“Oyundan əvvəl bu cür hesablı qələbəni gözləmirdik. Amma matçın gedişatında, xüsusilə birinci qoldan sonra görünürdü ki, daha çox qol vura bilərik. Fasilədə də danışdıq, dayanmadıq. İkinci hissəyə də hücumla başladıq”.
Bu fikirləri Pressssport.az-a açıqlamasında “Zirə”nin futbolçusu Ceyhun Nuriyev Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda “DAC 1904”ü 4:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
Onun fikrincə, rəqibdə yetərincə boşluqlar vardı və bunu oyunun gedişatında da gördüklərindən belə inamlı qələbəni mümkün sayıblar: "Oyundan əvvəl analiz etmişdik, analiz etdiyimiz kimi də çıxdı. Yəni boşluqları bilirdik, ona görə də rəqibi ordan vurduq. İlk turun 50 faizini həll etmişik. İşin qalan 50 faizi hələ Slovakiyadadı. Ehtiyatlı yanaşırıq. Çünki bu futboldu, hər şey ola bilər. Qətiyyən arxayınlaşmaq olmaz”.
Nuriyev bu qələbənin hansısa bir oyunçunun yox, bütün komandanın qələbəsi olduğunu vurğulayıb: “Ona görə ki, vurulan qollarda hücum oyunçuların demək olar hamısı iştirak etdi. Kimsə qol ötürməsi verdi, kimsə qol vurdu. Müdafiəçimiz Qismət Alıyev də qol ötürməsi verdi. Hücumların quruluşunda bütün komanda iştirak etdi. Müdafiədə də çox inamlı idik. Buna görə də bu, bütün komandanın qələbəsidi”.
23 yaşlı yarımmüdafiəçi “Şerif”ə məğlubiyyətdən sonra toparlanmağın çətin olduğunu gizlətməyib: “Etməli olduğumuz ən vacib şey o idi. Çünki psixoloji cəhətdən çox çətin idi. Cavab matçında penalti seriyasına qalıb, axırıncı penalti zərbəsindən məğlub olmaq və sonra toparlanmaq çətin bir şeydi. Amma şükür Allaha ki, bunu bacardıq. Ən vacib məqam bu idi”.
Ceyhun deyib ki, 4:0 hesabı komandasının hücum futbolu oynaya bilməsinin sübutudu: “Keçən mövsüm yadıma gəlir ki, bir ara “qara zolağa” düşmüşdük, qol vura bilmirdik. O vaxtlarda belə çox yaxşı hücumlar edirdik, qol epizodlarımız çox idi. Şanssızlıq olurdu sadəcə. Şükür ki, slovaklarla oyunda o şanssızlıq olmadı”.
Gənc futbolçu “Zirə”nin qırmızı vərəqə “problemi”nə də toxunub: “Şerif”lə oyunda olan hadisə hamımıza dərs oldu, təkcə Salifu Sumaya yox. O mənada ki, hirslərimizi, emosiyalarımızı cilovlamalı və sadəcə futbol oynamalıyıq. Bu, üzərində xüsusilə işləniləcək bir məsələ deyil. Bu, bir səhvdir. Salifu özü də bilir. Hamı bu cür məqamlardan dərs çıxarır. Bunun üzərində xüsusilə işləmək lazım deyil. Sadəcə, daha çox futbola konsentrasiya olmalıyıq. Bu gün bütün fikrimiz oyunda olduğu üçün belə bir hal baş vermədi”.
Nuriyev azarkeşlərin “Şerif”lə oyunda müqayisədə daha az olduğuna belə münasibət bildirib: “Yəqin, 2-ci oyun olduğuna görədir. Bəlkə də, məğlubiyyətdən sonra bəzi azarkeşlər üz döndəriblər. Ola da bilər ki, yarısı Sumqayıta gedib. Çünki bu gün ölkəmizdə 2 klubumuz oynayırdı. Bu səbəbdən “Sumqayıt”ın matçına getdiyini düşünsək, normal haldı”.
Ceyhun “Zirə”nin qrupa düşməyə potensialı olduğunu hesab edir: “Hədəf tamamilə Konfrans Liqasının qrupudu. Avrokuboklara sadəcə, oyun oynamaq üçün gəlməmişik, hədəfimiz konkret olaraq qruplardı”.
Millimizin üzvü sabiq klubu “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda böyükhesablı qələbəsini (3:0) də şərh edib: “Açığı, “Sabah”ın belə qələbəsini gözləmirdim. Çünki “Makkabi”ni çox güclü komanda olaraq tanıyıram. "Sabah"ı təbrik edirəm”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC