"İdman adamları olan atamla babamın adlarını yaşatmaq, missiyalarını davam etdirmək çiyinlərimin üzərinə düşür" - Cavid Hüseynov

“Düzdür, ilk oyunda 2:0 hesabıyla qalib gəlmişdik. Lakin bu, bizim üçün hələ son demək deyildi. Çünki rəqib meydanında işimizə daha ağır ola biləcəyini bilirdik. Buna görə həddindən artıq ciddi hazırlaşmışdıq və istəyirdik ki, Saatlıda da qələbə qazanaraq I Liqaya vəsiqəmizin taleyinizə xeyrimizə həll edək”.

Bu fikirləri Presssport.az-a açıqlamasında “Cəbrayıl”ın baş məşqçisi Cavid Hüseynov deyib.

I Liqaya vəsiqə uğrunda pley-off mərhələsində “Araz Saatlı”nı səfərdə də məğlub edən (3:1) cəbrayıllıların çalışdırıcısı oyunların çox yaxşı alındığını vurğulayıb: “İstər müdafiə, istər hücum fonunda bütün gedişləri yerinə yetirə bildik. Futbolçuların bu uğurda əziyyəti həqiqətən danılmazdı. Meydanda həqiqətən yaxşı mübarizə apardılar. Görmək istədiyimiz həmin komandanı, həmin birliyi, həmin kompaktlığı futbolçular meydanda nümayiş etdirdi”.

“Cəbrayıl”ın hələ ki tarixində uğrular məhz Hüseynovla bağlıdı - əvvəl Region Liqasının qalibi olmaq, indisə I Liqaya vəsiqə qazanmaq. Cənrayılda dünyaya gələn 36 yaşlı məşqçi bu nailiyyətlərin çox şirin olduğunu gizlətməyib: “Əlbəttə ki, bu, belədi - istər bu komandanın ilk addımlarını atanda, təsis edəndə, istərsə də indi. Bilirsiniz ki, klubun direktoru Şahin Məmmədovla birgə işlə başlamışdıq. Onun mənə dəstəyi həqiqətən böyükdü, danılmazdı. Həm məşqçilikdə, həm də komandanın inkişafında Şahin müəllimin ayrı bir xüsusi yeri var. O ki qalda mənə, əlimdən gələn qədər bunun öhdəsindən gəlməyə çalışıram. Çünki bilirsiniz ki, həm atam idmançı olub, həm də babam Cəbrayılda İdman Komitəsinin sədri olub. Yəni, onların adlarını yaşatmaq, missiyalarını davam etdirmək çiyinlərimin üzərinə düşür. Xoş hisslər keçirirəm ki, bunu layiqincə yerinə yetirirəm. İnşallah, davamlı olar və bu komandanın taleyi daha uğurlu imza atmaq olar, o tarixi bir daha yaşayırıq”.

Maraqlıdı, tarixi nəticələrdən hansı gənc məşqçinin gözündə tərəzidə onun üçün daha ağır gəlir? “Sözün açığı, fərqli-fərqli hisslərdi. Bəlkə də Region Liqasının qalibi olanda təmiz başqa hisslərdi. Çünki məşqçilikdə ilk ilim idi və o anda həqiqətən təmiz başqa duyğular vardı. Bunun üstündən 3-4 il keçib və insan daha da püxtələşib. Bu zaman məşqçi kimi daha da formalaşırsan və sakit qəbul edə bilirsən. Yeri gəlmişkən, saytınız vasitəsilə bu uğuru bizimlə yaşayan, bizə böyük dəstək göstərən azarkeşlərimizə, xüsusilə onlarla əlaqələndirici olan Azər Telmana böyük minnətdarlığımı çatdırıram".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC