Elvin Camalov: "Makkabi"dən çəkinməyəcəyik, "Sabah"la qarşılaşmaq onlar üçün asan olmayacaq"

"Rəqibimiz həqiqətən də güclüdü. Bəlkə də püşkün ən güclüsü bizə düşdü. Amma biz də özümüzə, komandamıza inanırıq. Əlimizdən gələni edəcəyik ki, hamını sevindirək".

Bu sözləri Presssport.az-a açıqlamasında "Sabah"ın kapitanı Elvin Camalov deyib. 

Konfrans Liqasının II təsnifat mərhələsinin püşkünü dəyərləndirən yarımmüdafiəçi İsrail "Makkabi"sini (Hayfa) məğlub etmək və turnirdə maksimum irəliləmək üçün əllərindən gələni edəcəklərini deyib: “Şükürlər olsun, çempionatı yaxşı pillədə başa vurduq. Əziyyətimizin bəhrəsini gördük. Əlbəttə ki, indi Konfrans Liqasındakı ilk oyunumuzu düşünürük. Çətin rəqiblə qarşılaşacağımız püşkatmadan öncə də bəlli idi. Avrokuboklara vəsiqə qazanan komandaların hamısı öz ölkələrinin ən güclüləridir. Yəni, istənilən halda heç bir rəqibi asan adlandırmaq düzgün olmaz. Amma fikrimcə, mümkün rəqiblər arasından ən çətin variantla üzləşdik”.

Elvinin fikrincə, istənilən halda, narazılıq etməyə dəyməz: "Meydana çıxıb ən yaxşı şəkildə mübarizə aparmalıyıq. Bacardığımız qədər irəliləmək, əlimizdən gələni etmək istəyirik ki, həm "Sabah" adına, həm də öz adımıza uğur qazanaq. Ötən mövsüm "Partizan"ı keçə bilməmişdik. Onda da şanslarımız çox idi, sadəcə, yararlana bilməmişdik. Bu ilsə çalışacağıq ki, əlimizdən gələnin ən yaxşısını edək, yarıda dayanmayaq. Ötən mövsümə nisbətən bu il daha da irəliləmək istəyirik. İnanıram ki, "Makkabi" ilə oyunlarda yaxşı nəticə qazanaraq azarkeşlərimizi, bizə inananları sevindirəcəyik".

İsraildəki müharibə şəraiti səbəbindən "Sabah" "Makkabi" ilə ilk görüşünü - səfər oyununu Macarıstanda keçirməli olacaq. Camalov bu məsələyə də toxunaraq deyib ki, azarkeş baxımından istər-istəməz onlar üçün üstünlük yaradır: "Amma futbol meydanda oynanılır. Biz də meydanda sözümüzü demək istəyirik. Oyunu başqa ölkədə keçirməyimiz azarkeş baxımından matça təsir göstərəcək. Evdə oynamaq bizə necə müsbət təsir edirsə, onlara da o cür təsir edir. Rəqibin ev oyununu öz meydanında keçirməməyi bizim üçün avantaj sayıla bilər. Yenə də "Makkabi" güclü rəqibdi, real yanaşaq. Lakin əlimizi yanımıza salaq ki, rəqib güclüdü və ya uduzaq, deyək ki, güclü rəqibə qarşı oynamışıq, bunlar düzgün fikirlər deyil. Komandamızın da özünə uyğun oyun əmsalı var. Buna özünüz də şahid olmusunuz".

Millimizin üzvü "Sabah"ın "Makkabi"dən çəkinməyəcəyini deyib: "Əlbəttə ki, heç bir komandadan çəkinməməliyik. Komandanın daxilindəyəm, kapitanıyam. Bilirəm ki, futbolçularımız nəyə qadirdi. "Neftçi" ilə matçdakı kimi ürəkdən, can qoyaraq oynayanda, meydanın hər bir qarışı üçün mübarizə aparanda hesabın heç bir önəmi olmur"."Sabah" yaxşı oyun oynaya bilən və istədiyi nəticəni qazanmağa qadir olan komandadır. Məncə, "Neftçi" ilə son matçdakı kimi, yaxud bundan da yaxşı oynasaq, rəqib üçün də bizimlə qarşılaşmaq asan olmayacaq. Düşünürəm ki, səfərdə sərfəli nəticə əldə etsək, evdə hər şey daha yaxşı olacaq".

Xatırladaq ki, Konfrans Liqasında II turun matçları iyulun 25-də və avqustun 1-də oynanılacaq. "Sabah" ilk görüşü səfərdə keçirəcək.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC