmədov I Liqada qala biləcəklərinə inanır: "Son şansımızı da dəyərləndirə bilməsək, özümüzdən gileylənməliyik, başqasından yox"
Bu gün Azərbaycanda cari futbol mövsümünə yekun vurulacaq. Son matç I Liqaya vəsiqə uğrunda pley-off mərhələsinin cavab görüşüdü ki, orda “Araz Saatlı” "Cəbrayıl"ı qəbul edəcək. Satalı klubunun baş məşqçisi Şəhriyar Məmmədov evdəki cavab görüşü öncəsi Presssport.az-a müsahibəsində bir sıra mətləblərdən söz açıb.
- - İlk oyunda əsas səbəb nə oldu ki, qol vura bilmədən 0:2 uduzdunuz?
- - Səbəb kimi, adını şanssızlqımı qoyum…Belə deyərdim, dəqiqlik çatmadı. Tirdən qayıdan iki topumuz oldu. Bundan əlavə, bəzi hücumlarımızda oldu ki, onları dəyərləndirə bilmədik. Bu da dediyim kimi, son zərbələrdə qeyri-dəqiqliklə bağlıdı.
- - Rəqibdən fərqli legionerlər oynatmaq hüququna malik idiniz, bunu da etdiniz. Amma bu üstünlükdən istifadə edə bilmədiniz. Gəlmə futbolçular belə vacib matçlarda nə dərəcədə sizə faydalı ola bilirlər?
- - Öncə onu qeyd edim ki, bu legionerlər mənə qədər gəlmişdi. Bilirisiniz ki, mövsümün əvvəlində komandada idim, sonra bəzi səbəblərdən getməli oldum. O müddətdə də legionerlər gəldi. Əlsində, onların arasında Sequn Omotoşo məni qane edən legionerdi. Digərləri o deyil də, özünüz də görürsünüz.
- - Əslində isə məhz belə həlledici matçlarda legionerlər seçilərək, komandaya kömək etməlidi…
- - Ümumiyyətlə, seleksiya baxımından çox əziyyət çəkdik. Saatlı əvvəl futbol regionu, burda futbol peşəkar səviyyədə olmadığı üçün çox çətinlik çəkdik. İlk 4 oyun da bunu isbat elədi. Bundan sonra da 3 legioner gəldi və transferlər öz sözünü dedi. Bir şeyi də deyim ki, komandaya son 4 oyunda qayıtmışam. Hansı ki, hamısını udsaydıq belə, bizim üçün heç nə dəyişmirdi. Bilirsiniz ki, yenə son pillədə qalacaqdıq. Amma ən azından uşaqlarda özünəinam qayıdıb, bu, yaranıb. Futbolçularımız inanır ki, pley-off nəticələrinin yekunundan sonra nəsə əldə edə bilərik.
- - Bəxtdən də gileylənə bilməzsiniz. Çünki əslində, son pillənin sahibi kimi II Liqaya düşmüşdünüz, lakin “İrəvan” I Liqadan çıxarıldığına görə pley-offda iştirak hüququ qazandınız və bununla da şans yarandı ki, yerinizi qoruyasınız…
- - Çox düz qeyd edirsiniz. Gərək, bu şansdan istifadə edək.
- - Bundan da istifadə etməsəniz, gərək heç kimi günahkarlandırmayasınız…
- - Əstəfüllah, heç kimi günahlandırmırıq. Şanssızlıq desəm, bəlkə düzgün olmaz. Amma həqiqətən Satalıda ilk peşəkar klub olduğumuz üçün bu cür əziyyətlər çəkmişik. Buna baxmayaraq, ən dürüst, ən puktual olmuşuq, bütün matçları yüksək səviyyədə keçirmişik. Allaha şükür ki, bir gileyimiz-güzarımız yoxdu. Yalnız oyundan-oyuna artırmaqdı ki, yavaş-yavaş buna nail oluruq. Buna da matç sayı imkan versə. Bilirsiniz ki, oyunlar da bitib. Dediyiniz kimi, şansımız yalnız son oyunda qalıb. Onu da dəyərləndirə bilməsək, özümüzdən gileylənməliyik, başqasından yox.
- - Sizcə, bu oyun “Araz Saatlı”nın gələcək taleyinə təsir göstərə bilərmi? O mənada ki, II Liqaya düşsəniz, ola bilərmi ki, klub dağılsın?
- - Əlbəttə ki, futbola 1 gün üçün gəlməmişik. Gəlmişiksə, o komandanı dirçəltməyə gəlmişik. II Liqa olsa belə, o komandada çiyin-çiyinə çalışacağıq, yenidən I Liqaya qayıtmaq üçün mübarizə aparacağıq. Həqiqətən əməyimizlə, zəhmətimizlə nəyəsə nail olmalıyıq. Yoxsa elə-belə hədiyyə veriləndə, onun bəlkə də qədrini bilməyəcəkdik.
- - “Haypers" “Şəfa”nı hər 2 matçda udaraq II Liqaya çıxdı, indi “Cəbrayıl” “Araz Saatlı”nı məğlub edir. Belə çıxır, liqalar arasında belə səviyyə fərqi var ki, aşağıların liderləri yuxarıların autsayderlərin güclüdü?
- - Əslində, hardasa düzgün vurğulayırsınız. Liqalar arasında səviyyə fərqi bir az hiss olunmalı idi. Lakin gəlin, reallıqlarla razılaşaq ki, rəqibimizdə çıxış edən futboçular kimlərdi - hamısını tanıyırsınız, hansı komandalarda çıxış ediblər bilirsiniz. Hətta millinin belə üzvləri olublar bu təcrübəli oyunçular. Bu baxımdan bizim üçün bir az çətinlik oldu. Hər halda, məlumatım var ki, “Cəbrayıl" ilk mövsüm kimi seleksiya etməyib. Yəni, daha mükəmməl seleksiyalar edib. Bu da hazırda özünü büruzə verir. Deyə bilərsiniz ki, bundan qabaqkı matçları belə oynamayıb? Sizə bir şeylə cavab vermək istəyirəm ki, oyuna-oyuna hər komanda formalaşır. Necə ki, ”Cəbrayıl" formalaşır.
- - Cavab matçını doğma Saatlıda, doğma azarkeşləriniz qarşısına keçirəcəksiniz. Belə olan halda, cütün qalibi olmaq şanslarınızı necə dəyərləndirərsiniz?
- - Yenə də bunu 50-50-yə dəyərləndirmək olar. Çünki oyun 90 dəqiqə, meydança düz, top da yumrudu. Hər an hər şey ola bilər. Heç vaxt ümidimizi itirmirik. İndiyədək oyuna necə hazırlaşmışıq, elə də hazırlaşırıq. Çalışacağıq ki, inşallah, ümidləri doğruldaq və sizin kimi də dəyərli jurnalistlərin komanda haqda təəssüratlarını müsbət mənada, yaxşı istiqamətdə dəyişə bilək.