"Kəpəz"in kapitanı sensasiya edə bilmədikərinə görə çox məyusdu: "Qorxduq, harasa tələsirdik..."
“Kəpəz” qış fasiləsindən sonra ardıcıl 2-ci matçını da evdə keçirdi. Bu dəfə Qəbələdə qəbul etdiyi rəqib lider “Qarabağ” idi. Gəncəlilər autsayder olmasına baxmayaraq, çox güclü rəqiblə görüşdə meydanı xalla tərk etməyə yaxın da idi, layiq də. Amma son saniyələrdə penaltidən buraxdığı qol nominal meydan sahiblərinin 1:2 hesablı məğlubiyyətini rəsmiləşdirdi. “Kəpəz”i kapitan kimi meydana çıxaran belaruslu mərkəz müdafiəçisi Yeqor Xvalko matçdan sonra Presssport.az-ın Qəbələyə ezam olunmuş əməkdaşının suallarını cavablandırıb.
- Axsaya-axsaya gəzirsən. Nəsə ciddi zədədi?
- - Yox. Dizimdə bir az problem vardı, iynə vurdurmuşam.
- - Lider autsayderə qarşı oynayırdı. Amma çox gərgin, maraqlı matç alındı…
- - Yaxşı oyun idi, xoşumuza gəldi. Təxminən belə oyunu gözləyirdik. O mənada ki, "Qarabağ" topa daha çox sahib olacaqdı. Prinsipcə, biz də imkan daxilində top özümüzdə olanda ona nəzarət etməklə, rəqib qapısına hansısa həmlələrlə oyunumuzu göstərməyə çalışırdıq. Düzdür, obyektiv danışsaq, qol vəziyyətimiz yəqin ki, yox idi. Hərçənd, “Qarabağ”ın da çox şansının olduğunu deyə bilmərik. Fikrimcə, stadionda olan azsaylı insanların da bəyəndiyi bir oyun alındı.
- - Hesabı açdınız, sensasiya edə bilərdiniz. Nə mane oldu qələbə hesabınızı qorumağa?
- - Bəli, edə bilərdik sensasiyanı. Fikrimcə, oyunu uğurla sonadək başa çatdırmalı idik. Prinsipcə, yaxşı müdafiə olunurduq, cərimə meydanımız ətrafında sıx oynayırdıq. Amma iki səhv etdik və bizi cəzalandırdılar. Hamı bilir "Qarabağ"ın futbolçularının ustalıq səviyyəsini.
- Onlara yarım şans bəs edir ki, qol vursunlar.
- - Üstəlik, ikinci hissədə “Qarabağ”ın əsas futbolçuları meydana çıxdı və sizə ikiqat çətin oldu….
- - Deməzdim ki, ikiqat-üçqat çətin oldu Bu, əhəmiyyət daşımır. “Qarabağ”ın heyətində meydana çıxanlar son 10 ilin çempionlarıdı - bir mövsüm istisna təşkil edib. Hər il avrokuboklarda çıxış edirlər. Düşünmürəm ki, onlarda hansısa güclü planda fərqlənən əsas futbolçu var. Aydındı ki, heyətin özəyi - 6-7 futbolçu var ki, daim oynayır. Qalanları isə daim dəyişir.
- - "Qarabağ" hesabı bərabərləşdirəndən sonra 10 nəfərlə matçı başa vurmalı oldu. Çünki futbolçusu zədələndi, əvəzləmə limit də qalmamışdı. Amma hiss olunmadı ki, rəqib azlıqdadı….
- - Tam razıyam. Meydanda say üstünlüyümüzün olmasına dərhal önəm vermədim. Sonra baxdım ki, mərkəzlə topu nəzarət etmək bizdə asan alınırdı. Başladım meydandakı futbolçuları saymağa, gördüm ki, bizdə bir nəfər çoxdu. Buna baxmayaraq, hətta bu heç-heçədən qorxduq ki, matçı 1:1-lə başa çatdıra bilərik. Harasa tələsirdik, topu nəzarət altına alıb müdafiədən hücuma səliqəli şəkildə çıxa bilərdik. Amma bunun əvəzində uzun ötürmələr edərək topu itirirdik.
- - Son saniyərdə penalti edən müdafiəçiniz Ehtiram Şahverdiyevə hirsliniz?
- - Qətiyyən! Axı, bu, futboldu, onu 11 nəfər oynayır. Oyunda hər kəs səhv edir. Sadəcə, bu dəfə bu, Ehtiramın başına gəldi. O, arxasındakı rəqibi görmürdü. Bəli, sürüşmə fəndi etdi ki, nəticədə “Qarabağ”ın hücumçusunu yıxdı. Hər futbolçunun xətası olur. Ona qalsa, keçən matçda ayağımın altından qol vurdular. Komandamızda səhvə görə heç kim kimsə söymür, hirslənmir, incimir. Sadəcə, səhvdən nəticə çıxarırıq, məşqçilər korpusumuz xətalarımızı göstərir və bunları düzəltməyə çalışırıq. Fikrimcə, bunun olduğu görünür. Xüsusilə yeni baş məşqçi gələndən sonra. Hesab edirəm ki, onun rəhbərliyi altında olan müddətdə yaxşı futbol nümayiş etdiririk.
- - “Kəpəz” üçün belə acı statistika var ki, 22 ildi “Qarabağ”a qalib gələ bilmir. Bunu bilirdin?
- - Yox. Əlbəttə ki, bu, uzun müddətdi. Onu nəzərə alaq ki, "Kəpəz" həmin zaman kəsiyində bir neçə il I Divizionda çıxış edib, indi 2-ci ildi Premyer Liqadadı. Heyətimiz daim dəyişir. Baxın, keçən mövsümdən məncə, 5 futbolçumuz qalıb. Və təbii ki, keçən mövsümdən məşqçilər korpusumuz da dəyişib. İndi mövsümün gedişində daha bir yeni korpus gəlib. Bunlar elə də asan deyil ki, tez bir zamanda hər şey düzəlsin. Hər bir futbol klubunda belə tez-tez dəyişiklik olanda, bu, hiss olunur. 22 ilə gəlincə, "Qarabağ" “qrand”dı, özünüz də görürsünüz ki, komanda 10 ildi dalbadal qrupa yüksəlir, indi də pley-offa çıxıb. Onlarla oynamaq çətindi. Heyətində milli futbolçuları çoxdu - Azərbaycan, Monteneqro yığmalarının futbolçuları var. Demək olar hər oyunçusu milli üzvüdü.
- - Həmin 22 illik həsrətə son qoymağa, tarix yazmağa çox yaxın idiniz. Buna görə çoxmu məyussunuz?
- - Bəli. Əsas da o planda ki, bu matça neçə gündü yaxşı hazırlaşırdıq. Komanda qış təlim-məşq toplanışından yeni çıxıb. Onu da nəzərə alaq ki, keçən mövsüm də III dövrədə "Qarabağ"la belə gərgin mübarizəli matç keçirdik, 1:1 oynadıq. Düzdür, bu mövsüm 1:7 məğlubiyətimiz də oldu. Borcu qaytarmalı idik - “Qarabağ”a yox, özümüz-özümüzə, öz azarkeşlərimizə. Yaxşı oyun göstərməli idik. Sadəcə, nəticə qazanmağımız alınmadı.
- - Hakimlikdən razı qaldın? Baş hakimin göstərdiyi sarı vərəqə səni cəzalı durma saldı…
- - Prinsipicə, kriminal heç bir şey, narazılıq yox idi. Normal hakim idi. Bu oyunda xüsusi bir planda diqqət çəkmirdi. Prinsipcə, bütün qərarları əsaslı idi. Vərəqələri danışığa, sərt, hardasa kobud oyuna görə idi. Cəzalı olmağıma görə əlbəttə, üzülürəm. Amma bir şeyi də nəzərə alaq ki, 3 “sarı”yla vərəqə limtini aşmaq üzrə olduğum vəziyyətdə 7-8 matçdı oynayırdım. Bu da əlavə təzyiq yaradırdı. İstənilən halda, nə vaxtda 4-cünü alacaqdım.
- - Ardıcl 4 evdə oynamaq, amma bu dəfə Qəbələdə təbi örtükdə. Necə dəyərləndirərdin?
- - Belə qrafik çox yaxşıdı. Bunlar ev matçları sayılır. Sadəcə, burda özümüzü evdəki kimi hiss etmirik. Çnüki neytral meydanda oynayırıq. Özünüz də görürsünüz ki, “Turan Tovuz”la "Qarabağ"ı azarkeşləri stadiona bizimkilərdən daha çox gəlmişdi. Amma gələn azarkeşlərimizə minnətdarıq. Sağ olsunlar, bizi tək qoymurlar. Sintetikdə yox, təbii örtükdə oynamağımız daha yaxşıdı. Sadəcə, Tovuzda oynamaq bir az rahatdı. Çünki ora Gəncədən məsafə az olduğundan tez çatırsan. Əlbəttə ki, Qəbələdəki stadion, meydançanın qazonu qat-qat yaxşıdı.