Paris-2024: Bu gün 6 idmançımız və 1 komandamız mübarizəyə başlayır

Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında 4-cü gündü.

Presssport.az xəbər verir ki, Azərbaycanın 6 idmançısı  və 1 milli komandası mübarizəyə qoşulacaq.

Akademik avarçəkmə (fərdi)

Bu idman növündə Azərbaycan təmsilçisi edən Diana Dımçenko 1/4 finalda qüvvəsini sınayacaq. O, isveçrəli Yanzen Aurelia-Maksima Katalinaya, yeni zelandiyalı Tviqq Emmaya, ispaniyalı Dias Rivas Vircinaya, serbiyalı Arsik Covanaya və Filippinli Delqaso Joaniyə qarşı mübarizə aparacaq.

Avarçəkmə yarışları saat 11:30-da start götürəcək.

Cüdo

Bu gün 81 kq çəki dərəcəsində cüdoçumuz Zelim Tçkayev tatamiyə çıxacaq. Onun rəqibi hələlik məlum deyil. İlk mərhələdən azad olan Tçkayev mübarizəyə 1/8 finaldan qoşulacaq. Cüdo yarışlarına saat 12:00-da start veriləcək.

Üzgüçülük

Ramil Vəlizadə 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə təsnifat mərhələsində mübarizə aparacaq.

Üzgüçülük yarışları saat 13:00-da başlayacaq.

Boks

Nicat Hüseynovun (51 kq) 1/16 finaldakı rəqibi Dominikan boksçusu, Pan Amerika Oyunlarının qalibi, Mərkəzi Amerika və Karib Oyunlarının gümüş mükafatçısı Junior Alkantara Reyesdi.

Döyüşün saat 17:30-da başlaması nəzərdə tutulub.

Murad Allahverdiyev (80 kq) də mübarizəyə 1/16 finaldan qoşulacaq. O, bu mərhələdə misirli idmançı, Afrika Oyunlarının qızıl və gümüş mükafatçısı, Afrika çempionatında gümüş, Aralıq dənizi oyunlarında qızıl medal qazanan Abdelrahman Abdelcavvadla qarşılaşacaq.

Döyüşün saat 18:34-də başlaması planlaşdırılıb.

Kamandan oxatma

Azərbaycanın kamandan oxatanı Yaylagül Ramazanova 1/32 finalda çinli An Qixuanla görüşəcək. Artıq Paris-2024-də komanda yarışlarında gümüş medala sahib çıxan Qixuan həmçinin Asiya Oyunlarında da komanda yarışları üzrə gümüş medal qazanıb.

Görüşün saat 20:11-də başlaması nəzərdə tutulur.

3x3 basketbol

Nəhayət, günün sonunda Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi yarışa qoşulacaq. Təmsilçimiz ilk mərhələdə İspaniya yığması ilə görüşəcək. Rəqib 1 dəfə Avropa çempionatının qalibi olub, 2 dəfə gümüş medal qazanıb, həmçinin Avropa Oyunlarında 2 dəfə bürünc medala yiyələnib.

Matç saat 23:00-da başlayacaq.

Onu da bildirək ki, bu gün Azərbaycan idmançısı Diana Dımçenkonun da mübarizə aparacağı triatlon üzrə yarışların keçirilməsi də planlaşdırılırdı. Lakin yarış sabaha təxirə salınıb. Buna səbəb Sena çayında suyun keyfiyyətinin aşağı olmasıdı. Ancaq Beynəlxalq Triatlon Federasiyası idmançıların sağlamlıqlarının onlar üçün prioritet olduğunu əsas gətirərək yarışın sabah baş tutacağına zəmanət verməyib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC