Qurban Qurbanov transfer etmək istədiyi mövqeləri və futbolçu sayını açıqladı: "Heç kimi göndərmək fikrimiz yoxdu"

"Qarabağ" Çempionlar Liqası II təsnifat mərhələsinin cavab matçı çərçivəsində Bakıda "Linkoln"u qəbul edəcək.

Presssport.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan öncə təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq, ilk olaraq sabahkı matç haqda fikirlərini bölüşüb.

- Bakıda İlk oyunumuzu oynayacağıq - doğma Bakımızda, doğma stadionumuzda. Pis hazırlaşmadıq. Rəqibi daha yaxından tanıdıq. Bu komanda çox bacarıqlı müdafiə olunur. İlk matça baxıb, analiz etmişik. Baxımlı oyun oynamağa çalışacağıq. Bilirik ki, qalib gəlsək, Konfrans Liqasının qrupunu təmin edəcəyik. Çox ciddi hazırlaşırıq. Futbolçularımın ümumi hazırlığı pis deyil. Azarkeşlər üçün baxımlı matç olacaq.

- Bu gün sizi ən çox narahat edən nədir? Sırf "Linkoln"la oyuna görə yox, ümumi…

- Hansısa narahatlığa ehtiyac yoxdur. Kollektivdaxili olan bəzi nüanslar var. İlboyu onlarla rastlaşırıq. Çalışırıq ki, kiçik vaxtda onları həll edək. 15-16 ildir ki, burdayam. Kollektivdaxili hər şeyi həll etmişik. Hansısa problem görmürəm. Həmişə çalışmışıq ki, əlimizdə olan şansdan maksimum istifadə edək, hər şey qaydasında olsun. Bizim üçün problem olan həmişə rəqib olub. Rəqib düşündüyümüzdən əlavə edirsə, bu, bizim üçün problem olub. Başqa ciddi problem görmürəm.

- Zədə ilə bağlı problem yoxdur?

- Xeyr. Musa Qurbanlı əməliyyat olunub. Başqa hamı sağlamdır.

- Premyer Liqa başlayır. Bu mövsüm 50-dən çox oyun olacaq. Əlinizdəki heyət bu hədəflərə çatmaq üçün yetərlidir?Deyilsə, neçə oyunçunun transferi daha yaxşı olar?

- Nə olursa-olsun, əlimizdəki heyətlə bunlara hazır olmalıyıq. Problemi çözmək istəyiriksə, bunu etməliyik. Məşqçi kimi istəyərəm ki, heyətə minimum 2 oyunçu əlavə edilsin. Çünki bunun zədəsi, cəzası var. Bizim üçün hər oyun vacibdi. Hər “cəbhə”də ən yuxarı nəticə üçün mübarizə aparırıq. İşlər gedir. Orta xəttə oyunçu istəyirəm. Hücuma da minimum 1 futbolçu düşünürük. Daha yaxşı variant olarsa, mövqeyindən asılı olmayaraq, həmin oyunçunu transfer edərik.

- Nadir hallarda "Qarabağ"ın oyunundan, toplanışından narazılıq edirsiz. Bu dəfə isə razılıq edirsiz. Bunu heyəti qoruyub-saxlamağınızla əlaqələndirmək olar?

- Həmişə istəmişik ki, heyətimizi qoruyub-saxlayaq. Bu il vaxtımız oldu, daha rahat hazırlaşdıq. İkinci təsnifat mərhələsindən turnirə qoşulduq. Ona görə də komandada, futbolçularda psixoloji rahatlıq oldu. Gərginlik bir o qədər olmadı. Futbolçuların istirahətə daha çox vaxtları oldu. Ona görə də hazırlıq proqramına Bakıda başladıq. Onlar üçün də daha rahat oldu. Hamısı öz ailəsinin yanında idi. Fiziki hazırlığı həmişə yaxşılaşdırmaq olar, amma psixoloji hazırlıq çətindir. Məni də həmişə narahat edən budur. Futbolçu beyni yorğun olduqda, daha tez yorulur. Bu il bir az hazırlıq fərqli oldu. Futbolçular da daha rahat, sərbəst idilər. Ola bilər ki, buna görə öz razılığımı bildirmişəm. Gördüyümü, hiss etdiyimi demişəm.

- Avrokuboklardakı digər klublarımız haqda fikriniz necədir?

- Müsbət.Hər birinə uğurlar arzulayıram. Hər birinə təşəkkür edirəm ki, yaxşı hazırlıq keçiblər. Sadəcə, "Sumqayıt" uduzdu. Bu da məlum səbəblərdən. Hesabda öndə olarkən, qırmızı vərəqə aldılar. Cavab matçında inanıram ki, Samir Abasov komandanı toparlayacaq və yaxşı nəticə üçün oynayacaqlar. İnamım böyükdür. "Zirə" və "Sabah" yaxşı oyunla qalib gəldilər. Bu da klubun məşqçilərinə, rəhbərliyə, futbolçulara da əlavə stimul verir. Ümidlərimiz böyükdür, dualarımız onlarladır. Hər bir qələbə Azərbaycan futbolunun tanınması, reytinqin yüksəlməsi deməkdir. Hər birindən uğurlar nəticə gözləyirik. Öz fikirlərim isə öz komandamdadır. Qalibiyyətlərin sayının çox olmasını istəyirik.

- Şahruddin Məhəmmədəliyevin hazırkı durumu necədir? Onun qayıdışı futbolçularda inamı artırıb?

- Çox vacib mövqedir. Bəzən görürsən ki, çox komandaların şikayət etdiyi mövqe olur. Deməzdim ki, Şahruddinin tam hazırdır. Amma o, hamının tanıdığı oyunçudur. Hamının Şahruddinə qarşı münasibəti yaxşıdır. Adaptasiya üçün vaxta ehtiyac yoxdur.

- Redon Cicanın "Ankaragücü"nə gedişi gözlənilir. Doğrudur?

- Bizdə belə məlumat yoxdur. Hansısa futbolçunu göndərmək fikrimiz yoxdur.

- "Ludoqorets"- "Dinamo"(Minsk) oyununa baxmısız? Nəzərə alaq ki, bizim cütün güclüsə də onun güclüsünə rəqib olacaq, məğlubu da

- Bəli, məhz bu amilə görə baxmışam. Ümumi məlumat götürmüşəm özüm üçün. 

- Qeyri-adi bir şey görmürəm. Biz də hansısa futbolçuya baxanda onun təcrübəsinə, çempion olub-olmamasına, qruplarda oynayıb-oynamamasına baxırıq. Ya da bəzən oyunçunun heç avrokuboklarda oynamamasına baxırıq ki, istəkli, ac olsun. Fərqli fikirlər söyləmək olar. "Ferentsvaroş"la aşağı-yuxarı eyni səviyyəli komandayıq. Onların da Avropanın hansısa tanınmış klubundan oyunçu götürməyə pulları yoxdur. Maddiyyat tərəfdən bizi üstələyirlər. Normal gedişatlardır. Biz də bəzi klublardan oyunçular götürmüşük. Məsələn, Çumbinyo, Miçel, filan. Hər şey maddiyata bağldıır.

- Ötən mövsüm Elvin Cəfərquliyev avrokuboklarda qırmızı vərəqə almışdı. "Zirə" və "Sumqayıt"da da eyni hal yaşandı. Belə halların minimuma endirilməsi üçün hansı addımlar atılmalıdır?

- Son vaxtlar çox komanda olub ki, kart cəzasına görə uğuru əldən verib. Görünən odur ki, futbolçularla bu barədə daha çox danışılmalıdır. Qaydalar onlara çatdırılmalıdır. Futbolçunu oyuna daha düzgün motivasiya etmək lazımdır. Hər bir tələb futbolçunun üzərinə düşür ki, özünü meydanda düzgün idarə etsin. Nə qədər məsləhət versək də, onu yerinə yetirən futbolçu özüdür. Hamısı məsuliyyətli olmalıdır. Şans bəzən bir dəfə olur. Ondan da maksimum istifadə etmək lazımdır ki, heç olmasa sayda üstələməsin. Oyunda üstələsə, sayda da üstələsə, rəqib üçün böyük üstünlük olur. Son vaxtlarda ən vacib elementlərdən biridir və bunun üzərində çox dayanılmalıdır. Hakimlərin fikirləri fərqlidir. Nizamnamə var. Elə hakim var ki, ona uyğun gedirlər. Bəziləri isə düşünür ki, bu mübarizə oyunudur, bəzən qırmızını vermək də olar, sarı da göstərmək olar. Çox dərinə getmirlər.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC