"Futbol baxımından heç kim deyə bilməz ki, "Neftçi" bu gün bizdən üstün idi" - Baxşıyev

"Qəbələ" Azərbaycan Premyer Liqasının 20-ci turunda səfərdə "Neftçi"yə 1:3 hesabı ilə məğlub olub.

Presssport.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransına matç haqda fikirlərini bildirməklə başlayıb.

- Dinamik oyuna şahidlik etdik. Komandamın göstərdiyi əzmkarlıqdan razı qaldım. Əlbəttə, nəticə yoxdu. Biz də başa düşürük ki, futbolda ən önəmli şey nəticədi. Son oyunlarda futbolçulardan istədiyimizi alırıq. Amma nəticə baxımından komanda istədiyinə çatmır. Daha çox çalışmaq lazımdı.

- Sizcə, nəticələr niyə istədiyiniz kimi deyil?

- Səbəb çoxdu. Burda səbəbləri saysam, vaxt çox gedər. Səhvlərimizi görürük. Hər oyunda qapında penalti görəcəksənsə, qırmızı vərəqə alacaqsansa, şansın daha da az olacaq. Bunları azaltsaq, oyun planında daha da inkişaf edərik.

- Penalti və qırmızı vərəqə epizodu barədə fikirləriniz necədi?

- Səhvlər edirik ki, qapımıza penalti olur. Verdiyimiz səhv qərarlardan sonra rəqib bizi cəzalandırır.

- Qapıçınız Kristof Atanqana topu birinci dəfədə götürməyə çətinlik çəkir. Sizcə, əvəzedici heyətdən gənc qapıçı Həbib Hüşənovu komandaya cəlb etmək olmaz?

- Bu məğlubiyyəti Atanqanaya bağlamazdım. Həbib gənc futbolçudu, talantı var. Amma indiki durumda Premyer Liqada oynayacaq səviyyədə deyil. İnkişaf dönəmini keçməlidi. Öz yaşıdları ilə oynamaq ayrıdı, belə peşəkar səviyyədə oynamaq ayrı. 

- "Qəbələ" üzü aşağı gedir. Nə etmək lazımdı ki, səhvlər dayansın və komanda müsbət istiqamət alsın?

- Futbolda nəyisə sözlə həll etmək olmur. Daha çox güc sərf etməlisən, əzmkarlıq göstərməlisən ki, istədiyin nəticələri əldə edəsən. Futbolçularım təslim olmayıblar. Hesaba baxırsızsa, "Neftçi" qalib gəldi. Amma futbol baxımından heç kim deyə bilməz ki, "Neftçi" bu gün bizdən üstün idi. Sadəcə, səhvlər edirik. Uğurlu olmaq üçün daha məsuliyyətli olacağıq.

- Azarkeşlərin qınağı, aqressiyası hiss olunur. Bunu necə qarşılayırsınız?

- Normaldı. Azarkeşlərin iradını qəbul edirik. Sonuncu yerdə gedən komandadan azarkeş razı ola bilməz. Çox rahat təslim olmayacağıq.

- Səbuhi Səfiyarlı klubun idman direktoru təyin olundu. Bu təyinatla bağlı fikirləriniz necədi?

- Səbuhinin reklama ehtiyacı yoxdu. Bu klubda olub, öz səhəsi üzrə Azərbaycan futbolunda tanınmış insandı. O da komandaya öz gücünü verəcək.

- “Transfer pəncərəsi”nin bağlanmasına 9 gün qalıb. Səfiyarlıdan müdafiəçi transferi istəyəcəksiniz?

- Transfer xatirinə transfer olmasını istəmirəm. Sərəncamımda olan futbolçular var. Heç kim Oçiqavaya, Afrikoya zəif futbolçu deyə bilməz. Ümid edirik ki, komanda toparlanıb nöqsanları aradan qaldıracaq və daha uğurlu olacaq. 

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC