Mədətovla uşaq futboluna səyahət: "Özümdə o potensialı görürəm ki..."

“Qəbələ” Futbol Akademiyasında uzun illər uğurla işləmiş məşqçi Ülfət Mədətov son mövsüm yeni klubda çalışdı. Bu, “Turan Tovuz”du ki, U-17 komandasının baş məşqçi postu təcrübəli mütəxəssisə tapşırıldı. 51 yaşlı Mədətov Presssport.az-a müsahibəsində həm yeni klubunda ilk ilini dəyərləndirdi, uşaq futboluyla bağlı fikirlərini, gələcək məşqçi karyerasından gözləntilərini bölüşdü.

 - Başa çatmaqda olan mövsümü necə dəyərləndirərdiniz? Yeni klub, yeni komanda, yeni ab-hava…

  • - Komandanı yeni götürəndə istədiyim oyun sistemini bir az “otuzdura” bilmirdim. Nəticədə startda zəif çıxış etdik. İlk 10 turda çətin rəqiblər düşdü və xallar itirdik. Amma sonradan hər şey yoluna düşdü, komanda oyununu düzəltdi, tam istədiyim vəziyyətə çatdı. Bunun sayəsində liderlərin hər birindən xal ala bildik. Bunlar “Neftçi”, "Sabah", "Qarabağ"dı. Hər biriylə görüşlərdə qələbəmiz, heç-heçəmiz oldu. Son 1 matçımız qalıb - iyunun 24-də. Hazırda turnir cədvəlində 7-ci pillədəyik və qalib gəlsək, mövsümü 6-cı sırada bitirmək şansımız var.
  • - Akademiya komandasına yaradılan şərait sizi nə dərəcədə qane edir?
  • - Rəhbərlik tərəfindən yaradılan şərait, ab-hava yaxşıdı. Çətinlik ondadı ki, bölgə klubu olduğu, üstəlik, Tovuz uzun müddət I Divizionda oynadığı üçün yerli uşaqların futbola marağı azalmışdı. Əslində isə bura çox futbolçu yetişən zonadı. Hal-hazırda 2 ildi Premyer Liqada oynayır deyə yenidən futbola maraq daha çox artıb. Qıraqdan gələn futbolçular bölgə təmsilçilərinə çox meyl etmir, əsasən şəhər komandalarına üz tutur. Ancaq son vaxtlar gedişat onu göstərir ki, bir çox klublardan, misal üçün “Neftçi”dən şəxsən özümə zəng ediblər. Artıq Tovuza gəlmək istəyən futbolçular da var. Burda vəziyyət yaxşı olduğu üçün oyunçu sayı artır. 
  • - “Turan Tovuz”da uşaq futbolunda nəticə nə dərəcədə önəmlidi?
  • - Ümumiyyətlə, akademiya komandalarında, uşaq futbolunda başdan belə götürülür ki, nəticə o qədər önəmli deyil. Düzdü, bunu deyirik, heç kim də nəticə istəmir. Amma komandayla işləyirik və onun səviyyəsindən asılı olaraq qalib gəlirsənsə, deməli, nəticə özü gəlir. Yəni, rəhbərlik tərəfindən qarşımıza nəticə qoyulmasa da, işimizin nəticəsi olaraq qələbə qazanırsansa, istər-istəməz nəticə də olur. 
  • - Yaxın gələcək üçün “Turan Tovuz”un əsas komandasına potensiallı futbolçular görünürmü? Yəni, oynaya biləcəklər, ehtiyatda oturanlar yox…
  • - Öz komandamızdan 3-4 futbolçunun yaxın gələcək dediyimiz 3-4 il içində yuxarıya qalxmaq, əsas komandaya namizəd olmaq ehtimalı var. Bir komandadan 3-4 uşağın yuxarı qalxmağı özü bir nəticədi. Yeri gəlmişkən, oğlum Arzu mövsümə U-17-də başladı, ardından onu U-19-a və daha sonra əvəzedicilərə cəlb elədilər. Onun kimi bir neçə oyunçu var ki, yuxarı komandalara dəvət olunmaq potensialları var. Onsuz da bir komandadan çox futbolçu çıxması ehtimalı azdı. Bir şeyi də vurğulayım ki, qapıçımız Ayxan Abbaszadəni bu il əsas komandaya məşqlərə dəvət edirdilər. 
  • - Tovuzda meydança bir dənədi, hamı orda oynayır, üstəlik, qazon sintetikdi.
  • - Bəli, burda meydança bir dənə olduğuna görə məşqləri saatlara bölüblər. Düzdü, rəhbərlik yeni baza, yeni meydançalar üzərində işə artıq başlayıb. Ümumiyyətlə, “Turan Tovuz” rəhbərlyi infrastruktura böyük diqqət göstərir ki, bu da alqışlanmalıdı. Heç ilyarım deyil klubdadılar, artıq yeni nəfəs gəldiyi görünür. 1 ilə yaxındı burdayam və olduğum müddətdə oyunlara 1 gün qabaq gedirik. Qidalanma, otedə qalmaq - bunlar təmin olunur. U-17-lərdə daha çox taktika üzərində çalışmalısan ki, yarı meydançada işləyəndə görürsən o effekti vermir. Ancaq məşqçilər daim ünsiyyətdə olurlar və işimizi tənzimləyirik. Hamı o meydançada oynadığından qazon sintetikdi. Bu da çətinlik yaradır. Havalar istilənəndə işimiz xüsusilə çətinləşir. Çünki süni qazon çox istilik verir.
  • - Sizcə, məşqçi əsas nələrə diqqət yetirməlidi ki, uğur qazansın?
  • - Əsas amillərdən biri seleksiyanı düzgün etməyidi. Fərqi yoxdu bu uşaq futboludu, yoxsa böyük komandadı. Öz sisteminə uyğun futbolçular gətirməlisən. Bundan əlavə, vacib məsələlərdən bir idarəçiliyi düzgün etməkdi. Məşq proqramlarını düzgün tutmalısan, hansı vaxtda yükləmə olar, hansı vaxtda yox - buna diqqət yetirməlisən. İstənilən halda, ən başlıca yerdə seleksiya və idarəçilyi düzgün etmək durur. Əsas komandada qayda-qanun böyük rol oynayır. Hansısa bir məqsədə çatmaq istəyirsənsə, nizam-intizam, təlim-tərbiyə vacib amildi. 
  • - 20 ilə yaxındı məşqçi işləyirsiniz və bu, akademiya komandaları olub. Artıq yorucu deyil? 
  • - İlk növbədə işini sevməlisən və zəhmətkeş olmalısan. 2007-ci ildə futbolçu karyeramı başa vurdum və 2 il "Qəbələ"də seleksiyaçı məşqçi işlədim. Bundan sonra gördülər ki, yaxşı futbolçular tapıb gətirirəm, potensialımı gördülər və akademiyaya məşqçi kimi dəvət elədilər. Orda da işlədiyim 15 ilə yaxın müddətdə müxtəlif yaş qruplarında 4 dəfə Azərbaycan çempionu oldum, 2 dəfə gümüş, 1 dəfə bürünc medal qazandım. Düzdür, orda nəticə, məhz çempion olmaq məqsədi yox idi. Ancaq işimizin bəhrəsi idi ki, bu nəticələr əldə olundu. 
  • - Seleksiyaçı iti gözünün olması deməkdi ki, bu sizdə var - Yusif və Fərid Nəbiyev qardaşlarından bu yana…
  • - Məşqçiliyə ilk dəfə seleksiyaçı kimi başlamışdım və hələ onda görünürdü ki, bu potensial məndə var. “Qəbələ”yə çox istedadlı futbolçu gətirdim və onlardan hal-hazırda da Premyer Liqada oynayanlar var. Özü də tək öz bölgəmizdən yox, Azərbaycanın demək olar bütün zonalarından futbolçular cəlb edirdim. Ordakı məşqçilərlə münasibətim olduğuna görə gətirə bilirdim. Təvazökarlıqdan uzaq olmasın, ola bilər, bu talantdı ki, hansısa uşağın gələcək potensialını görmək qabiliyyəti məndə var. Gətirdiklərimdən çoxu futbol oynadı. Bir şeyi qeyd edim "Şamaxı"nın kapitanı Emin Zamanovla bağlı. Onu bir neçə dəfə “Qəbələ”yə gətirdim, sadəcə, onda bu potensialı görmürdülər. Lakin Eminin üzərində o qədər durdum ki, bu uşaq istedadlıdı, gələcək üçün potensialı var. Yekunda gördülər və aradan 2 ay keçmədi ki, o vaxt U-17-in almaniyalı baş məşqçisi Nikolay Adam onu yığmaya dəvət etdi. Yusif və Fərid Nəbiyev qardaşları “Qəblə”yə ilk dəfə apardığım uşaqlardan olub. Onları Ağstafada axtarıb görmüşdüm, arada özüm də gəlib futbol oynayırdım. Gedib baxırdım ki, harda talantlı uşaq tapa bilərəm. Nəbiyevlərin məşqlərini, oyunlarını daim gedib izləyirdim. Rayon uşaqları idi və diqqətimi çəkdilər. Murad Qayalını da Ağstafadan “Qəbələ”yə gətirdim ki, vaxtilə Premyer Liqada çıxış etdi, indi I Liqada oynayır.
  • - “Qəbələ”də son dövrədə oyunuyla diqqət çəkən Eşqin Əhmədov da sizin tapıntıdı…
  • - Bəli, onu Tovuzdan cəlb etmişdim. Bir dəfə gördüm, sonra məşqçisiylə münasibət yaratdım və gedişinə razılıq verdi. O vaxt Eşqini “Qəbələ”yə mən apardım. Onda o potensial görünürdü ki, yaxın gələcəkdə Premyer Liqada oynaya bilər. İbrahim Ramazanovla “Qəbələ”nin 2004-cü il təvəllüdlərində işləmişəm. O, Zaqatalada “Daşqın”da oynayırdı, sonradan Qəbələyə apardıq.
  • - Məşqçilik həyatınızda yeni bir səhifə aşmaq - peşəkar klublarda baş məşqçi, köməkçi məşqçi olmaq perspektivini necə dəyərləndirərsiniz?
  • - Düzdür, uşaq futbolu bir az çətindi. Çünki burda təməl qoyulur ki, daha çox işləməlisən. Özümdə gördüyüm potensial böyük futbolla bağlıdı. Məqsədli bir komandada - əvəzedici olsun, I Liqa olsun, işləmək istəyimdi. Dediyim kimi, o potensialı özümdə görürəm, sadəcə, uşaq futbolunda olduğuma görə gözdən uzaq düşmüşük. A kateqoriyasına malikəm və məşqçilikdə ən yüksək kateqoriya olan PRİ-su da inşallah, gələcəkdə almağı planlaşdırıram. 
  • - Bu müddətdə heç bir təklif olmayıb?
  • 2-3 il bundan qabaq "Sabah"ın U-17-sinə dəvət etmişdilər. Bir də o vaxtlar “Simurq"dan olmuşdu - U-19-a və əvəzedici komandaya başçılıq etmək. Sadəcə, onda “Qəbələ”də işimə yeni başlamışdım və getmədim. Sözün açığı, uşaq futbolundan birbaşa ora getməyə tərəddüdüm, çəkinmək vardı. Amma bugünkü gündə görürəm ki, qarşıya məqsəd qoyulan komandada işləyə, onu lazımınca idarə edə bilərəm. Premyer Liqada əsas komandada köməkçi məşqçi təklifini qəbul etməyə, üzərimə düşən işləri canla-başla yerinə yetirməyə hazıram. Mənə elə gəlir ki, o baş məşqçi heç vaxt narazı olmaz işimdən - istər meydanda, istər də ondan qıraqda. 
  • - “Qəbələ”yə dönmək variantı haqda düşünmüsünüz, yoxsa o kitabı artıq bağlanmış sayırsınız?
  • - Sözün açığı, orda işlədiyim müddətdə özümə qarşı münasibət çox əla olub.  Sadəcə, “Qəbələ"dən ayrılmaq ailə problemlərinə görə oldu. Məcbur idim rayonuma gəlməyə. Bugünkü gündə ordakı insanlarla münasibətim çox yaxşıdı. Bu da illərdi işimlə qazandığım hörmətə görədi və geri qayıtmağımı istəyərlər. Bu 1 ildə “Turan Tovuz”la yanaşı, ”Qəbələ"nin də bütün oyunlarını izləyirdim. Çünki nə vaxtsa məşq keçdiyim uşaqlar orda oynayırdı, neçə müddət orda çörək yemişəm. “Qəbələ”nin Premyer Liqanı tərk etməsi həqiqətən məni məyus elədi. Bundan əlavə, “Qəbələ” Azərbaycan futboluna çox potensiallı oyunçular bəxş edib. Bugünkü gündə görünür ki, digər iddialı klublarımızda da "Qəbələ"nin yetirmələri var. Özü də sıradan yox, ən yaxşılar olan futbolçulardı.
  •  
  •  

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC