"Hədəfimiz dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq olacaq" - millimizin yeni baş məşqçisi

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi Sahib Məmmədov AFFA-nın saytına açıqlamasında təyinatı ilə bağlı təəssüratlarını bölüşüb.

Presssport.az xəbər verir ki, mütəxəssis əvvəlcə özü barədə məlumat verib: “2008-14-cü illər aralığında çimərlik futbolu üzrə milli komandamızın formasını geyinmişəm. Ardından 2 il Türkiyədə çıxış etdikdən sonra 2016-cı ildən bu ilə qədər Litvada yaşamışam. 2018-ci ildə futbolçu karyeramı başa vurmuşam, 2019-cu ildən bu ilin mayınadək isə Litva millisində baş məşqçi kimi çalışmışam. Ötən il Avropanın B Divizionunun qalibi olduq və Litva yığması tarixində ilk dəfə A Divizionuna yüksəldi”.

Məmmədov Vətənə qayıtdığı üçün xoşbəxt olduğunu gizlətməyib: “Rəhbərlik mənə güvənib dəvət etdi. Buna görə onlara təşəkkürümü bildirirəm. Doğma Vətənimdə çalışacağım üçün çox xoşbəxtəm. Türkiyə və Litvada kifayət qədər təcrübə toplamışam. Azərbaycan millisinin uğurlu çıxışı üçün əlimdən gələni edəcəm”.

Baş məşqçi paytaxtımızda çimərlik futbolunun inkişafı üçün hər cür şəraitin olduğunu sözlərinə əlavə edib: “Bakıda çox gözəl çimərlik futbolu meydançası var. Su İdmanı Sarayında yaradılan şərait dünyanın heç yerində yoxdu. Hava durumu da burda hazırlıq keçməyə imkan verir. Təkcə yayda yox, qışda da məşq etmək mümkündü. Çimərlik futbolunun inkişafı üçün ölkə çempionatı keçirilsə, çox yaxşı olar. Belədə milliyə seçim imkanı da geniş olar. Bundan əlavə, beynəlxalq turnirlərə qatılmaq futbolçuların təcrübəsini artırar. Nə qədər çox oyun olsa, inkişaf bir o qədər sürətli gedər”.

Məmmədov milli ilə bağlı gələcək planlarını və hədəflərini də açıqlayıb: “Avqustun 1-də məşqlərə başlayacağıq. 12 oyunçuya dəvət göndərmişəm. Onların hamısının kifayət qədər təcrübəsi var. Bu heyətlə 2 il davam etmək olar. Ancaq məqsədim 1 il ərzində ən azı 5-6 gənc oyunçu yetişdirib milliyə cəlb etməkdi. Oktyabrda İspaniyada dünya çempionatının seçmə mərhələsi keçiriləcək. Hədəfimiz dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq olacaq. Çimərlik futbolu üzrə millimiz indiyə qədər heç vaxt mundialda iştirak etməyib. İki ildən bir seçmə mərhələ keçirilir. Vaxtımız az olsa da, bu tarixi yazmaq üçün əlimizdən gələni edəcəyik. Gələn il isə Avropanın B Divizionunda mübarizə aparacağıq. B Divizionunun çempionu kimi A Divizionuna qayıtmaq istəyirik”.

Xatırladaq ki, adəçəkiləb müqavilə müddəti 1 il nəzərdə tutulub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC