Medvedev üçün həyatının 70 faizi "Qarabağ"dı: "İstəmirəm ki, karyeramı başqa klubda bitirim"

"Qarabağ"ın kapitanı Maksim Medvedev Azərbaycan Premyer Liqasının XXX turunda səfərdə "Kəpəz"i 2:1 hesabı ilə məğlib etdikləri matçdan sonra brifinq keçirib. 

Presssport.az-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, 35 yaşlı müdafiəçi ilk olaraq oyun haqda danışıb. 

- Matç ağır oldu. Çünki səfər oyunu idi. Qəbələdə hava bir az fərqlidi. Məqsədimiz burdan 3 xalla dönmək idi ki, arzumuza çatdıq. Uşaqlar canla-başla oynadılar. Heyətdə rotasiyalar var idi. Heyətimiz çox böyükdü. Hər kəsə oyun praktikasını qorumaq üçün oynamağa imkan yaradılır. Hamı eyni performansda qalmalıdı. Çünki oyunlarımız çoxdu. 3-4 gündən bir matçlarımız var. Buna görə də hamı hazır olmalıdır. Meydanda olan futbolçular hamısı yaxşı oynadı.

- Qəbələyə matç günü gəlməyinizin oyununuza təsiri oldu?

- Yox. Hətta komanda üzvləri özləri də oyun günü təyyarə ilə gəlməyə daha isti yanaşır. Çünki oyundan bir gün əvvəl və matç günü bazada oluruq. Daha sonra bir gün evdə, sonra məşq, sonra yenə oyun. Bu, çox çətin qrafikdi. Rəhbərlik və baş məşqçimiz futbolçular üçün nəyin rahat olduğunu müzakirə edir. Biz də onlara təşəkkür edirik. Çalışırıq ki, təşəkkürümüzü meydanda oyunumuzla göstərək.

- İkinci yerlə "Qarabağ" arasında 17 xal fərq var. Rəqabətsiz çempionatda oyunlara necə motivasiya olursuz?

- Rəqabətsiz demək olmaz. Sadəcə, bu il çempionata daha diqqətli yanaşırıq. Ötən mövsüm etdiyimiz səhvləri etməməyə çalışırıq. Ona görə də xal fərqi belə böyükdü. Məqsədimiz hər oyunda qələbə qazanmaqdı.

- 'Braqa" ilə qarşıdakı pley-off duueli haqda nə düşünürsən?

- O oyun barədə düşünmək tezdi. Hələ rəqibi təhlil etməmişik, heç bir məlumatımız yoxdu. Bildiyimiz odur ki, uzun bir səfər edəcəyik, təxminən 6 saatlıq yoldu. Bu gün "Braqa" haqda nəsə danışmaq tezdi. Hara getdiyimizi bilirik. Bu, Azərbaycan çempionatı, kuboku deyil. Bir neçə pillə yüksək olan oyun bizi gözləyir. Yaxşı hazırlaşacağıq, baş məşqçinin tapşırıqlarını yerinə yetirəcəyik.

- Karyeranla bağlı gələcək planların nədir?

- Müqaviləm bitənə yaxın daha dəqiq bilinəcək. Bu gün komanda ilə birlikdə məşq edirəm, burda olmaqdan ləzzət alıram. Yeni oyunçular gəlir. Həmişə bu atmosferin içində olmuşam. Həyatımın 70 faizi "Qarabağ" klubudu. Ona görə də birdən-birə karyeramı bitirmək mənim üçün çətin ola bilər. Hələ ki, məşq edirəm. Nə vaxt rəhbərlik, baş məşqçi istəməsə, mən də həmin vaxt karyeramla bağlı düşünəcəm.

- "Qarabağ"dan təklif olmasa, başqa kluba keçə bilərsən?

- 20 ildir "Qarabağ"dayam. İstəmirəm ki, karyeramı başqa klubda bitirim. İstəklərim çox deyil. Vaxtında burdan getmədim, istədim ki, "Qarabağ"da qalım. "Qarabağ"a görə mən Maksim Medvedev olmuşam. Burda 14 kubok qazanmışam. Bu klubla olan əlaqəm heç yerdə olmayacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC