“Qarabağ”ın yarımmüdafiəçisi Abdulla Zubir müsahibə verib.
Presssport.az fransalı futbolçunun müsahibəsini diqqətinizə çatdırır:
– Avstriyadakı təlim-məşq toplanışı necə keçir?
– Hər şey yaxşıdır. Təlim-məşq toplanışımız istədiyimiz kimi davam edir və gərgin şəkildə hazırlıq keçirik. Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində keçirəcəyimiz matça hazır olacağıq.
– Çempionlar Liqasının ilk təsnifat mərhələsində potensial rəqibləriniz bəllidir. Maltanın “Hamrun” və Cəbəllütariq “Linkoln” klublarından biri Ağdam təmsilçisi ilə qarşılaşacaq. Bu komandalar haqqında nə düşünürsən?
– Çempionlar Liqasının təsnifat mərhələləri çox çətin keçir. Adını çəkdiyiniz komandalar da müxtəlif oyun sistemləri ilə çətindir. Amma bizim üçün kimə qarşı oynayacağımız vacib deyil. Burada tam hazırlaşmalı və yaxşı çıxış etməliyik. Heç nə asan olmayacaq. Çünki rəqiblər öz ölkələrinin çempionlarıdır.
– Yoldaşlıq görüşlərində Almaniyanın “Kayzerslauten” klubuna 1:3 uduzsanız da, sonradan “Viktoriya”ya (Plzen) 2:1 hesabı ilə qalib gəldiniz. Bu matçları necə şərh edərsən?
– İki müxtəlif oyun oldu. “Viktoriya”ya qarşı matç fərqli və çətin idi. Hansı ki, bu rəqibə qarşı 2 il öncə Çempionlar Liqasında oynamışdıq. Çalışdıq ki, bu cür rəqibə qarşı öz oyunumuzu göstərək. Təsnifat mərhələsinə hazırlıq üçün çox yaxşı hazırlıq oyunu idi.
– “Qarabağ”la yeni müqavilə imzaladın…
– Bəli, bu, məni xoşbəxt etdi. “Qarabağ”la yola davam edəcəyim üçün sevincliyəm.
– Amma Ağdam klubu ilə yeni müqaviləyə qədər adın müxtəlif klublarla hallandı. Hansı təkliflər var idi və sonda niyə “Qarabağ”ı seçdin?
– Əlbəttə, iki təklifim var idi. Bunların biri Fransadan, digəri isə Səudiyyə Ərəbistanından idi. Ətrafımdakılarla təklifləri analiz etdik və sonda “Qarabağ”da qalmağa qərar verdim. Dediyim kimi, bu klubun bir hissəsi olmaqdan xoşbəxtəm.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC